Müştərimizi daha yaxından tanımaq bizə nə üçün lazımdır? Marketinq prosesinin ilk mərhələsi olan hədəf auditoriyasının seqmentasiyasında biz müştərini mümkün qədər yaxşı tanımalıyıq. Bu seqmetasiya ilə biz ideal müştəri personası yarada bilərik. Bu ideal müştəri bizdən ən çox mal alan sadiq və loyal müştərimizdir. Kiçik mağazalar öz müştərisini adları ilə tanıya bilsə də, minlərlə, milyonlarla müştəri olan brendlər müştəri seqmentlərini necə yarada bilirlər? Bu işdə bizim köməyimizə AIO metodu gəlir. “AIO metodu nədən ibarətdir?” sualına cavab almaq üçün yazıya davam edin.

aio seqmentasiya

AIO metodu ingilis dilindəki 3 sözün baş hərflərindən götürülüb:

Activities – Fəaliyyət

İnsanlar daima fəaliyyətdədir – tənbəl adamlar belə ya yatır, ya da divanda oturub televizora baxır. Çimərlikdə dincəlmək də, şəhərdə gəzmək də bir fəaliyyətdir. Potensial auditoriyanı tanımağa çalışarkən onların hansı fəaliyyətlərlə məşğul olduğunu müəyyən edin: hansı idmana gedir, hansı filmləri izləyir, həftə sonu istirahətini necə keçirir və s. İnsanın hansı fəaliyyətlə məşğul olması onun şəxsiyyəti haqqında bizə çox şey deyə bilər – məsələn gündəlik idmanla məşğul olanlar çox vaxt məqsədyönlü və əziyyətdən qorxmayan insanlar olur.

Interest – Maraqlar

Müştərinizin nəyə marağı var? Yeməyə, texnoloji yeniliklərə, moda yoxsa əyləncəyə? Müştərinin nəyə maraq göstərdiyini bilərək biz, onun diqqətini çəkəcək reklam mesajları hazırlaya bilərik. Məsələn texnoloji yeniliklərlə maraq göstərən gənc nəslə məhsul satmaq istəyiriksə, reklam mesajımızda ən son elmi nailiyyətlərdən istifadə etməyimiz daha effektiv olar. Və əksinə muğama qulaq asmağı xoşlayan yaşlı nəsl üçün muğam ustadının çıxışı daha çox maraqlı olacaqdır.

Opinion – Rəy

Opinion sözünü əslində təkçə rəy olaraq ifadə etmək düzgün deyil – bu kateqoriyaya insanların düşüncələrini, fikir və mülahizələrini, müəyyən məsələlərə baxışını, mühakimələri aiddir. İnsanların rəyi, düşüncəsi onların hərəkətlərini və hayatını şərtləndirir. Hansı malı alacağı barədə qərarlarına da təsir edir. Məsələn, insanlar təbiətin qeydinə qalırsa, onlar üçün ekoloji mövzular əhəmiyyətlidirsə, həmin insanlar təbiətə ziyan vuran malları heç vaxt almazlar. Dini inanclar, milli mentalitet, sosial və mədəni normalar da bu qəbildəndir.

aio maraqlar

AIO metodunu tədbiq etməklə siz potensial müştəriniz haqqında ətraflı məlumat toplaya biləcəksiz. Bu məlumat sizə müştərinin psixoqrafik portretini çəkməyə və müştəri seqmentlərini müəyyən etməyə imkan verəcəkdir. Müştəri seqmentləri arasında sizə daha çox uyğun olanları seçib marketinq strategiyasının formalaşdırılması mərhələsinə keçə bilərsiz. AİO metodu nəticəsində müştəriləriniz haqqında əldə etdiyiniz informasiya marketinq prosesinin bütün mərhələlərində sizə lazım olacaq. Kreativ ideyanı hazırlayarkən, reklam mesajını yazarkən, mağazanızı dizayn edərkən, qiyməti müəyyən edərkən belə müştərinizin fəaliyyət tərzini, maraq və rəyini nəzərə almalısınız. AIO metodu ilə əldə etdiyiniz məlumat masanızın üzərindən əksik etmədiyiniz qırmızı kitabınız olacaqdır.