ABC analiz metodu biznesin effektivliyini ölçmək üçün istifadə olunan ən populyar metodlardan biridir. Bu analizin necə və nə üçün edildiyini bloq yazısından öyrənəcəksiz.

Bir pərakəndə mağaza sahibisiniz. Mebel mağazanız var və burda 10 çeşid məhsul satılır. Hər bir məhsulun mağazada gəlirindəki payı cədvəldəki kimidir:

ABC analiz cədvəl

Gəlirdə vahid payı hər bir məhsulun ümumi dövriyyədəki payını göstərir. Gəlirdə məcmu payı sütununa diqqət edin – burda hər növbəti məhsulun əvvəlki məhsullar ilə birgə dövriyədəki payıdır.

İndi isə gələk ABC analiz metoduna. Bu metodun məqsədi hansı məhsulların şirkət üçün daha vacib olduğunu müəyyən edərək ümumi işin effektivliyi artırmaqdır. Pareto qanuna görə məhsulların 20% dövriyyənin 80% verir. ABC analiz bizə daha dəqiq analiz imkanı verir – məhsulları 3 yerə bölməklə biz ən zəif potensiala sahib olanları da görə biləcəyik. Aşağıdakı cədvələ nəzər yetirək:

ABC-analiz-kateqoriyalar

Cədvəldən gördüyümüz kimi Divan, Mətbəx mebeli və Yataq məhsulları toplamda 73,70% dövriyəni təşkil edir. Bu 3 məhsul A kateqoriyasına aid olunacaq. Növbəti 3 məhsul B kateqroiyası, son 4 məhsul isə C kateroqiyasına daxil ediləcək. Bəs bu qruplara ayırma bizə nə cür fayda qazandıra bilər?

ABC analiz nə üçün lazımdır?

ABC analiz nəticəsində məhsulları qruplara ayırmaqla qərarvermə və idarəetmə prosesini optimallaşdırmaq mümkündür. Misal üçün qiymətqoyma. A kateqoriya mallarda qiymətlər daha elastik olmalıdır – bu məhsullarda gəlir marjasını daha aşağı tutmaqla rəqabətqabiliyyətimizi artıra bilərik. C kateqoriyasında isə daha yüksək gəlir marjası qoymaq mümkündür. Digər bir misal – logistika. A kateqoriya malların anbar stoku daha çox olmalıdır, C kateqoriyası isə stok-out da olsa qorxusu azdır – hətta bu mallar üçün sifariş ilə çatdırma modelinə keçmək mümkündür. B kateqoriyası isə qızıl ortadır – marketerin vəzifəsi bu məhsullardan mümkün liderləri ortaya çıxartmaqdır. C kateqoriyasına aid isə marketer potensialı olmayan məhsulları assortimentdən çıxartmaq, yenilərə şans qazandırmaqdır.

ABC analiz satış ilə yanaşı mənfəət baxımından da istifadə oluna bilər. Ola bilsin ki, satışı yüksək olan bir məhsul satış həcmi az olan məhsuldan daha az mənfəət gətirsin. Bu analizi tətbiq etməklə satış həcmi ilə mənfəət arasında korrelasiyanı müqayisə etmək olar. Nəticədə hansı məhsulların inək, it, ulduz və sual olduğunu müəyyən edə bilərsiz.