Pul qanunu nədir? Pul qanunlarını bilmək nə üçün lazımdır və sahibkara faydası nədir? Bu bloq yazısında ilk dəfə marketinqin maliyyə yönü ilə tanış olacağıq. Sizə də maraqlı olacağına əminəm.
Pul qanunu dedikdə nə nəzərdə tutulur? Qanun termin olaraq davranış və münasibətləri tənzimləyən hüquq normalarını əhatə edir. Pula aid edildikdə qanunlar nəyi tənzimləyir? Təbii ki, pul ilə rəftar etməyin qayda və prinsiplərini. Necə? 3 əsas pul qanunu şəklində:
Birinci pul qanunu: Pulu qazanmağı bacarmaq lazımdır.
Marketinqin başlıca vəzifələrindən biri şirkətə gəlir qazandırmaqdır. Satışdan da əsas fərqi burdadır: satış pul gətirir, marketinq isə gəlir. Bütün marketinq səylərimizin əsas məqsədi əlavə (brend) dəyəri yaratmaqla daha çox satmaq, daha çox müştəriyə satmaq, daha uzun müddət ərzində satmaqdır. Brend dəyəri yüksək olan şirkət istədiyi (bazar qiymətindən) yüksək qiymətə öz malını sata bilir. Brend dəyəri yüksək olan brendə müştəri daha loyal olduğu üçün uzunmüddətli perespektivdə həmin brend bazar payı qazanıb qoruya bilir, rəqibləri zəifləyir və brend qazancını maksimallaşdırmağa nail olur. Bütün bunların nəticəsində də şirkətin mənfəət marjası artır. Ən gözəl və nümunəvi misal smartfon bazarıdır: Apple şirkətinin bazar payı 20% keçməsə də, bütün smartfon istehsalçılarının mənfəətinin təxminən 95% məhz onun cibinə girir.
İkinci pul qanunu: Pulu qorumağı bacarmaq lazımdır.
Pulu qazanmaqla iş bitmir. Pulu qorumaq, başqa sözlə desək effektiv xərcləmək lazımdır. Marketinqə xərclənən pulun nə qədər effektiv olduğunu hardan bilə bilərik? Əlbəttə ki, xərclədiyimiz pulun bizə nə qədər qazandıracağına baxmaqla. Satışa yönəlmiş kampaniyalarda ROİ (xərclənən pulun qazanc faizi) əmsalını hesablamaq elə də çətin deyil. Bunun üçün reklam kampaniyası etmədiyi halda qazancı ilə reklam edib satışları artırdıqdan sonra qazanca baxıb, fərqi reklam xərcləri ilə müqayisə etmək lazımdır. Bəs brend tanınmasına yönəlmiş reklam xərclərinin nə qədər effektiv olduğunu necə yoxlamaq olar? Bunun üçün reklam kampaniyası başlayandan öncə brend tanınması və brendə qarşı loyallıq ilə bağlı araşdırma edib ilkin rəqəmləri müəyyən etmək lazımdır. Reklam kampaniyası bitəndən bir müddət sönra isə təkrar eyni araşdırma keçirib faizlərin nə qədər dəyişdiyini öyrənin. Xərclənən büdcəni artan tanınma faizləri ilə tutaşdırıb bençmarkinq edin. Adam başı göstəriciləriniz sahə standartlarından yuxarıdırsa ziyandasız – deməli reklam kampaniyasını nəzərdə tutulan qədər tutdura bilmədiniz.
Marketinq büdcəsinin qədrini bilən marketer xərclədiyi hər qəpiyin ROİ-sini bilməlidir. Hər bir reklam kanalına, hər bir reklam daşıyıcı və ya vasitəçiyə xərclənən pulun nə qədər effektiv olduğunu bilməklə həm büdcəni, həm də marketinq səylərini optimallaşdıra bilərsiz. Tutalım, internetdə 1.000 adama reklam göstərmək qiyməti TV ilə müqayisədə azdır. Və ya onlayn alış-veriş saytına YouTube-dan gələn müştərillər daha çox alış-veriş edir. Düzgün analiz nəticəsində marketer TV reklam büdcəsindəki payını azaldacaq, sosial medialar arasında isə YouTube-a daha çox diqqət ayıracaqdır. Marketinq büdcəsini bu cür effektiv xərcləməklə daha yaxşı nəticələrə nail olmaq, qənaət olunan pula da yeni reklam alətlərini də sınaqdan keçirmək mümkündür.
Üçüncü pul qanunu: Pulu artırmağı bacarmaq lazımdır.
Üçüncü qanun sizdə ilk başda sual yarada bilər. Marketinq harda pulu artırmaq hara? Amma pulu artırmağa investisiya, yatırım kimi baxsaq marketinqin nə qədər strateji rola sahib olduğunu görə bilərik. Beləki, yatırım etmədən öncə pul yatırılacaq biznes sahəsi araşdırılmalıdır. Marketinq araşdırma nəticəsində bazarın həcmini, oyunçuları, bazarın inkişaf perespektivini, mənfəət marjalarını müəyyən edib yatırım edib etməməyə qərar verə bilərik. Həmçinin, brend ilə bağlı olan bütün marketinq və reklam fəaliyyətləri də bu pul qanununa tabedir. Misal üçün, loqo dizaynı, brend sloqanı, imic kampaniyası, KSM layihələri, PR fəaliyyəti kimi. Bütün bu fəaliyyətlər brend dəyərini artırır. Sahibkar bir gün şirkətini və brendini satmaq qərarına gəlsə, brend dəyəri şirkətin satış qiymətinə birbaşa təsir göstərəcək.
Həqiqi marketinq budur. Hər bir marketoloq, marketer, marketinq müdiri də şirkətin menecmenti və sahibkar ilə bu dildə danışmağı bacarmalıdır. Məhz bu bacarığından şirkətdəki uğurları və gələcəyi asılı olacaqdır.