Biznesdə 20 risk bloq yazımda hər bir biznesin qarşılaşa biləcəyi risklər barədə yazmaq istədim. Düzdür, biznes başdan aşağı riskdir. Amma bu riskləri üzdən tanımaqla, nəyə qadir olduğunu bilməklə mənfi təsirindən qorunmaq mümkündür. Necə? Gəlin bir yerdə baxaq.

Risk sözünü biznesmenlər iki mənada işlədir:

1. Müsbət mənada: uğur qazanmaq şansı olan risklər;

2. Mənfi mənada: bir mənalı olaraq ziyan verən risklər.

Mənfi mənada risk işinizə maneə, məqsədə çatmamaq ehtimalı deməkdir. Müsbət mənada isə risk uğur qazanmaq ehtimalı olsa da, itirmək şansı da olan fəaliyyətlər nəzərdə tutulur. Bu mənada risk biznəsdə uğur qazanmağın yollardan biri kimi çıxış edir. Bu cür riskli addım atan şəxslərin risk menecement, yəni riskləri əvvəlcədən analiz etmə bacarığı formalaşır. Riski analiz etmək ziyan-qazanc mütənasibliyinin optimallaşdırılması deəkdir. Yaxşı menecer çox riskli, yəni qazanc ehtimalı az, ziyanı çox olan işlərə baş qoşmur, həmin mümkün ziyanları neytrallaşdırandan sonra riskə əl atır. Misal üçün yeni zavod açılması: bazarın düzgün marketinq analizini bizə bazar həcmi və mümkün bazar payı barədə məlumat verəcək. Bu da öz növbəsində zavodun istehsal həcmini planlamağa imkan verəcək. Bunsuz ya həddən artıq kiçik həcmdə, ya da əksinə çox nəhəng istehsal müəssisəsi qurub hər iki halda uduza bilərik.

Biznesdə 20 risk hansılardır?

1. Rəqabət riski

Yeni açılan şirkətlərin əsas bağlanma səbəbi rəqabətə tab gətirə bilməməsidir. Uzun müddətli rəqabət üstünüyü əldə etmədən biznesi ayaqda saxlamaq çox çətindir. Rəqiblər hər fürsətdə sizi qabaqlamağa çalışacaq, məqsədinizə çatmağa mane olacaqlar. Rəqabətin iki nömrəli qanununu hansıdır?

Sən satmasan, rəqibin satacaq”.

Rəqabət riskinin ziyanlı təsirini azaltmaq üçün rəqibi davamlı izləmək, növbəti addımlarını öncədən təxmin etmək lazımdır. Üstünlük əldə etməyinə imkan vermədən güclü marketinq fəaliyyətlərini neytrallaşdırmaq vacibdir. Misal üçün, rəqib geniş miqyaslı reklam kampaniyasına başlayanda mağaza içi merçandayzinqə fikir verib rəf payını artırmaq, satışa yönəlmiş kampaniya keçirmək mümkündür. Bir qeyd də edək ki, rəqib deyəndə təkçə birbaşa deyil, malınıza alternativ təklif edən şirkətlər də rəqib kateqoriyasına aiddir.

ATL və BTL Məhəmməd Əli

2. İqtisadi risk

Hər bir biznes ölkə və qlobal iqtisadiyyatının bir parçasıdır. İqtisadiyyatda baş verən hər bir dəyişiklik biznesə təsir edə bilər: iqtisadi inkişaf dövründə biznes çiçəklənir, tənəzzül vaxtında isə vəziyyəti çətinləşir.

Birbaşa şirkətdən asılı olmasa beıə iqtisadi risklərə qarşı hazırlaşmaq lazımdır. Böhrandan çıxış vaxtı gücü toplayıb hücuma hazırlaşmaqla rəqiblərdən qabağa düşmək olar. Böhrana girəndə isə xərcləri optimallaşdırıb, marketinqin effektivliyini artırmaqla müştəri ilə ünsiyyəti saxlayıb satışları stabilləşdirmək olar.

3. Əməliyyat riski

Şirkətdə hər gün yüzlərlə, minlərlə əməliyyat baş verir: logistikada, maliyyədə, marketinqdə, ümumi şöbədə və s. Əməliyyatlar proseslərdən yaranır, prosesləri hazırlayıb icra edən isə insanlardır. 2018-ci ilin fevral ayında İngiltərədə əksər KFC restoranları bir neçə günlük işləyə bilmədi. Səbəbi logistika problemləri idi.

Bu cür riskləri təxmin etmək mümkündür. Hər bir şirkətin belə hal üçün B Planı olmalıdır. Ətin içində qurd çıxdı və bu xəbər sosial mediada yayıldı? Şirkət dərhal üzr istəməli və bu halın dəqiqliyi ilə araşdırılmasına nail olmalıdır. Günah özündə olmasa belə, məsuliyyəti tam üzərinə götürməli və hər bir yenilik barədə ictimaiyyəti özü məlumatlandırmalıdır. Ancaq bu üsulla müsbət imic sayəsində uğur qazanmaq mümkündür.

risk

4.  Qanunvericilik riskləri

Dövlətin qanunverici təsiri də mümkün risklərə aiddir. Biznesin fəaliyyətini tənzimləyən qanunlar dəyişsə, yeni qadağalar və məhdudiyyətlər ziyan da olmasa, qazancın bir hissəsindən məhrum edə bilər. Bu cür risklərə qarşı hazır olmaq mümkündür. Məsələ çox ciddi problem yaransa ictimai rəyi öz lehimizə çevirib, höküməti qanunları dəyişdirməyə məcbur etmək mümkündür.

5. Hüquqi risk

Elə də ola bilər ki, şirkət qanunu pozar, ya da müştəri (digər maraqlı tərəf) biznesi məhkəməyə verə bilər. Səbəbindən asılı olaraq şirkət müvafiq əks tədbirlər görməlidir. Ən əsası bu vəziyyətlərlə məlumat boşluğu yaratmaq olmaz. Həmin boşluğu siz doldurmasanız, yalan xəbərlər dolduracaq. Qanun pozuntusu hər bir halda pisdir, əsas odur ki, bu cür vəziyyətdən minimum ziyanla qurtarasan.

6. Strategiya ilə bağlı risklər

Biznes strategiya, marketinq strateji planı hər zaman qüsursuz olmur. Strateji olaraq hər bir şirkət səhv edə bilər. Ya da strategiya icra olunarkən biznes mühit dəyişə bilər. Məsələn, Donald Tramp New Yorka yaxın olan Atlantik city-də qumarxana biznesi açmaq istəyirdi. Strategiyası müəyyən mənada düzgün idi, çünki məkan olaraq düzgün seçim etmişdi. Amma təyyarə biletlərinin kəskin ucuzlaşması öz sözünü dedi: qumarbazlar Las-Vegasa uçmağı daha cəlb edici hesab etdilər.

20 biznes riski trump

Strategiya ilə bağlı risklərə hazır olmaq üçün əlinizi bazarın nəbzində saxlayın. Baş verən, baş verəcək hər bir vacib yeniliyi biznesinizin nəzərindən dəyərləndirin. Nokianın etdiyi səhvi etməyin.

7. Reputasiya riski

Biznesdə baş verən hər bir problem birbaşa şirkətin, brendin reputasiyasına vurur. Problem olmasa belə, uğurların olmaması da mənfi imicə səbəb ola bilər. Biznes müştərinin etibarı üzərində qurulub – bu etibardan məhrum olmaq, müştəridə şirkətə qarşı inamsızlığın yaranmasına yol vermək olmaz. Pul itirmək reputasiya itirməkdən daha az ziyanlıdır.

Reputasiya riskini azaltmağın yeganə yolu güclü imicə sahib olmaqdır. İnsanlar sizi nə qədər çox sevsə, sizə nə qədər çox etibar etsələr xırda səhvlərinizi bağışlamağa, əleyhinizdə deyilənləri ciddiyə almamağa meyilli olacaqlar. Odur ki, imicinizi möhkəm tutun.

8. Proqram təminatı riski

Şirkətin işlətdikləri müxtəlif proqram təminatlar var: satış, anbar, kadrlar, müştəri əlaqələri və s. Bu proqram təminatları mükəmməl deyil – bir gün nəsə xəta baş verə bilər. Belə hallara qarşı heç kim sığortalı deyil, Proqram təminatı ilə bağlı hər hansı bir problem baş versə, dərhal müdaxilə edib problemi həll etmək lazımdır.

9. Layihə icrası ilə bağlı risk

Şirkətin həyata keçirdiyi layihələr uğurlu da ola bilər, uğursuz da.Çalışmaq lazımdır ki, uğuruz layihələrin şirkətin öz imicini ləkələməsin, işçilərin motivasiyasını salmasın. İnanın, Google-un belə bir çox uğursuz layihəsi var – sadəcə Google edin görəcəksiz.

10. İnnovasiyalar ilə bağlı risk

İnnovasiyanın ikinci adı riskdir. Hr yenilik şirkətdə bir mənalı qarşılanmayacaq – “Yaxşı işləyənə əl vurmaq olmaz” prinsipi belə sizə qarşı işləyəcəkdir. Xüsusən, malın yenilənməsi kimi hallarda həm şirkət daxili risklər var (satış heyəti qəbul etməyəcək), həm də müştərilərin yeniliyi necə qarşılayacağı sual altındadır.

İnnovasiyalar ilə bağlı risklərə qarşı nə etmək olar? Yüz ölçüb, bir biçmək.

11. Ölkədə baş verən sosial-mədəni hadisələr

Ölkədə baş verən sosial-mədəni proseslər, hadisələr biznesə öz müsbət və ya mənfi təsirini göstərə bilər. Həmkarlar ittifaqlarının tətilləri, teror hadisələri, kral ailəsində övlad dünyaya gəlməsi – hər bir hadisə biznesin inkişafı üçün fürsət, ya da biznesə maneə yarada bilər. Bu cür hadisələri düzgün idarə etmək, cəmiyyətin mövqeyinə uyğun müvafiq tədbirlər görmək lazımdır.

risk occupy wall street

12. Keyfiyyət ilə bağlı risklər

Hər biznesin bir keyfiyyət standartı var. Müştrilər sizin malı, xidməti aldığı keyfiyyət səviyyəsindən daha aşağı halda görsə, heç şübhəsiz onda brendə qarşı mənfi fikir formalaşacaq. Avtomobil brendlərini xatırlayın: sonradan aşkar olunan bir defekt həmin model avtomobillərinin hamısının geri çağırmasına səbəb olur. Söhbət insan həyatına gedən riskdən getməsə belə, hər bir biznes pul itirməyi üz itirməyə tərcih etməlidir.

13. Kredit riskləri

Biznes inkişaf etmək və fəaliyyətini idarə etmək üçün kreditlərə ehtiyac hiss edə bilər. Bu kreditlər üzrə ödənişlərin edilməsində, kreditin geri qaytarılmasında şirkət müəyyən problemlər yaşaya bilər. Müflis elan etməkdən qabaq kreditorlar ilə müəyyən razılığa gəlmək, müəyyən əmlakları satıb vəziyyəti stabilləşdirmək, sərt qanət siyasətinə keçmək mümkündür.

14. Məzənnə riskləri

Xarici bazarlar ilə işləyən şirkətlərin xarici valyutaya ehtiyacı olur. Son devalvasiyalar zamanı gördük ki, dövlətin tənzimləmə orqanları ən sərt tədbirlərə belə əl ata bilər. Dollarsız qalan idxalçılar, xaricdən mal alıb ölkəyə gətirə bilmədi. Bir çoxları işçiləri ixtisara salmalı oldu. Məzənnə riskdən tam olaraq qorunmaq mümkün deyil. Maliyyəçilərin işi bu riski mümkün qədər neytrallaşdırmaqdır.

15. Bank faizi riski

Kredit riski ilə müəyyən dərəcədə bağlı olan bank faizi riski ölkədə pulun bahalaşması il bağlıdır. Bu cür hallarda maliyyəşmə üçün alternativ mnbələrə, ya da xarici kreditorlara üz tutmaq mümkündür.

16. Vergi riskləri

Adət üzrə dövlətin vergi siyasəti ən az dəyişikliyə məruz qalan sahəsidir. Çünki, biznesin idarə olunmasında vergi sahəsində sabitlik çox vacibdir. Kiçik biznes bu cür dəyişiklikləri daha ağrılı hiss edir. Necə deyərlər, vergi riskində deyəcək çox sözümüz yoxdur, çünki bir ölümə çarə yoxdur, bir də vergilərə.

17. İfrat böyümə riski

İnkişaf edib böyümək də şirkətə risk səbəbi ola bilər. İfrat böyümə elə fəsadlara gətirib çıxarar ki, rəhbərlik yavaşlamaq barədə qərar verə bilər. Bu cür risklərə qarşı qoymaq üçün biznes plan və marketinq plan köməyə gələcəkdir.

18. Resurs riski

Biznesin əsaslandığı resurslar onun fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edir: kadrlar, maliyyə, avadanlıq kimi. Elə çətin an olar ki, vacib vakansiyaya uyğun işçi tapa bilmərsiz. Bu halda nə etmək olar? Vəziyyətə görə alternativ həllərdən istifadə etmək.

19. Siyasi risk

Siyasi risklər belə baxanda bu 20 risk arasında ən zəifi kimi görsənir. Əslində güclü dövlətdə siyasətdə baş verən keşmkeşlər iqtisadiyyata birbaşa təsir edə bilmir. Amma, ABŞ prezidenti misalında gördük ki, bir tvit ilə şirkətlərin səhmlərini 4-5% düşürmək mümkündür.

Siysi risklərə qarşı yeganə qarşı qoyulacaq addım siyasi lobbiçilikdir.

20. Mövsümi risklər

Biznesdə mövsümlər ola bilər: Şahdağ otelinə qışda daha çox ziyarətçi gəlir. Nabrana isə yayda daha çox adam gedir. Mövsümi risklərdən qorunmaq üçün alternativ gəlir mənbəyi axtarmaq lazımdır: dondurma şirkətinin qışda dondurulmuş qida satması kimi.

Biznesdə qarşımıza çıxa bilən 20 risk barədə inanıram ki, ətraflı məlumat verə bildim. Siz siz olun, məntiqsiz risklərə getməyin. Mənfi risklərə qarşı mümkün qədər hazırlıq görün.