İnternetdə reklamın yerləşdirmə effektivliyinə 3 əsas amil təsir edir: 1) reklamın kreativliyi; 2) yerləşdirmə kanalı və üsulu; 3) açılış səhifəsi (landing page). Bu 3 amil eyni dərəcədə vacib olsa da sayt ziyarətçisi ilə ünsiyyətdə son sözü yenə də açılış səhifəsi deyir.

Açılış səhifəsi heç də hər zaman saytın ana səhifəsi demək deyil. Hətta ana səhifə olması da əksər hallarda düzgün deyil. Xüsusi bir reklam ilə sayt ziyarətçisini ana səhifəyə gətirib, ordan onun marağını oyadan informasiya tapmasını gözləmək sadəlövlükdür. Bilin və yadda saxlayın ki, internet istifadəçiləri ən tənbəl insanlardır. Onları maksimum 1 klik etməyə sövq edə bilərsiz. Bundan artığını heç yaxın adamlardan da gözləməyin.

Reklama klik edib səhifənizə keçid alan artıq sizin potensial müştərinizdir. O, öz marağını açıq şəkildə bildirib, sizin sayta, məhsullarınıza maraq göstərib. Açılış səhifəsinin başlıca məqsədi də bu marağı qoruyub saxlamaq, tələb olunan məlumatı çatdırmaq, saytın digər bölmələri üçün qapı rolunu oynamaqdır. Sayt ziyarətçisi qapını bəyənməsə içəri də girmək istəməyəcəkdir.

omnikanal satış promouşn

Açılış səhifələrinin məqsədinə görə 4 növünü fərqləndirmək mümkündür:

1. Tizer səhifəsi

Tizer səhifəsinin əsas məqsədi sayt ziyarətçisini ikinci addıma sövq edəcək qədər məlumat verməkdir. Bu cür səhifələr adətən yeni məhsullar üçün hazırlanır və insanları bir əməli etməyə çağırır: yeni məlumatlar üçün qeydiyyat keç, xəbərlərə abunə ol, öncədən sifariş et və s. Əgər reklam olunan mal və ya xidmət xüsusi bir auditoriya üçün nəzərdə tutulubsa ilkin mərhələdə filtr tədbiq edib lazımi insanları ayıra bilərsiniz.

2. Yığım səhifəsi 

Yığım səhifəsinin məqsədi ziyarətçilərdən məlumat toplamaq və sorğu aparmaqdır. Ziyarətçilərdən məlumat toplamaq üçün əvəzində kiçik bir hədiyyə də verilməsi mümkündür: e-kitab, endirim kuponu, webinara yazılma və s. Soğrular isə çətinliyinə və mövzusuna görə müxtəlif ola bilər. Yaxşı yığım səhifəsini mümkün qədər sadə olmalı, etibarlı görünüşə sahib olmalıdır.

3. Viral səhifə

Viral səhifənin əsas məqsədi ziyarətçilərin səhifədəki kontenti sosial şəbəkədə dostları ilə paylaşmasını təmin etməkdir. Bun üçün ilk öncə açılış səhifəsindəki kontent olduqça maraqlı olmalı, insanları paylaşmağa vadar etməlidir. Bunun üçün paylaşanlara əlavə stimul da verilə bilər: hər qeydiyyatdan keçən dostuna görə bonus, dostların ilk alışından faiz və s.

4. İnfo-reklam səhifəsi

İnforeklam səhifəsi digər 3 açılış səhifəsindən fərqli olaraq məlumat baxımından daha dolğun olur. Bu səhifədə reklam olunan əmtəə haqqında bütün məlumat əks olunur: nədir, nə üçün lazımdır, necə istifadə olunur, indi alsan endirimli qiymət bu olacaq kimi. İnforeklam səhifələri birbaşa satış üçün nəzərdə tutulub və əsasən böyük tanıtım kampaniyaları üçün hazırlanır.

Açılış səhifəni hazırlayandan qabaq məqsədi düzgün seçib 5 əsas şərti yerinə yetirməyə çalışın:

1. Açılış səhifədən istifadə etməkdəki məqsədinizi düzgün ifadə edin: ziyarətçidən əldə edəcəyiniz məlumat hansıdır? Email, mobil nömrə, kredit kartı?

2. Sayt ziyarətçisinin nə etməli olduğunu dəqiq göstərin: formamı doldurmalıdır? Dostunu dəvət etməlidir?

3. Ziyarətçinin alacağı faydanı dəqiq qeyd edin. “Soğan olsun, nağd olsun” ifadəsi internet məkanı üçün də aktualdır.

4. Nəticələri düzgün analiz etmək üçün öncədən tədbir görün, hər bir keçidin, izləmə kodunun işlədiyindən əmin olun.

5. Açılış səhifəsində tələb olunan əsas informasiyanın: şirkət haqqında məlumat, loqo, təklifin mahiyyəti, şərtləri, mavafiq linklərin və ən əsası əməl üçün çağrışınızın olduğundan əmin olun. Unutmayın, az da olsa şübhəli görsənən səhifədə heç kim öz məlumatını paylaşmaq istəməyəcəkdir.

Açılış səhifələri müvəqqəti kimi görsənsə də əslində cari təkminləşdirmə ilə saytın davamlı trafik mənbəyinə və uğurlu satış kanalına çevrilə bilər.