Artıq heç kimdə şübhə yaratmır ki, istənilən şirkətin əsas missiyası, amalı sahibinə gəlir gətirməsidir. Bəzilərinizə bu qəribə gələ bilər, amma həyatını sosialist quruluşunda keçirən insanlar üçün bunu qəbul etmək hələ də çox çətindir. Amma indiki zamanda şirkətin gəlir gətirməsi yetərsizdir, ən vacibi şirkətin uzunmüddət gəlir gətirə biləcək gücə sahib olmasıdır. Sahibkarlar, öz biznesini quranlar, mümkün qədər tez, mümkün qədər çox gəlir əldə etməyə çalışarkən ən əsas tələb olunanı: doğru-düzgün biznes strategiya qurmağı unudurlar.
Gəlir mənfəət demək deyil. Biznesin mənfəət gətirməsi üçün gəlir uzunmüddətli perespektivdə bu işə qoyulan investiyasını, cari xərcləri qarşılayacaq və üstələyək səviyyədə olmalıdır. Uzunmüddətli hər bir fəaliyyətdə olduğu kimi burda da özünə xas biznes strategiya qurulmalıdır.
Biznes strategiyasını anlamaq və düzgün qurmaq üçün onu, bir məqsədi paylaşan 3 əsas tərkib hissəsinə ayırmaq lazımdır:
1. Sizin biznesiniz: Hələki o sizindir, onu sizdən çox düşünən, ona sizdən çox diqqət yetirən olmayacaq.
2. Sizin müştəriniz: Pul verən ancaq və ancaq odur. Kim pul verirsə, musiqini də o sifariş verir. Nöqtə.
3. Sizin marketinqiniz: Marketinq biznesin sinir sistemidir, biznesdə baş verən hər bir prosesi, hər bir hadisəni marketinq idarə etməli, istənilən problemə ilk öncə marketinq reaksiya göstərməlidir.
Bəs biznes strategiyasının bu 3 tərkib hissəsinin vahid məqsədi nədir?
Hər bir biznes, qurucusunun məqsədindən başlayır. Hər bir biznesin məqsədi isə müştərisi üçün ortaq dəyər yaratmaqdır. Bu ortaq dəyər sayəsində insanlar müştəriyə çevrilir. Hər hansı bir şəxsin məqsədi şirkətin məqsədi ilə kəsişirsə həmin bu ortaq dəyər yaranır. Əgər Əli kişi evinə soyuducu almaq istəyirsə soyuducu satan ilə onun arasında bir bağ yaranır. Alış baş verdikdə bu bağ ortaq bir dəyərə çevrilir. Marketinq bu ortaq dəyərin yaradılması və qorunması üçün lazımdır.
Məhz buna görə də satıcı, özünü mal və ya xidmət satan tərəf kimi görməməlidir, göstərməməlidir. Onun satdığı mal müştəriyə bir dəyər, bu dəyərin istifadəsindən bir təcrübə yaşadır. Müştəri aldığı malın qiymətini, xüsusiyyətlərini hətta özünü belə unuda bilər, amma yaşadığı təcrübəni, paylaşdığı dəyəri unutması mümkün deyil.
Satacağı malı düzəldərkən, potensial müştəriyə təqdim edərkən, satandan sonra ona xidmət göstərərkən mal deyil, bu malın müştəri üçün dəyəri, yaşayacağı təcrübə mütləq və mütləq diqqət mərkəzində olmalıdır.