Marketinq idarəetmənin ən vacib funksiyasıdır hal-hazırda. İqtisadi inkişaf, elmi-texnoloji tərəqqi ilə bir çox sahə gözdən düşsə də, marketinq daha da aktuallaşıb. Marketinq anlayışı, marketinq yanaşması, marketinq planı şirkətin idarəetmə sistemində əvəzolunmaz elementdir. Marketinq kateqoriyaları ilə düşünməyən idarəçi uğur qazana bilmir. Dünyanın bir çox aparıcı şirkətində top-menecmentə məhz marketinq müdirlər qalxır. Bu tendensiyanın başlıca səbəbləri hansılardır? Marketinqi, idarəetmənin digər 4 funskiyasından üstün edən nədir? Bu sualın cavabı marketinqin “4 Maksimum” faydasında gizlidir.
“4 Maksimum” marketinq əsaslı 4 məqsəddir ki, bütün maraqlı tərəflərin, xüsusən də müştərinin maraqlarına xidmət edir. Gəlin bu fayda məqsədlərini daha yaxından tanıyaq:
1. İstehlak səviyyəsinin maksimallaşdırıması
Müştərilər gündəlik müəyyən qədər məhsul və xidmətlər istehlak edirlər. Marketinq isə çalışır ki, bu miqdar daha çox olsun. Yəni insanlar daha çox fərqli mal alsınlar, daha çox dincəlsinlər, daha çox gəzsinlər və s. İlk baxışdan bu müştərini soymaq, onun son pulunu qoparmaq kimi görsənə bilər. İfrata varmamaq şərti ilə, marketinq əslində insanları bütün mümkün imkanlar barədə məlumatlandırmaqla məşğuldur. Marketinq olmasa biz, yeni imkanlardan çox gec xəbər tutacaq, lazım olandan daha az istifadə edəcəyik. Tam anlamaq üçün inkişaf etmiş ölkələrdə istehlak səbətindəki mal və xidmət sayına baxın. ABŞ-da istehlak səbətində 175 adda, Azərbaycanda isə 32 adda mal və xidmət daxildir. Marketinq müştəriyə daha çox, daha fərqli mal satmağa çalışır.
2. Müştəri məmnuniyyətinin maksimallaşdırıması
Müştərinin məmnun olmadığı satış əqdi baş tutubsa, bu marketinqin işləmədiyinin göstəricisidir. Müştərini aldadıblar. Marketinq müştərini aldatmır, bir az şişirdir, ümid verir, ilhamlandırır, amma qətiyyən aldatmır. Marketinqin başlıca məqsədi müştərinin ehtiyacını ödəməkdir. Bu ehtiyac ödəndiyi təqdirdə müştəri məmnun, əks halda narazı olacaqdır. Üstəlik, marketinq təkrar alışlarda müştəri məmnuniyyətini maksimallaşdırmağa çalışır. Hər yeni satışla müştəri daha çox razı qalmalıdır, alış-verişdən daha çox zövq almalıdır, sizinlə dostlaşmalıdır. Eyni münasibət, eyni alış təcrübəsi müştərini zamanla bezdirəcək, o, yeni “sevgili” brend axtarışına çıxacaqdır. Müntəzəm olaraq yayımlanan Müştəri Məmnunluq İndeksinə görə aşağıdakı brendlərin müştəriləri daha çox öz brendindən razıdır:
3. Seçimin maksimallaşdırıması
Marketinq, müştərinin pulu uğrunda savaşda, onun diqqətini daha çox, daha fərqli, daha üstün mallar ilə çəkməyə çalışır. Bir maldan müxtəlif çeşiddə buraxmaq müştəri tərəfindən alınma şansını artırır. Brendlər birbaşa rəqiblər qədər alternativ, əvəzedici mallar tərəfindən də rəqabətə məruz qalır. Hər şey nə üçündür? Müştərinin daha çox, daha fərqli mal alması üçün. Müştəri daima yenilik axtarışındadır. O da var ki, daha çox seçim olanda müştəri özünü itirir, narahat olmağa başlayır. Marketinq, ilk öncə müştəriyə nəyə ehtiyacı olduğunu başa salıb, inandırıb bu ehtiyacını qarşılayacaq həllər təmin etməlidir.
4. Həyat keyfiyyətinin maksimallaşdırılması
Bir az utopik, bir az fantastik kimi səslənsə də, əslində marketinq birbaşa olaraq insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir. Kəskin rəqabət şəraitində məhsulun davamlı olaraq yaxşılaşması, yeni xassələr qazanması nəticədə müştərinin məmnuniyyətini, ehtiyacının ödənməsini və həyat standartlarının artmasına səbəb olur. Yapon unitazlarından tutmuş, təhlükəsiz və ağıllı maşınlara qədər hər bir rəqabət olan sahədə marketinq innovasiyaları təşviq edir, Müştərinin ehtiyaclarını araşdırıraq onları maksimum səviyyədə qarşılamağa, insanları həyatlarından razı salmağa çalışır.
İzah etdiyimiz bu “4 Maksimum” fayda məqsədləri marketinq sahəsinin parlaq gələcəyinə ümidlər bəsləməyə imkan verir. Gələcəyinizi marketinqdə görürsünüzsə, bu fayda məqsədlərini öz həyatınıza tədbiq etməyə başlayın!