İndiki zamanda satıcı olmaq çətindir. Təkçə ona görə yox ki, rəqabət kəskinləşib. Müasir satıcı marketer qədər marketinqi bilməli və tətbiq etməyi bacarmalıdır. Xüsusən pərakəndə sektorunda, çox fərqli və rəngbərəng müştərilərin olduğu bir yerdə satıcıdan sözün əsl mənasında fokus göstərmək tələb olunur. Satışda uğur qazanmaq üçün satıcıda hansı bacarıq olmalıdır deyə maraqlanırsınızsa yazını sona qədər oxuyun.
Bacarıq 1: Təqdimat

Hər bir marketinq, hər bir reklam, hər bir satış təqdimatdan başlayır. Satıcı həm özünü, həm brendini, həm də satdığı əmtəəni düzgün təqdim etməyi bacarmalıdır.Özünü təqdim etmək üçün satıcı, ilk növbədə özünə inanmalı, nəyə qadir olduğunu dərk etməlidir. Düzgün təqdimat effektiv, yəni satan təqdimatdır. Bu mənada satış prosesi əsl şoudur. klassik satış məkanı olan şərq bazarını düşünün: müştəri cərgələr arasını gəzir, hardasa darıxır, nəyəsə baxır, nəisə görməzdən gəlir. Satıcı üçün bazara gələn hər bir adam potensial müştəridir, çünki pulu olmayan bazara gəlməz. Düzgün çağırışla, diqqət çəkən təqdimatla satıcı hər bir kəsi öz piştaxtasına cəlb edə bilər. Potensial müştəri tora düşəndən sonra isə ikinci bacarığı işə düşür.
Bacarıq 2: Müştərini tanıma
Hər psixoloq satıcı olmaz, amma hər yaxşı satıcı psixoloq olmalıdır. İnsanları tanımaq demək, onların istəklərini, həssas və zəif olduqları məqamları ilk baxışdan oxumaqdır. Mağazaya gəlibsə alış məqsədi bəllidir. Amma satıcı ilk öncə müştərinin tipini müəyyən etməli və müştərini ələ alma strategiyasını seçməlidir. Mağazaya girən insan ovlanacağını hiss edən ceyran kimidir. Canavar heç vaxt ceyran sürüsünü görən kimi hücum etməz. Bir müddət müşahidə edər, zəif olanı seçib ona astaca yaxınlaşar, ceyranı ovlayacağını yəgin etdikdən sonra üzərinə tullanar. Ancaq müştərini tanımaqla onun etibarını qazanmaq olar. Unutmayın ki, insanlar etibar etdikləri adamlardan almağı xoşlayırlar.
Bacarıq 3: Məhsulu tanıma

Bu bacarıq o qədər vacibdir ki, ilk iki bacarıq zəif olsa belə, bu bacarıq ilə müəyyən qədər satış etmək mümkündür. Bəli, satdığın malı tanımalısan, hər bir cəhətin, üstün və zəif yanlarını bilməlisən. Hələ öz malını tanımaq azdır, rəqib malları da bir o qədər yaxşı öyrənmək lazımdır. Mağazaya gələn, məhsul ilə bağlı sizə sorğu göndərən müştəriyə cavab vermək üçün satdığınız malı beş barmağınız kimi bilməlisiz. Nəzərə alın ki, alıcı çox güman ki, almaq istədiyi mal barədə internetdən araşdırma edib mağazaya gələcək. Əlinin altında Google, sizin xırda səhvinizi belə tutmağı bacaracaqdır. Davamlı olaraq öz üzərinizdə işləyin, məhsul və olduğu kateqoriya haqqında mümkün qədər ətraflı və ən yeni məlumata sahib olun. İnsanlar biliyinə heyran olduqları satıcıdan almaqdan zövq alırlar.
Bacarıq 4: Davamlı olmaq
Satışdakı ən böyük marketinq cəhəti davamlı olmaq ehtiyacıdır. İlk dəfədən alış etmək ilk dəfədən aşiq olmaq kimidir, ancaq nağıllarda olur. Düzdür yaxşı satıcı üçün satmaq üçün reklam sayı qədər ünsiyyət tələb olunmur. İlk dəfədən heçnə almayan müştərini elə yola salmaq lazımdır ki, o, bir daha gəlmək istəsin. Hər dəfə gülərüzlə qarşılansa, nazına qarşı səbrlə davranıldığı görsə, alış etməsi və loyal müştəriyə çevrilməsi heç də çətin olmayacaq. Alış etdikdən sonra belə onunla əlaqə saxlayıb, alışdan məmnun qalması ilə maraqlanmaq, mümkün narazılığı operativ ortadan qaldırmaq satış prosesinin vacib parçasıdır.
Əsl marketeri marketoloqdan fərqləndirən cəhətlərdən biri satıcı bacarığıdır. Bəli, marketer satışı bilməlidir. Ön cəbhədə, müştəri ilə üz-üzə durub malı satmağı bacarmalıdır. Yaxşı marketer olmaq istəyirsinizsə, satışı öyrənin, satıcı olun, satın.