Sirr deyil ki, sosial media son bir neçə ildə həyatımızın vacib hissəsinə çevrilib. Sosial mediada brend ilə müştərisi arasında çox sıx və effektiv bir ünsiyyət yaranmışdır. Bu ünsiyyətin qurulması, aparılması və satışa çevrilməsi üçün brendlər sosial media strategiyası yaradıb tədbiq edirlər. Bu strategiya olmadan sosial media dənizinə “baş vurmaq” heç şübhəsiz problemlərə gətirib çıxaracaqdır.
Sosial media strategiyası nə üçün lazımdır?
Sosial media strategiyası – qarşıya qoyulan məqsəd, potensial müştəri, rəqiblər, bazar və bütün bunlarla necə baş etmək olar suallarına cavab verən rəsmi bir sənəddir. Rəsmi olması o deməkdir ki, bu strategiya uzun müddət istifadə olunmaq üçün rəhbərlik ilə razılaşdırılır və taktiki addımlar üçün əsas təşkil edir.
Sosial media strategiyası hazırlanması və tədbiqi zamanı riayyət olunacaq 10 qızıl qaydanı diqqətinizə təqdim edirik:
Qayda # 1. Məqsədləri düzgün müəyyən edin.
SM-dakı məqsədlər heç şübhəsiz ümumi marketinq məqsədlərinə müvafiq olmalıdır, bir növü onlara xidmət etməlidir. Əgər brend yenidirsə, çox gümanki onun əsas marketinq məqsədi geniş tanıtım olacaqdır. Dəb xətrinə Facebookda səhifə açmaq yaxşı hal kimi görsənə bilər, amma əgər siz buna hazır deyilsinizsə böyük ehtimalla bu addımı atacağınızdan qısa zamanda peşman olacaqsınız.Bir faktı qeyd edim ki, dünyanın 1 nömrəli brendi Apple instagram hesabını açmağa tələsmədi, tam hazırlığı bitirəndən sonra hesabını istifadəyə buraxdı. İdeyası da bilirsiz nədir? Bu hesabda ancaq iPhone ilə çəkilən seçmə şəkillər paylaşılacaq. İstifadəçi tərəfindən yaradılan kontentdən daha yaxşı reklam nə ola bilərki?
Qayda # 2. Bu işdə davamiyyət uğurun yarısıdır.
Sosial media potensial müştəri ilə bir ünsiyyət kanalıdır. Hər bir ünsiyyətdə də əsas davamiyyətdir. İki nəfər düşünün, bir müddət ünsiyyət saxladılar, biri digərinə şəkil, video filan göstərdi, hədiyyə verdi, qonaq çağırdı. Sonra birdən-birə üfüqdən itdi. Dostu ona mesaj-sual yazır cavab vermir, Facebook-da tag edir cavab ala bilmir. Belə ünsiyyətin sonu necə olacaq? Mesajına cavab ala bilməyən dostu haqqında nə fikirləşəcək? Sosial media hesabı açdınızsa, onu adınıza layiq şəkildə idarə etməyə, kontent hazırlayıb paylaşmağa və daxil olan sorğuları operativ şəkildə cavablandırmağa hazır olun.
Qayda # 3. Keyfiyyət kəmiyyətdən daha vacibdir.
Bu qayda bir mənalıdır. Çoxlu post hesabına bəlkə də ünsiyyətə cəlb olunan istifadəçi sayını və laykları artırmaq mümkün ola bilər. Amma, bu mübahisədə son sözü keyfiyyətli kontent deyəcəkdir. Keyfiyyətli kontent o deməkdir ki, siz işinizə peşəkarcasına yanaşırsız. Bu isə o deməkdir ki, sizin mal və ya xidmətiniz də yüksək keyfiyyətlidir.
Qayda # 4. Müştərini mümkün qədər yaxından tanıyın.
Müştərini yaxından tanımaq, persona olaraq fərqləndirmək bizə nə verir? Müştərini yaxından tanısaq onun istək və tələblərinə uyğun kontent hazırlamaq bizə asan olacaq. Gül mağazanın Facebook səhifəsini idarə edirsinizsə ancaq güllərdən danışa bilərsiz. Amma bu izləyiciləri qısa zamanda yoracaq – çalışmaq lazımdır ki, izləyicilərin digər maraqlarına xitab edəcək digər kontent də hazırlayın. Məsələn, gül alanlar arasında toy təşkil edənlər az deyil. Toy mövzusunu da kontent planına daxil etməyiniz faydalı olacaqdır.
Qayda # 5. Müştərinin ünsiyyət çağrışına cavab verin.
Müştəri sizə bir mesaj ünvanlayıb – açıq ya da gizli fərq etməz. Yazıb sizdən cavab gözləyirik. Mesaj təcili də ola bilər, olmaya da – fərq etməz. Sosial şəbəkələr, messencerlər insanları dərhal cavab almağa öyrəşdirib. Bu səbəbdən də gecikən reaksiya səhifə və brend haqqında mənfi fikir yaradacaqdır. Sosial şəbəkələr mesaj bölmələrini kifayət qədər təkminləşdirib – avtocavablar və botlar sayəsində. Sualın cavabını bilməsəniz də, dərhal reaksiya verib izləyicini cavabı gözləmə rejiminə keçirin. Neqativ mesajlara da düzgün reaksiya verib problemi qısa zamanda həll etməyə çalışın.
Qayda # 6. Kontentin ən az 80% izləyici üçün faydalı olmalıdır.
Kontent = faydalı məlumat. Bu qədər sadə. İstənilən postun ən az bir məqsədi olmalıdır: satmaq öz yerində, əlavə olaraq öyrətmək v əyləndirmək də lazımdır. Sosial şəbkələrdə vact keçirən insanların əsas məqsədləri bunlardır – bu məqsədlərəc avab versəniz insanlar sizi izləyəcək, kontentinizi bəyənəcək və paylaşacaqlar. Kontent hazırlayarkən də sosial medianın 7 əsas psixoloji qanununu unutmayın.
Qayda # 7. Bir az emosional olun. Bir az, çox yox.
Səhifə, brend olsanız da sosial şəbəkələrdə insani əlamətlərdən uzaq olmaq lazım deyil. Tam ciddi bir qurum olsanız belə, kontentinizdə daima yüngül zarafata yer olmalıdır. Yumor reklam mesajını gücləndirən ən güclü silahdır.
Qayda # 8. Səmimi olun, açıq olun, dürüst olun.
Sosial media və internet brend-müştəri ünsiyyətini inanılmaz dərəcədə şəffaflaşdırıb. Sosial mediada fırıldağa yer yoxdur. Günahınız varsa boynunuza alın, səhv etdinizsə üzr istəyin. İzləyiciləri qətiyyən hirsləndirmək olmaz. İlk reaksiyanız su yerinə benzin tökmək olacaqsa balaca bir qığılcım çox qısa zamanda böyük yanğına çevrilə bilər. Sadə bir üzr hirsləri saktləşdirəcək, kiçik bir bonus, hədiyyə həm şikayət edənin könlünü alacaq, bu postu izləyən yüzlərlə, minlərlə izləyicilərdə brendə qarşı xoş münasibət yaradacaqdır.
Qayda # 9. Hekayənizi 1001 gecə nağılına çevirin.
Sosial mediada hekayə ən vacib elementdir. Hər brendin, hər səhifənin bir hekayəsi olmalıdır. Hər bir post da bu əsas hekayənin bir rivayəti, bir hissəsi olmalıdır. 1001 gecə nağlında olduğu kimi, hekayənizi daima maraqlı saxlamağa çalışın – əks təqdirdə dinləyicini itirəcəksiniz.
Qayda # 10. Kontentə əmək sərf edirsinizsə, promouşna da pul sərf edin.
Facebook pulsuzdur – sadə istifadəçilər üçün də, brendlər üçün də. Facebookun qazancı reklamdandır. Bu səbəbdən də postların orqanik əhatəsini minimallaşdırır. Yəni səhifənizin 1 000 izləyicisi varsa, payladığınız postu ən çox 100-150 nəfər görəcək (bu sayı da getdikçə azalır). Hər bir post viral olmaya da bilər. İzləyiciər üçün faydalı gördüyünüz postu daha çox insana çatdırmaq üçün düzgün hədəf auditoriyası seçib reklam edin. Az büdcə ilə reklam edib postları yoxlamaq da yaxşı üsuldur – daha çox effekt qazandıran postların büdcəsini sonradan artıra bilərsiz.
Bu əsas qaydalara riayyət etsəniz düzgün strategiya hazırlayıb tədbiq edəcəyinizdən əmin ola bilərsiz. Unutmayın ki, düzgün strategiya düzgün plan üçün əsas şərtdir. Düzün plan isə uğura atılan ilk addımdır.