7 addımda marketinq uğuru

Biznes qurmusuz və uğur qazanmaq istəyirsiz? Düz edirsiz, kim uğur qazanmaq istəməzki? İlk öncə uğura aparan yolun marketinqdən keçdiyini bilməlisiz. Öz işinizdirsə, öz işinizin marketinq müdiri olacaqsız. Sizdən çox sizin işi marketinq edən olmayacaq. Müasir marketinqdə satışla marketinq arasında fərq yoxdur. Klassik marketinqdə marketinq müştərini qazanıb gətirir, satış isə ona mal satırdı. Hazırda isə marketinq müştərini ayırd etməkdən, ona mesajı çatdırmaqdan başlayıb satış vaxtı onunla münasibətə və satışdan sonrakı xidmətə qədər bütün mərhələləri əhatə edir. Bu həqiqəti dərk etdikdən sonra uğura doğru hərəkət edə bilərsiz. Və cəmi 7 addımda marketinq uğuru sizi gözləyir.

7 addımda marketinq uğuru

7 addımda marketinq uğuru:

Addım 1: Unikal satış təklifini yaradın

İnsanlar niyə sizdən almalıdır? Əmtəəniz onlara hansı faydanı verir, hansı problemlərini həll edir? Rəqiblərdən üstün cəhəti hansıdır? Müştərinin marağına səbəb olacaq xassəsi nədir? Brend sizin adınızdırsa, ünikal satış təklifi insanların sizi tanıdıqları cəhətinizdir.

Addım 2: Unikal satış təklifinizi müştəri üçün faydaya çevirin

İnsanlar malı və ya malın hansısa bir xassəsini almır. İnsanlar özlərinə fayda alır. İnsanlar Head&Shoulders yox, kəpəkdən təmiz saçlar alır. İnsanlar maşın almır – sürətdən zövq, prestij, nəqliyyat probleminə həll alırlar. Siz də öz unikal satış təklifinizi müştəri üçün faydaya çevirin. Əmin olun ki, bu fayda həqiqətən də müştəri üçün faydalıdır və lazımdır.

7 addımda marketinq uğuru

Addım 3: Faydanınızı mümkün qədər inandırıcı edin

Dürüst olmaq başqadır, inandırıcı olmaq başqa. Müştəriyə verəcəyiniz fayda həqiqi ola bilər, amma elə də inandırıcı olmasa, inandırıcı şəkildə, inandırıcı adamın dilindən çatdırılmasa sizə heç bir faydası olmayacaqdır. Onsuz da insanlar reklama az etibar edir, insanları da axmaq yerinə qoymaq lazım deyil. Reklam mesajına faydasını təsdiqlətdirəcək element qatın: “Azərbaycanlı xanımların 90% Arieldən istiffadə edir”, “Ən son araşdırmalar təsdiq edir ki,…”, “Tərkibindəki təbii maddələr sayəsində şampun…” kimi ifadələr bu işdə sizə yardım edəcəkdir.

Addım 4: Diqqət çəkməyi bacarın

İnsanlar reklama fikir vermir, onlar ancaq onları narahat edən, düşündürən, gecə yatmağa qoymayan, ehtiyac hiss etdikləri şeylərə diqqətlə yanaşırlar. Bu səbəbdən də bizim reklam müştərinin diqqətini bizim məhsula çəkməyi bacarmalıdır. İnsanlar reklam olunan məhsulu unudub reklamı xatırlayırlarsa, reklama xərclədiyiniz pulu itirmisiz. Müştərinin diqqətini çəkməyən reklama xərclədiyiniz pul havaya sovrulmuş kimidir.

Addım 5: Müştərinin marketinq prosesində iştirakına nail olun

Müştəri, beyni kimi tənbəldir. Nə qədər kreativ reklam olsa da, müştərini ondan istədiyimiz əməli etdirmək üçün aciz qala bilər. Bu səbəbdən də reklam mesajınızda mütləq və mütləq tələb olunan əmələ çağırışdan istifadə edin. Mağazaya gəl, sayta keç, indi al, emaillərə abunə ol kimi çağırışlar müştərini yumşaq kreslosundan qaldıracaq və sizin tələb etdiyiniz əməli etməyə məcbur edəcəkdir.

7 addımda marketinq uğuru

Addım 6: Mesajın düzgün anlaşıldığına əmin olun

İnsanlar bir-birinə çox bənzəsələr də, informasiyanı qavramaqda kəskin fərqlənirlər. Bu prosesə bir çox təxmin etmədiyimiz amillər təsir göstərir. Xüsusən də söhbət reklamdan gedirsə – insan beyni reklamı əhəmiyyətsiz bir informasiya qəbul etdiyi üçün onu doğru-düzgün anlamağa tənbəllik edir. Mütləq və mütləq reklam mesajınızı test edin – potensial müştərinin reklama münasibətini araşdırın. Bu mərhələdə çalışmaq lazımdır ki, mesajımız əksəriyyət tərəfindən düzgün qavranılsın – neqativ və tam əks məna çıxarılabilən mesajlardan mümkün qədər uzaq olun.

Addım 7: Hər zaman biznes və marketinq strategiyanıza sadiq qalın

İş əsnasında sizin başınızı aldadıb yolunuzdan çıxartmaq istəyəcəklər. Ay bu yaxşı ideyadır, ay bu super təklifdir, belə qiymətə sponsorluq ola bilməz – bu tip mesajlar sizi qətiyyən aldatmasın. Marketinqdə uğurun yarısı plana uyğun işləməkdir. Hər addımınızda məqsədlərinizi və niyyətinizi bir daha nəzərdən keçirin. Onlara cavab verməyən heç nəyi qəbul etməyin. Əsaslandırılmış nəsə olsa əlbəttə ki öz planınıza müvafiq dəyişikliklər edə bilərsiz.

Kiçik (orta)  biznes sahibisinizsə ilk öncə hansı addımda olduğunuzu müəyyən edin. Əgər əvvəlki addımdakı tapşırığı doğru-düzgün etməmisinizsə bir addım geri qayıdın. Biznesi marketinq relslərinə çıxartmaq heç vaxt gec deyil. Biznesdə uğur qazanmaq üçün marketer olun. Marketinqi əsas məşğuliyyətinizə çevirin. Əmin olun ki, uğur onu arzulayan marketerin sevgilisidir, onun çağırışlarına məmnuniyyətlə cavab verəcəkdir.

Qeyd: Yazıdakı məlumatın hazırlanmasında Jay Conrad Levinsounun “Guerilla Marketing: Easy and Inexpensive Strategies for Making Big Profits from Your Small Business” kitabından istifadə olunmuşdur. 

Paylaş: