2020-ci il hər baxımından dönüş ili olacaq. Xüsusən digital marketinqdə. Covid19 ilə yanaşı neft böhranının dərinləşməsi də digital transformasiya proseslərini sürətləndirəcək. İnsanların gündəlik davranış vərdişləri digitallaşdıqca bu prosesdən geri qalan brendlər rəqabətdə uduzacaq. Bir sıra mötəbər mənbələrin yazılarını dəyərləndirərək gələcəyin digital marketinqinə təsir edən 10 vacib fakt barədə yazmaq istədim. Ümid edirəm yazı sizə də faydalı olacaq.
1. Facebook dövrü geridə qaldı.
Facebook getdikcə yaşlanır. Ümumi olaraq istifadəçi sayı artsa da bu artım daha çox yaşlı auditoriya hesabına baş verir. Gənc nəsil Facebookdan uzaq durur. Bir səbəb də valideynlərinin orda olmasıdır. Əsas səbəb isə platformanın yeni trendləri adaptasiya etməkdə aciz qalmasıdır. Həmçinin, 2018-ci il Cambridge Analitika qalmaqalı da Z nəslinin Facebooka qarşı etibarını kəskin azaltdı.
Digital marketerlər sosial media planlarını qurarkən hədəf auditoriyanın hansı platformadan daha çox və necə istifadə etdiklərinə xüsusi diqqət etməlidir. Facebook say olaraq lider qalsa da gündəlik istifadədə və istifadə tezliyində artıq azalmağa davam edir. Bir müddət sonra Facebook Odnoklassnik və ya Twitterə çevriləcəkdir.
2. İnstagram TikToka uduzmağa başlayıb.
Son 2 ildə Facebookun gənc nəsil arasında geriləməsi fonunda İnstagram kəskin artım yaşadı. Həm izləyici sayı artdı (Azərbaycanda artıq Faceboku keçdi), həm də gündəlik keçirilən vaxt baxımından saatlarla ölçülməyə başladı. Amma Snapchat görən nəslə İnstagram yox, TikTok lazım idi. Facebook şirkəti İnstagramı Facebooka oxşatması İnstagrama mənfi təsir göstərdi. TikTokun rəqiblərin ən yaxşı xüsusiyyətlərini kopyalaması nəticəsində hər yaşda universal Homer alıcı personanın bəyəndiyi, izlədiyi və paylaşdığı bir sosial media platforması yarandı.
Digital marketerlər yeni planlarında mütləq şəkildə TikTok fenomenini nəzərə almalıdır. Müştəriyə əyləncə lazımdırsa, brendinizi əyləncəli etməyi bacarmalısınız. Əlbəttə ki, brend kimliyinə zərər vurmadan.
3. Sizin hələ də Çatbotunuz yoxdur?
Marketinqdə müştəri xidmətlərinin rolu artıqca müştəri ilə münasibəti effektiv idarə edəcək alətlərə ehtiyac yaranır. Çatbotun bu prosesə qatdığı 3 ən vacib dəyər var:
a) 365/7/24 fasiləsiz xidmət;
b) müştəri sorğularına ani cavab vermə;
c) günü-gündən təkminləşən xidmət səviyyəsi.
Messencerlərin yayılması çatbotlara ehtiyacı artıran ən böyük amildir. İnsanlar artıq öz problemini zənglə deyil, çatla həll etmək istəyir. Müştəriyə qarşısındakının insan deyil, bir proqram olması da fərq etmir, əsas odur ki, problemi həll olunsun. Araşdırmalar göstərir ki, bizneslərin təxminən 80%-i yaxın bir ildə özündə çatbot quraşdırmağa başlayacaq.
4. Video kontent artıq seçim deyil, məcburiyyətdir.
Kontent olaraq videodan daha üstün ancaq canlı videodur. Bu bir həqiqətdir. Şəkil və yazı ilə çox da qabağa gedə bilməyəcəksiz. Mən özüm şəxsən videodan qaçan adam olsam da bu il ərzində video bloqu da istifadə verməyi planlaşdırıram. YouTube-un körpə üçün anasını əvəz etdiyi bir dünyada yaşayırıq, siz isə hələ də video kontent lazımdırmı deyə düşünürsüz?
ImpactBND tərəfindən aparılan araşdırma göstərdi ki:
- müştərilərin 70%-i izlədiyi brendin videonu paylaşır;
- potensial alıcıların 52%-i videoya baxandan sonra məhsulu almağa qərarlı olur;
- bizneslərin 72%-i videonun satış konversiya faizlərini artırdığına inanır.
İnstagram-da gecənin korunda live videoya baxanların sayını bilirsiz? Yəgin ki, bilirsiz, çünki siz özünüz də həmin siyahıdasız. Fərqi yoxdur kimə baxırsız – köhnə nəsil influencerlər, məşhurlar olsun, ya da yağışdan sonra göbələk kimi yerdən çıxan YouTuberlərə, Video əsaslı internet platformalar “qan edir”: Netflix, Twitch, hələ TikToku demirəm.
5. Yaxşı kontent hər zaman dəbdədir.
Yaxşı kontent keyfiyyətli kontentdir. Müştərinin ehtiyacları, istək və arzuları nəzərə alınaraq, ona uyğun şəxsiləşdirilərək hazırlanan kontent onun daha çox diqqətini çəkir. Üstəlik kontentin peşəkar tərəfindən hazırlanması: bacarıqlı fotoqrafın çəkdiyi şəkil, səliqəli video montaj və maraqlı effektlər daha çox təsir edir, sizi rəqiblərdən fərqləndirir. Sizin kontentə verdiyiniz dəyəri müştəri görür, məhsula qarşı da ən az bu qədər diqqətli olduğunuza inanır.
Keyfiyyətli kontent özünü təkçə sosial mediada yox, Google axtarış nəticələrində də yaxşı biruzə verir. 2019-cu ilin noyabr ayında Google, BERT adlı alqoritm yenilənməsini istifadəyə verdi, bu yenilənmədən sonra saytdakı kontentin keyfiyyəti, saytın tez yüklənməyi və faydalı linklər daha böyük rol oynamağa başladı. Yadda saxlayın ki, keyfiyyətli kontent hər zaman aktual olacaq, ona yatırım eməyə dəyər.
6. Email marketinq daha çox şəxsiləşəcək.
İnsanlar mobilləşdikçə email marketinqin effektivliyi daha çox artır. Bu prosesə təsir edən amillərdən biri data əsaslı marketinq, digəri isə email marketinqin avtomatlaşdırılmasıdır. Dataya əsaslanan avtomatlaşdırma isə marketinqin perfomansına müsbət təsir edir. İstifadəçinin saytda daxil olduğu səhifələr, onların ardıcıllığı, səhifədə qalmaq müddəti kimi şəxsi data ən dəyərli resursa çevrilir.
Email marketinq həm də digital marketinq kanallardan gələn trafiki idarə etməkdə öz effektivliyi sübut edib. İstifadəçiləri saytınıza gətirib email marketinqə qoşmaqla siz, istifadəçinin emaili ilə retargetinq edə, reklamların konversiya əmsallarını artıra bilərsiz.
7. Kontent interaktiv olmalıdır.
Bizə təəccüblü gələ bilər, amma insanlar virtual aləmə daha dərin batdıqça, bir-biri ilə interaktiv ünsiyyətə girmək istəyir. Son vaxtlar Fortnite kimi multiplayer oyunların populyarlaşmasının əsas səbəblərindən biri də budur. Marketinqdə isə interaktiv kontent özünü 3 əsas şəkildə biruzə verir:
- Quiz və sorğular
- Virtual reallıq video və oyunları
- 360-dərəcə videoları
Müştəri brendlərin onunla söhbət etməsini, onu “adam yerinə qoymasını”, ona qarşılıqsız fayda verməsini istəyir. İnteraktiv kontent bu baxımından izləyicini daha çox əyləndirir, onun brendlə yaşadığı müştəri təcrübəsini zənginləşdirir və unutmaz edir.
8. Səs marketinqi fundamental dəyişikliklər gətirir.
Bizim ölkədə çox da hiss olunmasa da, ingilis dilli ölkələrdə səs ilə idarəetmə gündəlik həyatın bir parçasıdır. Telefonlarda Siri və ya Google Assistant, evlərdə Alexa – danışmağı sevənlər üçün həmişə hazır söhbət yoldaşıdır. Maşınlar danışmağa başladısa… (davamını özünüz gətirin).
Danışaraq anlaşmaq, məsləhət almaq, suala cavab tapmaq biz insanlar üçün ən təbii informasiya əldə etmək mənbəyidir. Whatsapp ilə göndərilən səsli mesajların bu qədər populyar olmasının da əsas səbəbi budur – insanlar tənbəldir və hər zaman rahat yol axtarır. Bill Qeyts demişkən: “Çətin tapşırığı hər zaman tənbəl adama verirəm, çünki o, ən asan yolunu tapacaqdır”. Maşınların da danışmağa başlaması ilə gündəlik həyatımızın rahatlaşacağına heç bir şübhə yoxdur.
2020-də səs ilə idarə olunan assistentlər marketinq üçün hansı əhəmiyyət kəsb edir? Hazırda insanlar səs ilə idarə olunan assistentləri axtarış üçün istifadə edir: pizza restoranı tapmaq, hər hansı bir brend barədə məlumat toplamaq üçün və s. Bu halda nə baş verir? İnsanlar Google Axtarış səhifəsini görmədən səs assistentinin təklif etdiyi maksimum 3-4, amma əsasən 1 məlumat mənbəyi ilə kifayətlənməli olur. Amazonun istehsalı olan Alexanın oyuncaq sifarişi üçün Amazonu təklif etməsi sizə məkirli bir addım kimi görünə bilər. Amma həqiqət odur ki, Amazonun da Alexanı hazırlamaqda məqsədi rəqibin bu seqmentə girib alveri öldürməməsidir.
Brendlər səsli axtarış strategiyasını hazırlayarkən öz saytının və ya digər digital və sosial media kanallarında olan kontentini insanın səsli axtarışna müvafiq, daha çox danışıq tərzində hazırlaması vacibdir. Bu cür olmasa səs assistenti sahibinin sözlərinə ən yaxın axtarış nəticəsini ona çatdıracaq.
9. Sizin cavablandırmadığınız 1 mesajınız var.
Digital marketinqin ən sürətlə inkişaf edən ünsiyyət kanalı heç şübhəsiz mesaj platformalarıdır: Whatsapp, Telegram. Facebook Messenger və s. Facebook Messenger-in hazırda 1,3 mld aktiv istifadəçisi var, hansı ki ayda 10 mld mesaj göndərir. Whatsapp-ın 1,6 mld aktiv istifadəçisi isə gündə 55 mld mesaj göndərir. Bu temp ilə təxmin olunur ki, 5-7 ilə ani mesajlaşma platformaları əsas marketinq kanalına çevriləcək.
Sosial media və email ilə müqayisədə mesajlaşma tətbiqləri daha üstün ünsiyyət və satış kanalıdır. Mesaj olaraq göndərirən marketinq mesajı, sosial media ilə müqayisədə 80 dəfəyə qədər daha çox reaksiya yaradır və 10 dəfəyə qədər daha çox satış edir. Müştərilərin 63% onlayn çat olan saytlara üstünlük verir. Bütün bu rəqəmlər onu göstərir ki, yaxın illərdə brendlər bu istiqamətə güclü yatırım edəcək, insanları mesaj göndərməyə vadar edən interaktiv kontentin payını artıracaqlar. Xüsusən çatbot ilə inteqrasiya edəndən sonra ani mesajlamanın effektivliyi dəfələrlə qatlanacaq. Çinin Wechat platformasının uğuru buna bariz misaldır.
10. Omnikanal Marketinq şərtdir
Omnikanal satış üçün omnikanal, yəni müştəri ilə ünsiyyət apardığınız bir neçə ünsiyyət kanalınız olmalıdır: müştərinizə hardan və necə rahatdırsa ordan sizə müraciət edə bilməlidir. Hardan müraciət etməsindən asılı olmayaraq sizin müştəri ilə ünsiyyətiniz kəsilməməlidir, müştərinizin daha öncə başqa kanaldan nə yazdığını, alış tarixçəsini bilməlisiz. Burda söhbət bütün sosial şəbəkələrdə olmaqdan getmir: saytınız və saytınızda çat imkanı, zərurət varsa mobil tətbiqiniz, mesajlaşma xidmətiniz (Whatsapp Business kimi), email marketinq və s. Bütün bu digital marketinq kanalları bir məqsədə xidmət etməlidir: müştəri ilə davamlı, fasiləsiz və alış qıfı vasitəsi ilə onu satışa aparacaq prosesi yaratmaq. 2020-ci ildə aparılan araşdırmalar göstərir ki, bir marketinq kanalı ilə müqayisədə omnikanal marketinq 3 dəfədən daha çox satış gətirir.
Omnikanal marketinqdə diqqət olunası ən vacib məsələ vahid brend kimliyinin qorunmasıdır. Müştərinin həyat yolu boyu, brendi tanıyandan məhsulu alana qədər keçən bütün mərhələlərdə sizinlə ünsiyyəti, sizin mesajlarınız, paylaşdığınız kontent brend kimliyini əks etdirməlidir. Əks halda müştəridə sizin brendə qarşı keyfiyyət, səmimiyyət və peşəkarlıq ilə bağlı müəyyən şübhələr yaranacaq.
Yeni reallıq – koronavirus dövrü
2020-ci ildə elə bir hadisə də baş verdi ki, digital marketinqə çox böyük təsiri oldu: koronavirus. Bu təsiri mən daha çox katalizator kimi qiymətləndirəm: şirkətlərdə digital transformasiya prosesini zəruri edəcək, yeni marketinq alət və imkanların tətbiqini sürətləndirəcək bir amil kimi. İndiyə qədər onlayn satışdan uzaq duran şirkətlər onlayn mağaza açır, çatdırma xidmətləri göbələk kimi artır, müştəri ilə ünsiyyətdən qaçanlar mesajlaşma xidmətini aktivləşdirir, digitaldan büdcə qənaət edənlər isə onlayn reklamlara xərc kimi yox yatırım kimi baxır. Yeni, virus sonrakı həyatın reallığı budur – digital olmayan şirkət qalmayacaq. Digitalda daimi yenilik edən və müştəri ilə işi maksimal avtomatlaşdıran şirkətlər olacaq, bir də digitaldan dərin anlayışı olmayan, birinciləri kopyalamağa cəhd edən şirkətlər olacaq. Bəs sizin şirkət hansı qrupa aid olacaq? Sualın cavabını 2020-ci ildə verin, gələn ilə saxlamayın.