Yaxşı menecer olmağın yolunu hamı bilir. Bəs pis menecer olmaq üçün nələr etmək lazımdır? Pis meneceri yaxşı menecerdən ayıran xüsusiyyətlər hansıdır? Bu maraqlı mövzuya da bir yazı həsr etmək qərarına gəldim. Ümid edirəm sizə də faydalı olacaqdır.

Yaxşı menecer olmağın bir çox yolu olduğu kimi, pis menecer olmağın da bir neçə üsulu mövcuddur. Bu üsullardan istifadə etməklə hər bir menecer ilk gündən pis ola, ya da yaxşıdan pisə çevrilə bilər. Çox vaxt itirmədən gəlin pis menecer olmağın əlamətləri ilə yaxından tanış olaq:

1. Pis menecer zəif liderdir

Lider komandasını arxasınca aparmağı bacaran menecerdir. Pis menecer nəinki bunu bacarmır, o hətta öz tabeçiliyində olan işçilər ilə düzgün ünsiyyət qurmaqda, işçilər arası problemlərin qarşısının alınmasında və həll olunmasında zəiflik göstərir. Öz komandasının səhvlərinə görə məsuliyyəti öz üzərinə götürməyi bacarmır. Onun  üçün işçi komanda üzrə partnyor yox, məqsədə çatmaq üçün vasitədir.

pis menecer rəhbər

2. Pis menecer empati etməyi bacarmır

Empati qurmaq nəinki lider, hər bir komanda üzvü üçün vacib bir bacarıqdır. Empati komandanı möhkəm təməl üzərində qurmaq və məqsədə çatmaq üçün vacib bir elementdir. Pis menecerlər empatidən ümumiyyətlə xəbərdar deyil, işçilərinin emosiya və hisslərini vacib hesab etmir. İşçinin daha yaxşı çalışması üçün emosional motivasiya faktorlarından istifadə etməyi özünə qəbahət bilir. İşçisinin peşəkar inkişafına dəstək olmur, əksinə onun yerinə keçməsindən qorxaraq qarşısını almağa çalışır.

3. Pis menecer işinə can yandırmır

“Bu mənim işim deyil, sənin vəzifəndir” sözü pis menecerin kredosudur. O, özünü heyvanları tövləyə salan it rolunda görür. Pis menecerlər öz işçisinə heç vaxt məsləhət verməz, məsələnin daha asan həll yolu ilə bölüşməz. Yaxşı menecer isə öz işinin nəticəsinin işçilərinin işindən birbaşa asılı olduğunu dərk edir və bu səbəbdən işçilərinin daha yaxşı nəticə göstərməsi üçün əlindən gələni edir. 

pis menecer komanda

4. Pis menecer hər şeyə nəzarət etməyi xoşlayır

Bəzi pis menecerlər də var ki, mikro menecment ilə məşğuldur. Hər işə burnunu soxur, hər bir detala özü nəzarət edir. Bu cür menecer işçinin motivasiyasını aşağı salır,  onu məsuliyyəti öz üzərinə götürməkdən çəkindirir. Nəticədə isə işin məhsuldarlığı azalır, iş prosesində çox sayıda problemlər yaranır.

5. Pis menecer son anda ayılır

Pis menecerlər plansız iş görməyi xoşlayır. Bu səbəbdən də problemə hazırlıqsız yaxalanır, son andakı müdaxiləsi isə çox vaxt faydasız və səmərəsiz olur. Günahı işçilərin üzərinə atması və onları problemin həlli üçün qamçı ilə tələsdirməsi də öz növbəsində işçilərin etirazına səbəb olur.

6. Pis menecer qərəzlidir

Qərəz hissi pis menecerin ən bariz əlamətidir. İşçilərinə qarşı qərəzli olmaq, onların uğurlarına paxıllıq etmək, torbasını tikmək, səhvlərinin qarşısını almaq yerinə danlamaq üçün bəhanə etmək pis meneceri yaxşı menecerdən ayıran xüsusiyyətlərdəndir.

pis menecer işçi

7. Pis menecer axmaqdır ya da vəzifəsinə uyğun deyil.

Yaxşı menecer tabeliyindəki işçilərdən nədəsə üstün olmalıdır: ağılda, bacarıqda, təcrübə olaraq, qərar vermə qabiliyyətində və s. Pis menecer isə ya axmağın biri olur, ya da öz vəzifə tələblərinə heç cür cavab vermir. Ən pisi isə odur ki, pis menecerlər bu cəhətini biruzə vermir, öz üstünlüyünü digərlərini alçaltmaqda görür.

8. Pis menecer öz qərarlarında ardıcıl deyil

İşin icrasında, işçilərlə münasibətdə, mükafatlandırma və cəzalandırmada ədaləti qorumaq komanda ruhu üçün çox vacibdir. Pis menecerlər bu cür qərarlarda başdan sovdu davranır, şəxsi münasibətlərə uyğun qərar verir, menecment prinsiplərinə deyil, öz şəxsi emosiyalarına güvənir. Pis menecerlər şirkətin qanunları və standartları ilə hesablaşmır, onlardan özünə sərf edəcək şəkildə istifadə edir.

9. Pis menecer uğuru öz, səhvləri işçilərin adına çıxarır.

Komanda işində uğurlar və uğursuzluqlar ola bilər. Menecer komandanın rəhbəri kimi hər iki hal üzrə cavabdehlik daşıyır. Amma pis menecerlər öz işinə tənqidi və obyektiv yanaşa bilmədiyinə görə səhvləri işçilərin üzərinə yükləyir. Uğur səbəbini isə ancaq özündə görür. Yaxşı menecer uğuru komanda işinə və fərqlənən işçiyə ithaf etməyi bacarır, uğursuzluğu isə düzgün analiz edərək, işçinin səhvini göstərir və məsuliyyəti öz üzərinə götürür.

pis menecer qadın

10. Pis menecer tənqidi qəbul etmir

Komanda işi zəncir kimidir – zəncirin nə qədər güclü olması ən zəif bəndindən asılıdır. Bu səbəbdən də hər bir komanda üzvü, o cümlədən menecer davamlı olaraq öz bacarıqlarını və işini təkminləşdirməlidir. Bunun üçün işçilərin bir-birini konstruktiv tənqid etməsi çox vacibdir. İşçilər də bu cür tənqidi qəbul etməli və zəiflikləri üzərində işləməyi bacarmalıdırlar. Bu işdə digər komanda üzvlərinin köməyini də almaqdan çəkinməməlidir. Pis menecer bu cür tənqidi özünə təhqir hesab edir, tənqidi fikirlərin səslənməsini nəinki həvəsləndirmir, hər cür qadağan edir və işçilər arasında əməkdaşlıq deyil, personal yarış mühiti yaradır.

Bu yazının başlığı sizin diqqətinizi çəkdisə deməli:

1. ya siz özünüzü pis menecer hesab edirsiz;

2. ya da pis menecer olmaqdan qorxursuz.

Hər iki halda ümid edirəm bu yazı sizə faydalı və növbəti addımlarınız üçün bir təlimat olacaq. Təcrübə göstərir ki, komanda işində “yaxşı polis, pis polis” üsulu işləmir. Menecer olaraq yaxşı iş görüb yaxşı nəticə göstərmək istəyirsinizsə pis menecer deyil, yaxşı menecer olun.