Marketinq şöbəsi sıfırdan: Fundament

Hər bir inşaat fundament qoymaqdan başlayır desək yalan olar. İnşaata başlayandan qabaq binanın plan-layihəsi hazırlanır. Bu layihə planında inşaatın məqsədi, görüləcək işin həcmi, əsaslandırılması və büdcəsi qeyd olunur. Marketinq şöbəsini də qurarkən eyni qayda ilə hərəkət etmək lazımdır. Gəlin bu işlərin nədən ibarət olduğu ilə daha yaxından tanış olaq.

Birinci yazıda da qeyd etdim: marketinq şöbəsinin yaradılması niyyətdən asılıdır. Şöbəni yaratmaqda əsas məqsəd şirkətdə marketinq işini düzgün qurmaqdırsa yaxşı olardı ki, fundament atılmasınından istifadəyə verilənə qədər bu iş qayda və prosedurlara əsasən aparılsın. Necə? 3 əsas addımda:

Addım 1: Marketinq funksiyalarının təsbit olunması

Şirkətdə marketinqin bir çox funksiyaları ola bilər və şərt deyil ki, bütün bu funksiyalar ilk başdan lazım olacaq. Şirkətin biznes məqsədlərindən və qarşısına qoyduğu hədəflərə uyğun olaraq ilk öncə marketinq funksiyaları müəyyən olunmalıdır. Bir misal: distribyutor şirkət, hansıki xarici brendləri ölkə daxilində satmaqla məşğuldur. Aydın ki, ilk növbədə bu şirkətə satış marketinqi (trade marketing) funksiyası tələb olunacaq. Onların brend menecmentə, media planlamaya, hardasa PR-a ehtiyacı olmayacaq. Amma BTL və merçandayzinq mütləq olmalıdır. Və ya tam əksi: yerli istehsalçı. Onun marketinq şöbəsinə ilk öncə məhsul marketinqi (product development) və brend menecment funksiyaları tələb olunacaq. Reklam və PR işlərinə müəyyən bir vaxtdan sonra ehtiyac yaranacaqdır.

marketinq şöbəsi fundament

Addım 2: Marketinq şöbəsinin ştat cədvəlinin hazırlanması

Marketinq şöbəsinin hansı işlərlə məşğul olduğunu biləndən sonra şöbənin strukturu, ştat cədvəli və vəzifə öhdəlikləri hazırlana bilər. Şöbənin strukturunda müxtəlif marketinq istiqamətlərinin bir-biri ilə əlaqələndirilməsi də nəzərə alınmalıdır. Məsələn, sosial media marketinq digital marketinq bölməsi daxilində olmalıdır. Çox bəsit bir həqiqət kimi görsənə bilər, amma təcrübəmdən bilirəm ki, bu cür uyğunsuzluqlar sadə təcrübəsizlik ucbatından böyük şirkətlərdə belə baş verir. Misal üçün, CRM bölmələri çox vaxt marketinqə tabe olmur. PR tam ayrı muxtar respublika ola bilir, treyd marketinq isə satış şöbəsinin tərkibində qala bilər. Struktur hazır olandan sonra ştat cədvəli hazırlanır, şöbədə və alt bölmələrində kimlərin olduğu, kimə tabe olub, hesabat verdiyi müəyyənləşir. Ştat cədvəli imkan verir ki, hər bir işi görəcək adamı əvvəlcədən müəyyən edək. Məsələn, məhsul hazırlanması bölməsinə dizayner tələb oluna bilər. Və ya merçandayzerlərin bütün marketləri əhatə edə biləcək sayda olmasını əvvəlcədən planlaya bilərik. Ştat cədvəlindən sonra hər bir ştatda olan işçinin vəzifə səlahiyyətləri və öhdəlikləri müəyyən olunmalıdır. Bu cür sənəd bizə imkan verəcək ki, hazırlanan strukturun və ştat cədvəlinin nə qədər real olduğuna əmin olaq. Misal üçün, vəzifə səlahiyyətlərində dizaynerdən həm İllustrator, həm də AutoCad bilməsi tələb oluna bilər. Amma bu cür adam tapmaq müşkül məsələdir. Həlli yolu kimi, AutoCad işləri frilans dizaynerə ötürülə, iş çox olarsa ayrıca dizayner işə alına bilər. Vəzifə təlimatları hazırlanandan sonra bir məqamı da mütləq nəzərə almaq lazımdır: işçinin alacağı əməkhaqqının məbləği yerinə yetirəcəyi işə və tələb olunan bilik və bacarıqlara müvafiq olmalıdır. Bacarılqı HR menecer bazardakı tələb-təklifi öyrənməklə işə götürüləcək işçilərə rəqabətqabiliyyətli maaş məbləğini asanlıqla təyin edə bilər.

Addım 3: Kadr seçimi və işə alınması

Marketinq şöbəsinin ştat cədvəli və vəzifə təlimatları hazır olandan sonra kadr seçiminə başlamaq olar. Bir çox şirkət bu işə marketinq şöbəsinin rəhbərini seçməklə başlayır. Bu yol düzgün olsa da, istənilən səriştəyə sahib marketinq müdirin tapılması daha çox vaxt apara bilər. Əgər bu müddət ərzində şirkəti marketinqsiz qoymaq istəmirsinizsə sıravi işçiləri işə götürüb, bir müddət marketinq müdiri səlahiyyətlərini kommersiya müdiri və ya satış müdirinə həvalə edə bilərsiz. Marketinq müdirini seçərkən ilk növbədə iş təcrübəsinin xarakterinə fikir vermək lazımdır. Marketinq müdirinin diplomu ikinci, hətta üçüncü dərəcəli mövzüdur. İş təcrübəsinin xarakteri niyə vacibdir? Əvvəlki iş təcrübəsində sıfırdan yaradılan şobədə işləmək və ya həmin şöbəni qurub idarə etmək bacarığı olmayan marketer sizin şirkətdə çətinlik çəkəcək. Hər menecer qurucu və ya lider ola bilməz. Sistemi oturmuş marketinq şöbəsində işləyən marketer nə qədər bacarıqlı olsa da fundament atmaqdan xəbərsiz ola bilər. Xüsusən xarici şirkətlərdə işləyən mütəxəssislər yerli şirkətin marketinq şöbəsində işə başlayanda qarşılaşdığı sistemsizlik onları peşman edəcəkdir. Eyni zamanda marketinq müdirinin marketinq şöbəsində görmək istədiyimiz bütün marketinq funksiyalarından xəbərdar olması lazımdır. Misal üçün, heç treyd marketinqdə işləməyən müdir üçün bu sahə yeni kəşf olacaqdır. Həmin sahəni öyrənmək müəyyən vaxt alacaq və fakt deyil ki. həmin müdir bu işi tələb olunan səviyyədə mənimsəyəcəkdir. Nəzəriyyəçi marketoloqlardan hər bir halda uzaq durmaq lazımdır, çünki nəzəriyyə adətən xarici təcrübədən süzülmüş ayran kimidir, bizə isə qaymaq lazımdır.

Marketinq müdiri şirkət üçün strateji vəzifədir və bu vəzifəni tutacaq adamın müstəqli ekspert fikri olması çox vacibdir. Fundament qurmaq mərhələsi olsun, olmasın fərq etməz: rəhbərin, haqsız olduğu halda belə, hər fikri ilə razılaşan marketinq müdirin katibədən fərqi yoxdur. Marketinq müdir sahibkara, satış müdirinə öz sözünü keçirə biləcək dərəcədə bilikli və dediklərinə inanan biri olmalıdır. HR-lara məşhur bir tövsiyəni xatırlatmaq istərdim: “Marketinq müdiri axtrarkən elə adam seçin ki, 5 ildən sonra müdiriniz olanda peşman olmayasınız”.

Marketinq şöbəsinin digər işçilərinin seçilməsində marketinq müdirin iştirak etməsi və əsas qərar verən şəxs olması yaxşı olar. Amma bu işi tam onun ixtiyarına buraxmaq düzgün deyil. Marketinq müdiri də insandır – kadr seçimində səhv edə, ürəyinə və ya xarakterinə yaxın olan namizədlərə üstünlük verə, özünə təhlükə gördüyü, bacarıqlı potensial əvəzləyicisinin qarşısını ala bilər. HR və sahibkar digər marketinq işçilərin də qəbuluna nəzarət etməli, obyektiv dəyərləndirmə ilə bir-birini tamamlayan, sağlam fikir mübadiləsi mühiti yaradacaq mütəxəssislərin işə qəbul olunmasına çalışmalıdırlar.

Deməzdim ki, marketinq şöbəsinə işçi götürmək qarpız seçməyə bənzəyir, amma təcrübə buna inanmağa əsas verir. İş müsahibəsində namizəd özünü elə reklam edə, öz brendini sizə elə sata bilər ki, onu gözü bağlı işə qəbul edərsiz. Bu səbəbdən də sınaq müddəti şərtdir – marketoloqları ancaq döyüş şəraitində yoxlamaq mümkündür. Bununla belə 3 əsas keyfiyyət var ki, namizəddə olsa sizin səhv etmək şansınız azalar:

Keyfiyyət 1: Öyrənmək həvəsi

Marketinq ən dinamik inkişaf edən sahələrdən biridir. Digitalın da qatılması ilə inkişaf sürəti misilsiz həddə çatıb. Ona görə də, hər bir marketer fasiləsiz öyrənməyə hazır və həvəsli olmalıdır. Özü müstəqil şəkildə onlayn kurslara yazılmalı, gündəlik marketinqə aid xəbərləri və yazıları izləməli, marketinqə aid kitablar oxumalıdır. Bir çox şirkət hardasa riskə gedib marketinq şöbəsinə təcrübəsiz, amma potensialı olan cavanlar götürürlər. Şirkətdə öyrənmə mühiti varsa, bu cür addım uğurlu ola bilər.

Keyfiyyət 2: Öyrətmək istəyi

Marketinq komanda işidir – komandanın daha effektiv iş görməsi üçün üzvləri bir-birinə dəstək olmalı, zəif yanlarını gücləndirməli və biliklərini bölüşməlidir. Marketinq müdirinin öz işçilərini öyrətməsi, 2 dizaynerin bir-birinə Photoshop bicliklərini göstərməsi, işçilərin müdirə qarşı tələbkarlığı ümumi marketinq işinin effektivliyini də artıracaqdır.

Keyfiyyət 3: Məsuliyyət hissi

Hər bir işdə məsuliyyət vacibdir, marketinqdə isə daha vacibdir. Marketinq şirkətin lokomotivi, digər şöbələr isə vaqonlardır. Lokomotivin səhvi və ya effektivliyi zəif olan addımı qatarın sürətinə mənfi təsir edəcək. Marketinq şöbəsinin hər bir işçisi şirkətin bələdçisi olduğunu dərk etməli və bu statusdan irəli gələn məsuliyyəti anlamalıdır.

Marketinq şöbəsinin fundament məsələsini həll etdik, işçiləri topladıq və işə başlamağa hazırıq. Növbəti addım nədir? Marketinq şöbəsi sıfırdan yazı silsiləsinin üçüncü yazısını gözləyin.

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az