Marketinq plan marketinq prosesini sənədləşdirməyin ən gözəl üsuludur. Marketinq planı (bundan sonra MP) bir çox məqsədə xidmət edir:
1. İnformasiya mənbəyi
Bazar, rəqiblər və potensial müştərilər haqqında öyrəndiyiniz bütün məlumatları ehtiva edir. Bu informasiya marketinq strategiyasının əsasını təşkil edir. Bu məlumatlar əsasında marketinq strategiyası müəyyən olunur və MP-nın hədəfləri təyin olunur. Bu məlumatların maksimum həqiqətə yaxın və düzgün olması hədəflərə nail olunmasını asanlaşdırır.
2. İş və vəzifə bölgüsü
Şirkətin və satışın strukturunu tənzimləyir, marketinq və satış hədəflərinə uyğun olaraq işçiləri və tələb olunan resurları təyin edir və eyni məqsədə xidmət etməsini təmin edir. MP olmayanda marketinq və satış heyətləri arasında koordinasiya pozulur, onlar bir-biri ilə dil tapmaqda çətinlik çəkirlər. MP-da isə hər bir şöbənin vəzifə və öhdəlikləri, hədəfləri qeyd olunur və birgə işləri nəticəsində səmərəli nəticə meydana gəlir.
3. Satışın effektivliyi
Satış prosesinin təşkilini və idarə olunmasını asanlaşdırır. MP-ında müəyyən dövr ərzində (aylıq, rüblük və ya illik) keçiriləcək satış kampaniyaları və satış hədəfləri barədə məlumat əks olunur. Bu məlumat əsasında digər şöbələr: reklam, loqistika, təchizat və s. öz hazırlıqlarını görür. Reklam şöbəsi kampaniya üçün reklam materiallarını hazırlayır, loqistika şöbəsi satış hədəflərinə uyğun mal tədarük edir və s.
MP-ında şirkətin güclü və zəif olduğu məqamlar, bazarın imkanları, rəqabət və ən əsası müştəri haqqında bütün məlumatlar əks olunur. Planın strategiya bölməsində bazarın seqmentləşdirilməsi, hədəflənən auditoriya, həmçinin satdığınız məhsul və ya xidmətlərin mövqeləndirilməsi əks olunur. Taktiki bölməsində isə satdığınız məhsullar barədə məlumat, onların qiymət siyasəti, promouşn aksiyaları və distribusya kanalları qeyd olunur.
MP-ın maliyyə bölməsində marketinq xərclərinin maliyyələşmə mənbələri və xərclərin büdcəsi göstərilir, icra bölməsində isə hər bir fəaliyyətin icra və hesabat vaxtları, məsul və cavabdeh şəxsləri qeyd olunur.
Marketinq plan olduqca dinamik və gündəlik yenilənməyə açıq bir sənəddir. Sizə daxil olan hər bir yeni informasiya təhlil olunanda mütləq şəkildə marketinq plan ilə müqayisə olunmalı, tələb olunarsa plana müvafiq dəyişikliklər edilməlidir. Ancaq bu halda, bazarın bütün impulslarına vaxtında uyğunlaşan dinamik marketinq planına sahib olmaqla rəqabətdə uğur qazanmaq mümkündür.
Sonda sizdən bir xahişim olacaq: marketinq plan barədə düşünərkən toy hazırlıqlarını yada salın. Evlisinizsə artıq təcrübəniz var, subaysınızsa sizə lazım olacaqdır. Marketinq plan toya hazırlıq planı kimidir, yəni onun qədər vacibdir. Toya hazırlıq mərhələsində hər xırda detalları nəzərə alsanız, qonaqları otuzdurmağa, desertə qədər hər elementə fikir versəniz toy mükəmməl keçəcəkdir. Marketinq də əslində bir toy deyilmi? Toyda məqsədimiz qonaqları məmnun edib yaxşı pul yazdırmaqlarını təmin etməkdirsə, marketinq ilə də mal satmaqda məqsədimiz eyni deyilmi?