İnsanlar sosial mediada niyə paylaşır? Onları, qarşılarına çıxdığı hər hansı bir məlumatı digərləri ilə paylaşmağa məcbur edən səbəb nədir? Bu sual sosial media ilə maraqlanan, kontent menecment ilə məşğul olan hər kəs üçün aktualdır. Bu yazımızda sizə insanları paylaşamağa sövq edən 5 əsas səbəbi açıqlayacayıq.

insanlar niyə paylaşır?

1. Biz, yaxşı təəssürat yaratmaq üçün paylaşırıq.

Dəqiq demək çətin olsa da, ən çox paylaşılan kontentin selfi şəkillər olduğu güman olunur. “Niyə də, niyə?” soruşa bilərsiz? Çünki insanlar, sosial mediada məlumat paylaşmaqla sanki “Baxın, bu mənəm”. “Əsl mən buyam” demək istəyir. Mən belə dadlı yemək yeyirəm, mənim belə gözəl rəfiqələrim var, paltarım var və s. Bir çox insan heç (sona qədər) oxumadığı məqaləni paylaşır. Çünki, digər insanlara belə məqalə oxuduğunu göstərmək istəyir. Bahalı restoranlara niyə check-in edir? Hamısı göstəriş üçün, özümüzü daha yaxşı işıqda göstərmək üçün.

2. Biz, öz emosiyalarımızı bölüşmək üçün paylaşırıq.

Emosiyalar insanları idarə edən, hərəkətə gətirən, nəyisə paylaşmağa sövq edən ən güclü amildir. Emosiyanın müsbət və ya mənfi olması fərq etməz, bu emosiyanın insana yaşatdığı yetərli qədər güclü olarsa, insan bu barədə paylaşım edəcəkdir. Sevinc hissi, qəzəb hissi ən güclü emosiyalardır. Məsələn siz, övladınız olması barədə xəbəri hamı ilə paylaşmaq üçün ürəyiniz partlayacaq. Gücünüz çatmayan haqqsızlığa məruz qalsanız, bu barədə sosial şəbəkədə hamı ilə paylaşıb çarə və dəstək axtarmağa çalışacaqsınız. 2008-ci ildə Dave Carroll adlı musiqiçinin qitarası United Airlines təyyarəsində zədələnmişdi. Avişirkətdən kompensasiya ala bilməyən qitaraçı öz şikayətini mahnı ilə ifa edib YouTube-da paylaşmışdı. 2 ay ərzində bu videonu 10 mln insan izləmişdi. Bu reaksiya qarşısında United Airlines üzr istəməyə məcbur olub, kompensasiyanı ödəmişdi. Üstəlik qitara istehsalçısı da bu viral reklam qarşılığında musiqiçiyə 2 ədəd qitara hədiyyə etmişdi..

3. Biz, öyrətmək və yardım etmək üçün paylaşırıq.

İnternet təkçə lazımsız məlumatla dolu deyil. İnternetdə çox sayıda faydalı, maraqlı və öyrədici məlumat var. İnternetdə boş-boşına dolaşanda belə qarşımıza bu cür məlumat çıxa bilər. Biz bu məlumatı faydalı və öyrədici hesab etsək, digərlərinin də məlumatı olsun deyə paylaşmaq istəyərik. Məsələn, çətin riyazi məsələnin daha rahat həllini. Həmçinin, kiməsə yardım etmək də güclü stimuldur: kimsə sənədini itirsə, uşaq itkin düşsə, kiməsə qan lazım olsa – bu məlumatlar da yetərli qədər paylaşılanlar arasındadır. Bəzi araşdırmacı alimlər sosial şəbəkədə birləşən insanları kollektiv şüur adlandırıb super kompüter ilə müqayisə edir. Bir qrup insanın edə bilmədiyini milyonlarla, milyardlarla insan birləşib qısa zamanda öz məqsədlərinə nail ola bilər. İtkin insan tapmaq misalında, bir çox hallar olub ki, sosial şəbəkələrdə paylaşılan bir şəkil sürətlə yayılaraq itkin qısa müddətdə tapılmışdır.

4. Biz, insanlarla ünsiyyətə girmək üçün paylaşırıq.

Sosioloqların araşdırmalarına görə bir insan ortalama 150 nəfər ilə normal ünsiyyət saxlaya bilər. Halbuki, real həyatda bu qədər insanla ünsiyyət saxlamaq bir az çətin olur. Sosial şəbəkələr bizə bunu daha rahat şəkildə etməyə kömək edir. Üstəlik biz, dostlarımızı maraqlara görə qruplaşdıra bilirik, eyni zamanda maraqlara görə dost da tapa bilirik. Məsələn, fanatı olduğunuz futbol klubunun Çempionlar Liqasındakı qələbəsi barədə xəbəri paylaşmaqla bunu dostlarınızla, eyni klubun fanatları ilə birlikdə qeyd etmək istəyirik. “Dostunuzu tag edin” tipli paylaşımlar altında öz dostlarını qeyd edənlərin motivasiyası nədir? Bununla onlar dostları barədə düşündüklərini, onları unutmadıqlarını göstərmək istəyirlər.

insanlar niyə paylaşır?

5. Biz, insanları inandırmaq, hərəkətə gətirmək üçün paylaşırıq.

Sosial şəbəkələr insanlarla ünsiyyət qurub onları istədiyiniz fikrə inandırmaq, istədiyiniz hərəkəti etdirmək üçün olduqça effektivdir. Bu iki formada özünü biruzə verə bilər: 1. “Kütlə kütdür” prinsipi şəklində, hardakı insanlar manipulyasiya olunaraq idarə olunur; 2. Şüurlu şəkildə, insanların ədalət və qayğı tələblərinə xitab edərək. Sirr deyil ki, sosial şəbəkələri bəzi qüvvələr öz maraqları üçün istifadə edib, insanları yönləndirə bilir. Məsələn, iddia olunur ki, son ABŞ prezidenti seçkilərində Rusiya cəmi 500.000 dollar xərcləyərək Klintonun seçilməsinə mane oldu. Necə? Onun haqqında provokativ məlumatları sosial şəbəkələrdə yalançı hesablardan paylaşıb reklam edərək. Bu məlumatlarları 120 milyondan çox amerikalı görmüşdü.

Şüurlu şəkildə, insanların ədalət və qayğıkeşlik prinsiplərinə xitab edərək xeyir işlər görmək mümkündür. Ən yadda qalan keyslərdən biri KONY 2012 hərəkəti olmuşdur. Kenyanın quldur dəstəsinin başçısı Joseph Kony az yaşlı uşaqlara qarşı cinayətləri ilə məşhur olmuşdu. ABŞ-da bir rejissorun kiçik oğlu Kony cinayətlərinə həsr olunan video çəkərək, onun həbsini tələb etmişdi. Qısa müddət ərzində bu video ABŞ-da yayılaraq Amerika Senatının müvafiq qətnamə çıxarmasına gətirib çıxarmışdı.

İnsan sosial bir varlıqdır. Bəşəriyyətin inkişafı boyu nəsildən nəsilə informasiya mübadiləsi cəmiyyətin inkişafının təməl daşı olmuşdur. Məlumatın paylaşılması da sosial varlıq olmağın ayrılmaz bir parçasıdır. İnternet dövründə insanlar paylaşımlar etməklə cəmiyyətin bir parçası olduğunu göstərmiş olur. Tənha yaşayan insan kiminlə paylaşacaqki? Nə qədər ki, tənha deyilik, paylaşmağa məhkumuq. Əsas odur ki, faydalı, maraqlı və öyrədici kontent paylaşaq.