Şirkətlərin marketinqi müəyyən missiya və prinsiplər üzərində qurulur. Marketinq fəlsəfəsi sözündən xoşum gəmədiyi üçün, bu missiya və prinsipləri ifadə etmək üçün marketinq yanaşması konsepti ifadəsini istifadə edirəm. Biləsiniz ki, cari yazıda bu iki söz eyni mənanı verir. Yaxşı, bəs şirkətlərin marketinqə 5 yanaşma konsepti hansılardır?

1. İstehsalat konsepti

Ən qədim marketinq konseptidir və mahiyyətində müştərinin geniş yayılmış və ucuz olan mala üstünlük verdiyi ideyası durur. Bu konseptə sahib şirkətlərin marketinqdən məsul şəxsləri yüksək istehsal effektivliyinə nail olmaqla məhsulun maye dəyərini azaltmağa və yüksək penetrasiya (bazarda, rəflərdə təmsil olunma) faizi əldə etməyə çalışırlar. Onlar düşünürlər ki, bu iki şərt yerinə yetirilsə, məhsul özü-özünü satacaq, bunun üçün ancaq malı reklamla vaxt-aşırı tanınıb yada salmaq lazımdır.

2. Məhsul konsepti

Bu konsepti üstün tutan marketerlər inanırlar ki, müştəri ən keyfiyyətli, ən innovativ, ən çox funksionala sahib malı alacaqlar. Bu səbəbdən də onlar, məhsulun davamlı təkminləşdirilməsinə yönəlir, məhsulun üstün cəhətlərini vurğulayan mesajlara əsaslanan marketinq həyata keçirirlər. Bu konseptə ən yaxşı misal bir vaxtlar öz bazarına dominantlıq edən Nokia şirkətidir.

marketinq miopiya Nokia

3. Satış konsepti

Satış konseptini daha çox satış adamları mənimsəyir: onlar ən böyük mənfəət gətirəcək şəkildə malın marketinq olunmasına çalışırlar. Onlar üçün qısa va”dədə gəlir, uzun sürən brend loyallığından daha vacibdir – hətta bu tip marketerlərin (əslində satıcıların) brend loyallığına inanmadığını da iddia etmək olar.

4. Marketinq yanaşması konsepti

Marketinqin populyarlaşmasından sonra yaranan bu konseptin əsasında hədəf auditoriyanın, hədəf market seqmentlərinin tələbatının araşdırılaraq bu tələbatı ödəyəməyə yönəlmiş məhsulun istehsal olunması və bazara yeridilməsi ideyası yatır. Satış konseptindən fərqli olaraq burda, marketinq malın yaranmasından öncə başlayır və mənfəət qısa müddət ərzində deyil, müştəri loyallığı sayəsində daha uzun müddətli perespektivdə dəyərləndirilir.

brend kimliyi

5. Münasibət marketinqi konsepti

Bundan əvvəlki 4 konsept ənənəvi marketinq çətiri altında dəyərləndirilsə də? münasibət marketinqi konsepti daha yenidir, hal-hazırda da öz intibah dövrünü yaşayır. Ənənəvi marketinqdən fərqli olaraq münasibət marketinqi daha çox müştəri qazanmağa deyil, qazanılan müştəridən daha çox xeyir götürməyə, onu brendi reklam edən alətə çevirməyə yönəlib. Münasibət marketinqində müştəri hər tərəfli inteqrə olunmuş marketinq fəaliyyətlərinin hücumları altındadır. Münasibət marketinqi müştərinin maksimal məmnuniyyətinin əldə olunmasına xidmət edir. Bu konsept müştəriləri brendə qarşı loyallğı səviyyəsinə görə fərqləndirir. Münasibət marketinqində brend şirkətdən ayrı bir dəyərə, bir varlığa dönüşür. Ən əsası isə müştəri ilə brend arasında unikal fərdi münasibət yaranır. Qeyd: mövzu kifayət qədər böyük olduğu üçün növbəti yazılarımızda ayrıca olaraq izah olunacaqdır.

Hansı marketinq yanaşması konseptinin bir mənalı şəkildə daha effektiv, daha düzgün olmasını demək yanlış olar. Bazarın, müştəri şüurunun, marketinq alət və üsullarının inkişaf və yayılma səviyyəsindən asılı olaraq müəyyən bazar seqmentlərində hər bir yanaşma effektiv ola bilər. Məsələn, Azərbaycanda qida seqmentində yerli istehsalçılar arasında istehsalat konsepti yanaşması, qida malları idxalçıları arasında isə satış konsepti daha səmərəlidir. Xidmət sektorunda indiyə qədər məhsul, indilərdə isə marketinq konsepti üstünlük təşkil etməyə başlayır: misal üçün taksi, bank xidmətləri seqmentlərinə nəzər yetirmək kifayətdir. Yerli brendlər arasında münasibət marketinqə misal verməkdə çətinlik çəksək də, Coca-cola, iPhone kimi dünya brend və məhsulların marketinq fəaliyyəti misal göstərmək kifayət edər.

Marketerin üzərinə düşən ən vacib işlərdən biri mövcud bazar şəraitini və bazar iştirakçılarını, rəqibləri və trendləri düzgün qiymətləndirib, şirkət və brend üçün ən effektiv marketinq konsepti yanaşmasını seçib həyata keçirməkdir.