WhatsApp Business artıq aktivdir. Bugün üçün ancaq 5 ölkədə test məqsədi ilə istifadə verilib, amma tezliklə digər ölkələrdə də açıq olacaqdır. WhatsApp Business nədir, üstün və faydalı cəhətləri hansılardır? Açıq mənbələrdən topladığımız bütün informasiyanı diqqətinizə təqdim edirik.
WhatsApp dünyada Facebook-dan sonra ən böyük auditoriyaya sahib ən populyar mesajlaşma proqramıdır. Gündəlik istifadəçi sayı hazırda 1,3 mld insan təşkil edir. Hər bir biznesdə olduğu kimi WhatsApp da öz sahiblərinə mənfəət gətirmək məqsədi daşıyır. 2014-cü ildə, Facebook WhatsApp-ı inanılmaz bir məbləğ olan 20 mld dollara alandan bu günə qədər mütəxəssislər Facebook-un bu pulu necə “çıxaracağını” müzakirə edir. Bir neçə versiya havada olsa da: pullu qeydiyyat, istifadə zamanı reklam bannerlərin göstərilməsi kimi, Facebook bunların heç birinə getmədi (hələki). Amma dünyada Facebook qədər havadan (daşdan) pul çıxarmağı bacaran şirkət çətin tapılar. Qısa zamanda Instagramı Facebook Adverts Manager ilə inteqrasiya edib, reklamçılar üçün yeni imkanlar yaratması buna ən bariz misaldır. WhatsApp Business açılması ilə hamıya aydın oldu ki, Facebook WhatsApp-ın sahibi kimi hansı istiqamətdə hərəkət edəcək. Sirr deyil ki, hazırda bir çox kiçik və orta şirkətlər müştəriləri ilə ünsiyyət kanalı olaraq WhatsApp-dan geniş istifadə edir. WhatsApp Business-in əsas məqsədi bizneslərə öz və potensial müştəriləri ilə ünsiyyətdə yeni, daha geniş imkanlar yaratmaqdır. Necə? Gəlin hazırda məlum olan əsas məqamların üstündən keçək:
Biznes profillər
Şirkətlər artıq sıradan bir mobil nömrə yerinə öz biznes profillərini yarada biləcəklər – Facebookdakı səhifələr kimi. Bu profildə onlar şirkət barədə bütün məlumatı və müvafiq linkləri qeyd edəcəklər. Daha sonra isə nömrəni verifikasiya edib, təsdiqlənmiş profil olaraq öz müştəriləri ilə ünsiyyət quracaqlar. Müştərilərə də aydın olacaq ki, qarşısındakı rəsmi şirkət profilidir.
Mesajlaşma imkanları
Biznes profil sayəsində mesajlaşmanı proqramlaşdırmaq və avtomatlaşdırmaq mümkün olacaq. Avtomatik salamlama mesajları, tez-tez verilən suallara ağıllı cəld cavablar, iş saatlarından kənar vaxtlarda avtomatik cavablama mesajları kimi.
Mesajlaşma statistikası
Bizneslər üçün vacib olan analitik datanı toplamaq mümkün olacaq. Hansı mesajların daha çox oxunduğu, hansı tip mesajların daha yaxşı işlədiyini təyin etmək daha asan olacaq..
WhatsApp Business Web
Hazırda ancaq Android mobil tədbiqi olaraq istifadəyə verilsə də, qeydiyyatdan keçən bizneslər WhatsApp Web vasitəsi ilə də müştəriləri ilə ünsiyyəti qura biləcəklər. Razılaşın ki, çox sayıda mesajlara desktop kompüter üzərindən cavab vermək olduqca rahatdır.
[metaslider id=1730]Adi insanlar WhatsApp-dan əvvəlki qaydada istifadə edəcəklər – yeni nəsə yükləməyə ehtiyac yoxdur. İstifadəçilər həmçinin, öz mesajlarına və kontaktlarına tam nəzarət edəcək – istəmədikləri nömrələri, o cümlədən biznes profilləri blok edə və spam bildirişləri göndərə biləcəklər. Biznes profillər öz növbəsində hər kəsə açıq şəkildə mesaj göndərə bilməyəcək. Bu da öz növbəsində WhatsApp biznes profilinə sahib şirkətləri öz profillərini əlavə reklam etməyə məcbur edəcək. Harda? Təbii ki, Facebook və İnstagramda (həm də Google Adwords-da).
WhatsApp Business ilk mərhələdə çox güman ki, hamıya pulsuz olacaq. Şirkətin press-relizində Hindistan və Braziliyada WhatsApp-ın geniş istifadəsi barədə xüsusi qeyd olunması bunu düşünməyə əsas verir. Balaca rəqəm deyil: bu iki ölkədə kiçik bizneslərin 80% müştəriləri ilə ünsiyyət yaratmaq və biznesi inkişaf etdirmək üçün WhatsApp-dan istifadə edir. Bu tip şirkətlər üçün olmasa da, böyük divlər üçün xüsusi əməkdaşlıq imkanların yaradılması nəzərdə tutulub. Məsələn, bir çox aviaşirkətin öz mobil tədbiqləri var. WhatsApp Business-i öz mobil tədbiqinə inteqrasiya etməklə böyük şirkətlər müştəri xidmətlərinə əlavə dəyər qata biləcək.
WhatsApp Business bizneslər üçün nə qədər faydalı ola bilər? Düzdür, WhatsApp-ı Facebook və ya Instagram ilə birbaşa müqayisə etmək düzgün deyil. Bu ikisi sosial şəbəkədir – İnternet 2.0-dır. WhatsApp isə artıq İnternet 3.0 dövründəndir. Bütün sosial şəbəkələr hazırda böhran dövrünü yaşayır – gənc nəsil sosial şəbəkələri mesencerlərə tərcih edir. WhatsApp, Telegram, Facebook Messenger, Wechat, ən əsası da Snapchat internetin gələcəyini şəkilləndirir. Ancaq WhatsApp-da gün ərzində 55 mld mesaj göndərilir. Bu internetin, və deməli cəmiyyətin gələcəyini şəkilləndirən əsas trenddir. Facebook bu yolda Facebook Messenger-dən sonra ikinci ən böyük addımını atdı. WhatsApp Business yeni imkanları ilə marketerlərin istifadəsinə verilir. Bu layihənin nə qədər uğurlu olacağı isə məhz biz marketerlər asılıdır.