Startup qurmaq indi bir çoxumuzun arzusudur. Xüsusən qısa müddətdə bizə çoxlu pullar qazandıracaq birini. Startup üçün ən vacib məqam ideyadır. Bu yaxınlarda YC şirkətinindən Jared Friedmanın uğurlu startup ideyası tapmaq üçün 7 üsul barədə çıxışına baxdım. Bunlardan hər hansı biri uğurlu şirkət qurmaq üçün yetərli ola bilər, amma hamısı eyni dərəcədə effektiv deyil. Müəllifin ən yaxşıdan ən zəifinə sıralaması ilə bu üsulları diqqətinizə təqdim edirəm.

1. Nədə daha yaxşı olduğunuza baxın

İdeya axtarışında istifadə edə biləcəyiniz ən effektiv üsul sizin (və komandanızın) nədə daha yaxşı, daha bacarıqlı, daha səriştəli olduğunuzu bilməkdir. Bir mövzuya nə qədər yaxşı hakimsizinizsə, nə qədər dərin bilirsinizsə startup üçün mükəmməl ideyanı ordan tapmaq daha asan olacaq. Üstəlik bu ideyanı qısa zamanda, az xərc və minimum səhv ilə həyata keçirə bilərsiz.

2. Başqasının sizin üçün etməsini arzuladığınız nəsə varmı?

“Kaşki bunu mənə təklif edən olsaydı” dediyiniz bir fikir sizin startup üçün uğurlu ideya ola bilər. Misal üçün DoorDash qurucuları şəhər kənarında yaşayırdı. Evlərinə yemək sifariş verəndə çatdırma olmadığına şahid oldular və həmin startupı qurmaq qərarına gəldilər.

3. 10 il uğur qazanmasan belə işləmək istədiyiniz ideya nədir?

Sirr deyil ki, yeni qurulan şirkətlərin 90-95% uğurlu olmur. Bir startup ideyası düşünərkən bunu nəzərə almaq vacibdir. Peşman olmamaq üçün isə elə ideya arxasınca getməlisiniz ki, sizə zövq versin. Sona qədər gedib yorulmadan, usanmadan mübarizə apara biləsiz. Uğur asan əldə olunmur, startuplar bir günə qurulmur. İdeyanızın aşiqi olmasanız, özünüz ona inanmasanız, başqalarını inandıra bilməyəcəksiz.

4. Dünyada, ətrafınızda baş verən dəyişikliklərə nəzər yetirin

Dünyada, cəmiyyətdə, insanların yaşayışında, qanunvericilikdə baş verən (köklü) dəyişikliklər yeni startupların yaranması üçün sizə gözəl ideyalar verə bilər. Bu dəyişiklikləri, trendləri görüb analiz etmək çox gözəl bir vərdiş və bacarıqdır. Bir yenilik başqa yeniliklərə, yeni-yeni həllərə qapı açır. Siz etməsəniz, vaxtında tərpənməsəniz başqaları həmin fürsəti görüb yararlanacaqlar.

5. Uğurlu şirkətlərin təcrübəsini öyrənin

Bazardakı şirkətlərin uğurlu layihələri yeni bir trend yarada bilər. Həmin trendi düzgün anlayıb, həll etdiyi problemi görüb digər sahələrə də tətbiq edə bilərsiz. Bu tam kopyalamaq sayılmır, əsas odur ki moda xətrinə edilməsin – real bir problemi həll etsin.

6. İnsanlardan soruşun

Əksər insanlar tənbəldir. Ağıllarına gözəl bir ideya gəlsə belə arxasınca düşməyə həvəs və maraqları olmur. İdeya axtarışında siz, bu tip insanlarla söhbətləşə bilərsiz. Öz sahəsində ekspert olanlar, başqa şirkət və ya startup qurucuları söhbət əsnasında sizə bilməyərəkdən (bəlkə də bilərək) uğurlu biznes üçün gözəl ideya təqdim edə bilər. Əksər məşhur startup qurucularının çox geniş dost çevrəsi olub ki, bu işdə onlara hər cür dəstək və istiqamət veriblər. Dostunuzun startup ideyasını gerçəkləşdirməsi üçün sizin köməyinizə, bilik və bacarığınıza da ehtiyacı ola bilər.

7. Problemli sahələri kəşf edin

Bir sahədə ciddi bir problem varsa həmin sahə dirçəlmək üçün yenilik tələb edir deməkdir. Çalışdığınız sahədə siz, həmin problemi daha yaxşı anlayıb daha effektiv həllini təqdim edə bilərsiz. Burda uğurun əsas şərti odur ki, yeni startup ideyası sahədə ciddi dəyişikliyə səbəb olmalıdır. Sözü gedən sahədə bu problemdən əziyyət çəkən insanlar sizin həlli göydən düşmə hesab edib həmin an üstünə atılmalıdır.

Ümid edirəm ki, yeni startup ideyası axtaranlar üçün bu 7 üsul faydalı olacaq. Hazırda hər birimizin arzusu tezliklə Azərbaycanda yeni startup inqlabının baş tutmasıdır. Uşaqlarımız var, şərait da artıq yaranır.