14 startap paradoksu bir yerə yığmaqda məqsədim bu sahədə ilk addımları atan startapçılara həyatlarında qarşılaşdıqları maraqlı hal və hadisələrə kənardan baxmağa sövq etməkdir. Paradoks deyiləndə məhz bu cür hallar nəzərdə tutulur – ilk baxışda açıq-aydındır, amma kənardan baxmasan onu heç vaxt görüb anlaya bilmirsən. Mütləq şəkildə özün yaşamalısan və ancaq dərin analiz nəticəsində yaranmış vəziyyəti ya da problemi anlaya bilirsən. Sözü çox uzatmadan gəlin bu startap paradoksları ilə yaxından tanış olaq:

1. Fokus Paradoksu

Startapların məhdud resursları var. Uğur qazanmağın yeganə şərti bu məhdud resursları ancaq və ancaq qarşıda duran əsas məqsədə (şimal ulduzuna) yönəltməkdir. Amma bəzən görürsən ki startap qurucuları bunu unudur və məhdud resursları başqa məqsədlər arasında bölməyə başlayır. Ya da yeni yaranan imkanları dəyərləndirmək üçün başqa istiqamətə üz tutur. Fokus startap paradoksu göstərir ki, bu kimi fokusdan yayınma halları əksər hallarda startapın batması ilə nəticələnir.

2. Vizyon Paradoksu

Jobs. Bezos. Musk. Ən bacarıqlı startap qurucuları mütləq vizyoner olur. Yaranmaqda və potensialı olan bazarları digərlərindən daha tez ön görmək bir vergidir. Amma vizyoner olmaq startapın cari işlərində həmişə faydalı deyil. Vizyoner startap qurucuları bəzi hallarda praqmatik yanaşmır, startapın cari və qarşısına çıxan ciddi problemləri görməzdən gəlir. Bu cür hallarda buluddan yer kürəsinə enmək lazımdır.

3. Nəzarət Paradoksu

İfrat nəzarət həyata keçirən startap qurucuları əslində nəzarəti əldən vermiş olur. İşə götürdüyün adamlara müəyyən müstəqillik vermək, qərarların bir qismini onların çiyinlərinə ötürmək onlara işin bir parçası olduğunu hiss etdirəcək.

4. Miqyas Paradoksu

Startapın ən böyük (rəqabət) üstünülü sürətidir. Ən uğurlu startaplar bürokratiyanın düşmənidir və ona qarşı sona qədər savaşırlar. Bürokratiya qaçınılmazdır, bunu hamı anlayır, amma sürətli böyümək istəyirsənsə bəzən qaydaları da pozmalısan.

5. Etibar Paradoksu

İnvestorlar, işçilər, müştərilər, tərəfdaşlar. Startap qurucuları bu maraq sahiblərində özlərinə və startap ideyaların qarşı etibar yaratmalıdır. Özündən nə qədər razı, özünə nə qədər inansan da tənqid qəbul etməyi, maraq sahiblərindən fikir almağı da bacarmaq lazımdır. Səhvsiz startap olmur. Öz səhvlərindən öyrənmək startap qurucuları üçün əvəzolunmaz bir bacarıqdır.

startap paradoksu

6. Risk Paradoksu

Startapların 90%+ batır. Batır, çünki inanılmaz səviyyədə risk edirlər, özü də startap quruculuğunun hər bir mərhələsində. Adi işçini işə götürmək belə riskdir, çünki faydasız bir işçi olsa nəinki pul, ondan da dəyərli olan vaxt və etibar itirmiş olacaqsan. Startap qurucularının üzərinə düşən ən böyük vəzifə bu cür riskləri maksimal dərəcədə düzgün dəyərləndirmək, amma buna paralel olaraq riskli addımlar atmaqdan qorxmamaq.

7. Ehtiras Paradoksu

Startap quruculuğu bir ehtirasdır, aludəçilikdir, bir sevdadır. Amma nə qədər ehtiraslı olsan da nizam-intizam startapın uğurlu olması üçün ən vacib şərtdir. Ehtiras bir gün keçə bilər, amma əzmli iş mütləq şəkildə öz bəhrəsini verəcəkdir.

8. Məsləhət Paradoksu

Ətrafda olan hamı startap qurucusuna məsləhət vermək istəyir. Bəzən bu məsləhətlər bir-birinə zidd olur, əksər hallarda isə startapa yaxın və uzun müddətdə birbaşa ziyan vurur (nə qədər xoş niyyətli olsa da). Bacarıqlı startap qurucuları faydalı məsləhətləri zibildən ayırmağı, düzgün seçim etməyi bacarmalıdır.

9. Liderlik Paradoksu

Startap qurucuları eyni zamanda liderdir, lider olmalıdır. Onlar vizyonu qoyur, strategiyanı müəyyən edir, işçiləri məqsədə doğru həvəsləndirir, komandanı böyüdür, yetişdirir və ruhlandırır. Amma hər bir lider eyni zamanda təvazökar olmalıdır. Hər şeyi bilmədiyini qəbul etməlidir. Komanda yoldaşlarına qulaq asmağı bacarmalıdır. Xüsusən də müştərilərin sözünü eşitməli və faydalı insaytlar çıxartmalıdır.

10. Böyümə Paradoksu

Startap üçün böyümə gözlədiyindən daha çox vaxt ala bilər. Amma böyümə baş verəndə birdən gələcək. Buna hazır olmaq, öz resurslarını planlaşdırmaq, yaranan çağırışları düzgün idarə etmək lazımdır.

11. İnandırma Paradoksu

Startap qurucuların gördüyü ən vacib işlərdən biri komanda yoldaşlarını, investorları, müştəriləri, tərəfdaşları inandırmaqdır. İnandırma ilə şirinkiləşdirmə arasında tarazlıq tapmaq uğurlu startap qurmağın sirridir. İnandırıcı startap qurucuları çox vaxt heç mübahisə etmir. “İnanmırsan qardaş? Heç mənə sənin inanmağın lazımdır, o qədər yalvaran var ki…” duruşundan daha inandırıcı nə ola bilər ki? Unutma ki, inandırıcılıq özü də bir incə sənətdir.

startap paradoksu

12. Yoxdemə Paradoksu

Nə qədər çox iş götürürsən, eyni zamanda fikrini nə qədər fərqli layihələrə sərf edirsən bir o qədər uğursuz olacaqsan. Startap qurucuları hardasa 90% hallarda yox deməyi bacarmalıdır. Bu startap paradoksu bizə öyrədir ki, uğur qazanmaq hazırda ən vacib olana fokus olmaq, digər işlərə yox deməkdən keçir.

13. Uğursuzluq Paradoksu

Startapların 90% ilk 2 ilində batır. Paradoksal səslənə bilər, amma nə qədər tez startapı batırsan bir o qədər yaxşıdır. Uğursuzluğun ən böyük faydası öyrənmək üçün ən yaxşı dərs olmasıdır. Uğursuz olmaqdan qorxma – sadəcə eyni səhvi 2 dəfə təkrar etmə.

14. Məhsuldarlıq Paradoksu

Daha çox işləmək = daha az proqress qazanmaq. Nə qədər bizə startapa gecəni, gündüzünü verməli olduğunu desələr də iş elədir ki, boş vaxtı doldurmağa meyillidir. Uğurlu startap qurucuları əslində şir kimi olmalıdır – ovun arxasında qaçıb tut (sprint), yeyib dincəl, sonra təkrar et.

Bir startap qurucususanda bu yazının sənə gerçəkləri görməkdə faydalı olacağına ümid edirəm. Hər bir halda ən yaxşı dərs təcrübədə yaşamaqdır. Amma uğursuzluğa aparan yoldan yarıdan dönmək də bir uğurdur.

Mənbə