Sosial media brend kontentinin yayılması üçün ən vacib (bəzi brendləri üçün isə yeganə) kommunikasiya kanalıdır. Sosial media brendlər üçün müştəriləri ilə davamlı və fasiləsiz ünsiyyət qurmaq imkanı verir. Brendlərin paylaşdığı məlumatlar ki, ona kontent adı verilib, reklam mövhumuna yeni anlayışlar qazandırıb. Sosial mediaya yeni başlayan marketerlər çox vaxt ənənəvi reklam və marketinq alətlərindən istifadə edərək kontenti idarə etməyə çalışır, amma hər zaman (demək olar ki, heç vaxt) uğur qazana bilmir. Əsas səbəb isə sosial media kontentinin fərqli qaydalar ilə çalışmasıdır.

Sosial media marketinqin 7 qızıl qaydası var:

qızıl qayda izləyicilər

1. İzləyicinizi tanıyın.

İzləyicini, hədəf auditoriya kimi yaxından tanımaq, nə ilə maraqlandığını, nəyə dəyər verdiyini, özünü necə tanıtdığını və gündəlik vərdişlərini bilmək vacibdir. Ancaq izləyicini tanıyandan sonra onunla düzgün və effektiv ünsiyyət qurmaq mümkündür.

2. Özünüzü çox da ciddi göstərməyin. 

Sosial media insanların özlərini rahat, limitlərdən, qadağalardan, sosial statuslardan və steriotiplərdən uzaq hiss etdikləri bir məkandır. Hər kəs istədiyini yaza, göstərə, paylaşa bilər. Etik normaları aşmadıqça hər bir fikrə anlayışla yanaşmaq, vəziyyətdən, insanlardan, söhbətin çərçivəsindən asılı olaraq birbaşa ünsiyyət qurmağı bacarmaq lazımdır.

3. Dəyərli kontent və əsaslı təkliflər üzərində fokuslanın. 

Paylaşılan kontent izləyicilər üçün ilk növbədə maraqlı və faydalı olmalıdır. Xəbər lentində yüzlərlə kontent arasında sizin postunuz, şəkliniz, videonuz, linkiniz digərlərindən məhz bu kriteriyalar ilə fərqlənməli, onların diqqətini cəlb etməlidir. Kontent insanları daha yaxşı etməyə, həyatlarını, işlərini daha yaxşı qurmağa kömək etməlidir. Satış ilə bağlı kommersiya təklifləriniz də əsaslı və dəyərli olmalıdır, mağazadakından mümkün qədər fərqlənməli, özünəməxsus olmalıdır. Brend öz izləyicisinə onu izlədiyi üçün ən azından bir minnət borcludur. Bu minnətin altından qalxmaq üçün brend izləyicisini üstün tutmalı, onun fikirlərinə dəyər verdiyini göstərməlidir.

qızıl qayda çağırış

4. Kontenti güclü əmələ çağırış ilə müşaiyyət edin. 

Hər bir kontentin bir məqsədi var – insanlar ilə ünsyyət qurmaq. İnsanlar sizin kontentə fikir vermədən xəbər lentini çevirirlərsə deməli sizin postunuz onlara maraqlı gəlmir. Maraqlı gəlməsi belə yetərli deyil. Konfutsinin məşhur ifadəsini xatırlayın: “Eşitdim unutdum, gördüm yadda saxladım, özüm etdim anladım”. Bu ifadə məlumatın mənimsənilməsinə də şamil oluna bilər. İnformasiya o zaman daha yaxşı dərk olunur ki, insan özü hər hansı bir əməl görsün. Postu bəyənməsi, şəkilə klik edib açması, videonu oxutması, linkə keçid alması, şərh yazması izləyicidən gözlənilən əməllərdir. Eyni zamanda bütün bunlar əməl edən insanın dostları tərəfindən də görülür, bununla da orqanik əhatə artır.

5. Kontentin yayılması üçün təkçə orqanik yayım yetərli deyil.

İzləyicilərin sevərək paylaşdığı kontent hazırlamaq hər zaman mümkün olmur. Kontentinizin daha çox insan tərəfindən görülməsi üçün onu ödənişli promouşn etməyə hazır olmaq lazımdır. Kontenti yaymayırsansa, onu heç hazırlamağa da dəymir.

6. Sosial medianın 2 tərəfli küçə olduğunu unutmayın.

2 tərəfli küçə nə deməkdir? Sosial media bir ünsiyyət kanalıdır. Siz məlumat paylaşdığınız kimi, izləyiciləriniz də öz məlumatlarınını, şikayətlərini, istəklərini, narazılıqlarını paylaşır. Onlarla düzgün ünsiyyət qurmaq, narazılıqlarını həll etmək, onları istiqamətləndirmək və ən əsası onlara yardımçı olmaq vacibdir.

7. Kontenti davamlı olaraq təkminləşdirin.

İnternet və onun törəmələri durmadan, yüksək sürətlə inkişaf edir. Sosial şəbəkələr, media alətlər qısa zamanda populyarlıq qazanır və bir o qədər də tez dəbdən düşür. Sosial media insanı “qızıl balıq yaddaşına” sahibdir: 5 dəqiqə öncə onun üçün həyati əhəmiyyət kəsb edən bir məsələ ancaq digər bir aktual mövzu çıxana qədər gündəmdə qala bilir. Bu sürətə uyğunlaşa bilmək üçün kontent də davamlı təkminləşməli, yeni standartlara, gözləntilərə cavab verməlidir. Hansı kontent daha çox marağa cavab verirsə o kontentə ağırlıq vermək lazımdır. Kopyalamaqdan qorxmayın, amma kontenti hər zaman unikal etməyə çalışın. Təcrübənizdən nəticə çıxarın, hər bir paylaşımı ölçün, dəyərləndirin və düzgün analiz etməyi bacarın.

İzləyiciniz sizin dostunuzdur. Onunla dost olun, onunla dost kimi davranın, ona dost kimi dəyər verin. Bununla siz onu, brendinizin loyal müştərisinə, brend vəklinə çevirəcəksiniz. Brend vəkili isə sosial mediada ən etibarlı reklam mənbəyidir.