Reklam neçə dəfəyə işləyir?

Reklam neçə dəfəyə işləyir? Yəni öz məqsədinə çatır. Müştəri reklamı neçə dəfə görməlidir ki, alış etmək qərarına gəlsin və alışı etsin? Marketinqlə məşğul olursunuzsa əminəm ki, bu barədə bir dəfə olsun belə düşünmüsünüz. Cavabınız nədir? 3? 10? Bu suala bəlkə də ilk cavab verməyə çalışan Thomas Smith-in cavabı bilirsiz nə olub? Düz 20 dəfə! Bəli, bəli səhv oxumadınız. İyirmi dəfə. Necə? Gəlin müəllifin dilindən reklamın müştərini alışa aparan yolu ilə tanış olaq.

Reklam neçə dəfəyə işləyir

Reklam neçə dəfəyə işləyir?

1. Reklamı ilk dəfə görən insanlar əslində onu heç görmür.

2. İkinci dəfə insanlar reklama fikir vermir.

3. Üçüncü dəfədən sonra insanlar reklamın mövcudluğundan xəbərdar olur.

4. Dördüncü dəfə zəif də olsa bu reklamı daha öncə gördüklərini xatırlayırlar.

5. Yalnız beşinci dəfədə reklama fikir verirlər: oxuyur ya da baxırlar.

6. Altıncı dəfədə reklamı görməzlikdən gəlirlər.

7. Yeddinci dəfədə reklamdan iyrənirlər.

8. Səkkizinci dəfə “Yenə də bu reklam!” deyə qışqırırlar.

9. Doqquzuncu dəfə reklamın nə mənaya gəldiyi ilə maraqlanırlar.

10. Yalnız onuncu dəfədən sonra onlar dost-tanışdan həmin məhsuldan istifadə edib-etmədiyini soruşurlar.

11. On birinci dəfə şirkətin bu reklamlara nə qədər pul tökdüyü ilə maraqlanırlar.

12. On ikinci dəfədə məhsulun nəsə yaxşı bir şey olduğunu düşünməyə başlayırlar.

13. On üçüncü dəfədən sonra məhsulun dəyərli olduğuna inanırlar.

14. On dördüncü dəfədə bu məhsulu çoxdan arzuladığını xatırlamağa başlayır.

15. On beşinci dəfədən sonra məhsulu almadığına (ala bilmədiyinə) peşman olurlar.

16. On altıncı dəfə məhsulu nə vaxtsa alacağına qərar verirlər.

17. On yeddinci dəfədən sonra məhsulu almaq barədə özündə qeyd edirlər.

18. On səkkizinci dəfə bu məhsulu almağa fürsət verməyən imkansızlığına lənət oxuyurlar.

19. On doqquzuncu dəfədə artıq pullarını saymağa və almaq üçün kənara qoymağa başlayırlar.

20. Və iyirminci dəfədən sonra insanlar nəhayətki məhsulu alırlar.

Reklam neçə dəfəyə işləyir uğur

Sizə də bütün bu proses tanış gəldi, elə deyilmi? Düzdür, 130 il ərzində çox şey dəyişib – insanların qərarlarına təsir edən amillər, reklam üsulları, reklam kanalları və s. Amma insan, bir müştəri olaraq çox da dəyişməyib. Reklamın necə işlədiyinə dair müasir modellər mövzuya daha elmi yanaşsa da, konkret “Reklam neçə dəfəyə işləyir?” sualına cavab verməkdə çətinlik çəkirlər.

Gəlin razılaşaq ki, müştərini alışa sövq edən reklam göstərişlərin sayı:

1. reklam mesajının düzgün insayta əsaslandığından

2. ideyanın nə qədər kreativ və orijinal olmasından

3. düzgün kommunikasiya kanalı seçimindən

4. məhsula olan tələbatın təcililiyindən

5. təklifin nə qədər maraqlı və faydalı olmasından birbaşa asılıdır.

Bu 5 amil alışa aparan reklam göstərişlərinin sayını azalda, hətta artıra bilər. Azaltma nə deməkdir? Siz marketinq işinizi yaxşı görürsüz. Sayının artması isə marketinq prosesində hardasa səhv etmisiniz deməkdir. “Müştəri reklamı neçə dəfə görəndən sonra alır?” sualını özünüzə bir tapşırıq kimi qəbul edin. Araşdırma edib bu göstəricini ortaya çıxarın. Daha sonra həmin sayını azaltmağa çalışın. Bu çalışma sizin marketinq fəaliyyətinizin effektivliyini xeyli artıracaqdır. Bu qədər.

Paylaş: