Reklam mesajı necə olmalıdır?

Reklam mesajı nədir və nə üçün vacibdir? Reklam mesajı, öhdəsinə düşəni yerinə yetirməsi üçün necə olmalıdır? Reklam mesajını hazırlayarkən nələrə diqqət etmək lazımdır? Bu yazımızda sizinlə reklamın mahiyyətini anlamaqda köməklik edəcək bu suallara cavab verəcəyik.

Reklam mesajı reklam kommunikasiyasında istifadə olunan kreativ konsept ideyadır, müştərini hərəkətə gətirməli olan çağırışdır. Reklam mesajına sloqan da demək olar, amma əslində reklam mesajı sloqan ilə yanaşı ideyanın digər sahələrini də əhatə edir. Mahiyyət etibarı ilə reklam mesajı 2 cür ola bilər:

1. İmic xarakterli reklam mesajı

Şirkətin, brendin və ya məhsulun imicini vurğulayan, brend dəyərlərini potensial müştəriyə açıqlayan, mövcud müştərilərdə brendə qarşı loyallığı artıran konsept ideya daşıyan reklam mesajları.

2. Satış məqsədli reklam mesajı

Reklam kommunikasiyasında daha çox satışa çağırış olan reklam mesajları. Bura məhsul barədə informasiyanın, mövcud qiymətin, kampaniya endirimi, güzəşt və hədiyyə şərtlərinin qeyd olunduğu bütün reklam kommunikasiyaları daxildir.

reklam mesajı pizza

Reklam kommunikasiyasını hazırlayarkən ilk növbədə nəyin reklam olunduğunu bilmək və müəyyən etmək lazımdır. Sizə ilk baxışdan sadə gələ bilər, amma 17 illik təcrübəmdə şahid oldum ki, reklamçıların ən çox etdiyi səhv məhz budur: nəyi reklam etməli olduqlarını bilmirlər. Reklamı sifariş edən bir yana, reklamı hazırlayan da müştərinin dərdini dinləmədən öz ağlına gələni müştəriyə yeritməyə çalışır. Əslində isə, reklamı hazırlayan şəxs, agentlik ilk öncə müştərinin dərdini, problemini, reklama tələb yaradan ehtiyacını müəyyən etməlidir. Əgər problem brendin zəif və düzgün olmayan tanınmasındadırsa imic reklamı, yox əgər məqsəd satışı stimulaşdırıb artırmaqdırsa satış məqsədli reklam hazırlanmalıdır.

Reklam mesajının 3 əsas məqsədi var:

1. Diqqət çəkmək

Reklam mesajının birinci başlıca məqsədi izləyicinin diqqətini reklama çəkməkdir. Əgər reklam bunu bacarmırsa reklam artıq effektiv hesab olunmur, çünki bu inanılmaz informasiya axımında potensial müştərinin gözündən yayınacaqdır.

reklam mesajı kitkat

2. Ümumi ideyanı anlamağa kömək etmək

Reklam mesajı bir sloqan olaraq reklamın ümumi ideyasının qısa özətidir, xülasəsidir. Ümumi konsepti açmaq üçün 1-2 dəqiqə tələb olunduğunu təqdirdə, reklam mesajı bir neçə sözlə ideyanı özündə cəmləyir və qavramağa kömək edir.

reklam mesajı coca-cola

3. Rəqiblərdən fərqləndirib yaddaşda saxlamaq

Reklam mesajı həm də reklam olunan malı rəqibinindən fərqləndirməyə kömək edir. Digər rəqib yuyucu tozu paltarları 40 dərəcədə ağappaq edirsə, Ariel 30 dərəcə suda belə mükəmməl nəticə verir. Bu fərqlənməni vurğulayan mesaj müştərinin yaddaşına həkk olunur və bir müddət sonra soyuq su söhbəti gündəmə gəlsə Arieli yada salmağa kömək edir.

reklam mesajı Ariel

Reklam mesajını hazırlayarkən bu 3 məqsədi nəzərə almaq vacibdir. Reklam mesajı kreativ və orijinal olmalıdır ki, digər reklamlar fonunda fərqlənsin və müştərinin diqqətini çəksin. Digər istehsalçılar zavodlarını və istehsal prosesini göstərirsə, siz daha emosional bir reklam mesajı ilə bazara girin. Hamı güldürürsə, siz təəccübləndirin. Reklam mesajını ümumi kreativ konsepti sadə izah edəcək şəkildə yazıb müştəriyə təqdim edin ki, sizi daha yaxşı anlasın.

Satış mesajlarının imic reklam mesajlarından açıq fərqi konkret kommersiya təklifinə sahib olmasıdır. İmic reklamları daha çox brend dəyərlərinin təlqin olunmasına və brendin sevdirilməsinə çalışır. Satış reklamları isə qısa müddət ərzində satışı artırmaq və rəqibin satışını zəiflətmək məqsədi ilə həyata keçirilir. Bu səbəbdən də satış reklamlarındakı reklam mesajı mümkün qədər çarpıcı və hərəkətə gətirən olmalıdır. Geyimə 15% endirim vermək gülməli səslənə bilər, amma məişət texnikasına 15% endirim alış üçün yetərli motiv olacaq. Bir də unutmayın ki, satış reklam mesajları heç də hər zaman endirim, hədiyyə olmaya da bilər. Məşhur brendin bazara yeni məhsulunu tanıtması da satış məqsədlidir əslində. Və ya belə baxanda əlavə imicə və reklama ehtiyacı olmayan Coca-cola, Colgate, Gillette kimi brendlərin davamlı reklam etməsi də məhz satışın düşməsinin qarşısını almaq, davamlı xatırlatma ilə brendi unutmağa və müştərinin başqa malı alıb yoxlamasına imkan verməmək, yəni satışa dəstək olmaqdır.

Marketinq prosesində reklam mesajı bir növü katalizator rolunu oyanyır. Reklam mesajı nə qədər kreativ, nə qədər canayaxın olarsa, marketinq səyləri də bir o qədər effektiv və səmərəli olar. Odur ki, siz marketer olun, amma reklam mesajına diqqət yetirin.

Paylaş: