Onlayn marketinq deyəndə daha çox onlayn reklam nəzərdə tuturuq.  Onlayn reklam internetdə yerləşdirilən, internet vasitəsi ilə yayımlanan reklam növüdür. Onlayn marketinq isə reklamdan daha geniş anlayışdır. Onlayn marketinq digər reklam növləri olan TV, radio, açıq hava, çap reklamlarından nə ilə fərqlənir, üstün cəhətləri hansılardır suallarına cavablarla bu yazımıda tanış olacaqsınız.

Onlayn reklam və onlayn marketinq internetin kommunikasiya kanalına çevrilməsi ilə yarandı. O gün bugün də sürətini azaltmadan inkişaf edir. İnternetin, kompüterlərin, mobil cihazların, sosial şəbəkə və müxtəlif cür saytların, həmçinin hesablama mərkəzlərinin və məlumat toplama xidmətlərinin gücü və imkanları ilə onlayn marketinq çox təsirli və effektiv marketinq alətinə çevrildi.

Onlayn marketinq istiqamətləri:

1. Displey onlayn marketinqi – saytlarda yerləşdirilən müxtəlif ölçü və formatda olan bannerlər.

2. Sosial media marketinq – sosial şəbəkələrdə reklam məzmunlu postların hazırlanması və yayımı.

3. Email marketinq – elektron poçt vasitəsi ilə reklam kontentinin yayımı.

4. Search Engine Marketing (SEM) – axtarış sistemində yerləşdirilən və axtarış nəticələrinə görə göstərilən məqsədli reklamlar

5. Search Engine Optimization (SEO) – axtarış sistemlərində daha yaxşı orqanik nəticələr üçün görülən tədbirlər

6. Mobil marketinq – Mobil cihaz vasitəsi ilə və ya mobil cihaza çatdırılan reklam mesajları. Bura həmçinin, brendlərin xüsusi olaraq hazırladıqları mobil tədbiqlər də daxildir.

7. Kontent marketinq – Potensial müştərinin diqqətini cəlb etmək məqsədi ilə müştəri üçün faydalı və lazımlı informasiyanın hazırlanıb sosial media kanalları, sayt, bloq, rəy sahibləri vasitəsi ilə paylaşılması.

8. Messenger marketinqi – son dövrdə daha çox populyarlaşan mesaj göndərmə xidmətləri (Whatsapp, Facebook Messenger və s.) vasitəsi ilə reklam mesajlarının yayımı, müştərilər ilə ünsiyyətin qurulması.

Bu sahələrdən hər biri ayrılıqda bir yazının mövzusudur. Bu təsnifata çox girmədən sizə onlayn marketinqin möcüzəsi barədə danışmaq istəyirəm.

Onlayn marketinq möcüzəsi necə baş verir?

Bu möcüzə onlayn marketinqin yüksək dərəcədə adaptativ və effektiv olmasından qaynaqlanır. Onlayn marketinq möcüzəsinin 10 əsəs sirrini diqqətinizə təqdim edirik::

1. Büdcə minimumu tələbi

Onlayn marketinq digər reklam növləri ilə müqayisədə çox daha ucuzdur. Daha doğrusu ucuz, aşağı büdcələri həlləri kifayət qədərdir. Məsələn, Azərbaycan telekanallarında effektiv əhatə və göstəriş nəticəsini əldə etmək üçün minimum büdcə təxminən 50 000 manat təşkil edirsə, internetdə 5 dəfə daha aşağı büdcə ilə eyni sayıda izləyiciyə xitab etmək mümkündür. Günə 1 dollar ilə Google Adwords, günə 5 dollar ilə Facebook və ya Instagramda reklam etmək mümkündür. 100 manat ilə TV-yə getsəniz sizi heç qapıdan içəri buraxmazlar.

2. Ölçülə bilməsi

İnternet data və data emalı üzərində qurulub. İnternetdə yerləşdrilən hər bir reklamın yerləşdirmə effektivliyini, göstəriş perfomansını, nə qədər qazandırdığını ölçmək və analiz emək mümkündür.Məsələn, bir banneri nə qədər unikal adam görüb, bannerin üzərində neçə saniyə vaxt keçiriblər, neçə klik olub, bu bannerdən gələnlər saytda nə işlə məşğl olub kimi məlumatlar analiz və dəyərləndirmə üçün çox faydalıdır.

3. Müxtəlif formatlara salına bilməsi

İnternet reklamın formatı baxımından hədsiz imkanlar yaradıb. Digər reklam növlərində, məsələn TV-də reklam çarxı, sponsorluq, transparant banner kimi reklam formatlarının sayı məhduddur. Onlayn reklamda isə hər yerindən duran fərqli bir format çıxarır. Displey reklamlarla yanaşı, axtarışda çıxan mətn reklamları, müxtəlif növ dinamik bannerlər, tam səhifəni bağlayan və ya ortadan pırt edib çıxan overlay bannerlər – say-say bitmir.

4. Hədəfləmə

TV-də təxmini hədəfləmə olsa da: məsələn qadın-kişi, uşaq-böyük verilişləri kimi, heç bir reklam kanalında internet qədər dəqiq hədəfləmə etmək mümkün deyil. İnternetdə hər kəs müəyyən iz buraxır: cookies vasitəsi ilə saytlar internet izləyicilərinin kimliyi, maraq və istəkləri barədə kifayət qədər dolğun məlumat əldə edə bilər. Uşağı musiqiyə gedən gənc anaları, təchizat şöbəsi müdirlərini, yay tətilini xaricdə keçirənləri ayrılıqda hədəfləmək istəyirsiz? Problem deyil, ekstra xərc tələb emtədən istədiyiniz hədəf auditoriyanı təyin etmək mümkündür. Hətta remarketinq vasitəsi ilə onlayn mağazasına gələn izləyicilərə, qaldıqları yerdən davam etməyi təşviq edən reklamlar yayımlatmaq mümkündür.

5. Proqramlaşdırma və avtomatlaşdırma

Onlayn marketinq yüksək dərəcədə proqramlaşdırıla və avtomatlaşdırıla bilər. Kompüter və data sistemlərinin inkişafı bizə imkan verir ki, müştərinin məlum olan və hətta məlum olmayan ehtiyacına görə ona müvafiq reklam mesajı göstərilsin. Məsələn, siz son vaxtlar internetdə səyahət ilə maraqlanırsızsa, reklam sistemləri sizin tətilə ehtiyacınız olduğunu düşünərək sizə uyğun tətil paketi reklamını təqdim edəcəkdir. Avtomatlaşdırma isə imkan verir ki, bütün mümkün marketinq mesajları eyni anda işləsin və öz müştərisinə xitab etsin. Yəni satıcı, saytındakı 10 qrup mal üçün eyni zamanda reklam kampaniyası keçirə və müvafiq müştərilərə, axtarış sorğularına görə müvafiq malın reklamını göstərə bilir. Fasilə vermədən, gecə-gündüz demədən.

6. Xərc effektivliyi

Onlayn marketinq alətləri xərc və qiymət baxımından olduqça effektivdir. Burda hər xərclədiyiniz qəpiyin nəyə və necə xərcləndiyini rahatlıqla görə bilirsiz. Adwords kimi reklam sistemləri sizə klikə, sayta keçidə, saytda istədiyiniz əmələ görə ödəmə etməyə imkan verir. Həmçinin siz, daha keyfiyyətli reklam mesajı, internet səhifəsi kontenti və gözə gəlimli reklamlar hazırlamaqla sizdən daha çox büdcəsi olan rəqiblərinizə qalib gələ bilərsiz. Bu mexanizm ilə tanış olmaq üçün bu videonu izləməyi tövsiyə edirik.

7. Müştərilər ilə birbaşa ünsiyyət

Onlayn marketinq alətləri – sayt, sosial hesablar, messencerlər müştərilər ilə kəsilməyən ünsiyyət saxlamağa imkan verir. Gündəlik olaraq siz müştərilərə qulaq asıb, problemlərini həll edə, onları daha yaxından tanıya və sevgilərini qazana bilərsiniz.Müştərilərin şikayətlərini həll etməklə siz, özünüzü gözəl reklam etmiş olacaqsınız.

8. Müştərilər barədə məlumatın toplanılması

Düzgün onlayn marketinq alətlərindən istifadə etməklə siz, müştəriləriniz barədə istədiyiniz və sizə daha sonra lazım olacaq məlumatı toplaya bilərsiniz. Bloqunuzun email göndərişlərinə yazılanlar, sosial mediada sizi izləyənlər, paylaşımlarınıza münasibət bildirənlər, saytınızı ziyarət edənlər, onlayn mağazanızda məhsulunuzu zənbilə atanlar – bütün bu müştəri qrupları barədə məlumat toplamaqla siz növbəti marketinq addımlarınızı daha effekiv şəkildə planlaşdıra, mesajınızı daha aidiyyatı üzrə ünvanlaya bilərsiniz.

9. Dolğun informasiya mənbəyi

Hər bir sayt sahibi üçün onlayn mağaza, onlayn sərgi rolunu oynayır. Əgər siz saytınızı yüksək səviyyədə hazırlasanız, onu bütün tələb olunan informasiya və alətlərlərlə təchiz etsəniz, saytınız sizin pul kəsən maşınınıza çevriləcəkdir – sizə daimi müştəri qazandıracaqdır. O cümlədən sosial media hesablarında siz faydalı və maraqlı məlumat paylaşmaqla, müştərilərinizə öz işiniz barədə hərtəfli informasiya verə bilərsiniz.

10. Şəffaflıq və etibar

İnternetdə hansı şirkətləri tapa bilmərsiz? Müştərisindən qorxan, öz işlərini mümkün qədər gizli tutan, fırıldaq işlərlə məşğul olan şirkətləri. Əgər siz yeni bir brend adı eşitsəniz, ilk növbədə onu Google və ya Facebookda axtarış edəcəksiniz. Əgər orda heç bir rəsmi internet səhifə və ya hesab tapmasasınız, bu brend haqqında sizə heç də yaxşı təəssürat formalaşmayacaq. Onlayn həyat hazırda hər bir brend üçün şərtdir. Onlaynda siz müştəriniz ilə ünsiyyətə girib, işinizin şəffaf olduğunu göstərmiş olacaqsınız. Müştəriləriniz də açıq aşkar sizin fəaliyyəriniz barədə rəylərini paylaşıb sizi reklam edəcəklər. Bütün bu müsbət fəaliyyət nəticədə sizə qarşı etibar yaradacaqdır.

Təsəvvür edin – siz yatağınızda yatarkən dünyanın ucqar bir kəndində potensial müştəri sizin sayta daxil olur, şirkətiniz və məhsullarınız barədə məlumat əldə edir, bəyəndiyi məhsulu alıb pulu ödəyir. Siz səhər telefonuza gələn mesaj ilə yatağınızdan qalxıb gecə ərzində nə qədər satışın gerçəkləşdiyi məlumatı əldə edirsiniz. Möcüzədir? Yox. Düzgün çalışan onlayn marketinqdir.