Mikro moment nədir?

Müasir marketinqin qarşısında duran ən böyük problem müştərini yaxalamağı bacarmaqdır. Müasir kommunikasiyalar, internet, sosial şəbəkələr, smartfon insana inanılmaz azadlıq verib. 50 il əvvəl hamı bir televizorun qarşısında oturub bir kanala baxırdı və ya bir radioya qulaq asırdı. İndi isə… Nəyə, harda, necə və nə qədər baxacağına müştəri özü qərar verir. Birbaşa reklam əvvəlki kimi və əvvəlki qədər işləmir. Bu halda nə etmək lazımdır? Bəli, marketinq psixologiyasını köməyə çağırmaq lazımdır. Daha doğrusu mikro moment nədir onu araşdırmalıyıq.

Bir anlıq gündəlik həyatınızı gözünüzün qarşısına gətirin. Boş vaxtınız olan kimi, bütün diqqətinizi smartfona yönəldib nəsə maraqlı bir məlumat axtarırsız. Facebookda, Instagramda, YouTube-da təzə nə baş verib, əyləncəli nəyə baxa bilərəm. Məhz burda birinci mikro moment başlayır.

1. “Mən bilmək istəyirəm” mikro moment

İnsan beyni dözülməz dərəcədə yeni informasiya axtarışındadır. Bu informasiya axtarışında brend üçün bir fürsət var. Müştəri sorğusuna, onun marağına uyğun olaraq hazırlanan kontent brend və məhsul ilə ilk tanışlıq, alışa doğru yolunda ilk addım olacaqdır. Məsələn, geyim mağazası müasir moda ilə bağlı videolara baxan bir xanıma yeni kolleksiyasının tanıtım videosunu göstərməklə brend ilə bağlı ilk təəssürat yaratmış olacaq. Müştəri artıq brendi tanıyacaq, onu müəyyən müddət ərzində xatırlayacaqdır. Burda əsas şərt brendin təqdim etdiyi kontentin reklam deyil, məhz faydalı kontent şəklində hazırlanıb təqdim olunmasıdır. Bu mərhələdə açıq-aşkar reklamin effektivliyi çox aşağı olacaqdır. Bu mikro momenti yaşayan müştərini tuta bilmək üçün onu yaxından tanımaq, nə ilə maraqlandığını bilmək lazımdır. Əgər sizin müştəriniz avtomobillər ilə maraqlanırsa siz öz məlumatlandırıcı kontentinizi maşın mövzusunda kontent paylaşan saytlarda yerləşdirməlisiniz.

2. “Mən getmək istəyirəm” mikro moment

İnsan hər zaman internetdə olmur, real həyatda da müəyyən vaxt keçirir. Bu vaxt ərzində o, harasa getmək, vaxtını fərqli və əyləncəli şəkildə keçirməyə can atır. Bu an marketinq üçün daha bir fürsət açılır: müştərinin mümkün gedəcəyi yerlər arasında mağazanızı göstərmək. Müştəri hara gedəcəyini internetdə axtarırsa, dostundan soruşursa birinci mikro moment zamanı müştəriyə çatdırdığımız informasiya öz işini görəcəkdir (ya da görməyəcəkdir). Əgər sizin kontentiniz onu maraqlandırıbsa, yaddaşında qalıbsa və daha çox məlumat almağa ehtiyacı yaranıbsa sizin mağazanıza gələcəyindən əmin ola bilərsiz. Bu mikro momentdə real mağaza da ola bilər, internet sayt da, tədbir də… Bu mikro momenti yaşayan müştərini tuta bilmək üçün məhsulu ən cazib halında göstərən, rəy sahiblərinin tövsiyələrindən istifadə etmək lazımdır.

3. “Mən etmək istəyirəm” mikro moment

Müştəri, brendin məhsulunu alandan öncə müəyyən bir yol qət edib, ondan tələb olunan əməlləri etməlidir. Müştərini mağazaya, onlayn sayta gətirmək azdır. Müştəri saytda ehtiyacı olduğu məhsulu tapmalı, əlavə məlumat əldə etməli, digərləri ilə müqayisə edərək seçim etməyə maraqlı olmalıdır. Müştəri bu mikro momenti sizin saytda yaşamaya da bilər. Tam fərqli bir kontent oxuyarkən sizin reklamınızı görsə bir anlıq məhsulunuza qarşı onda “həvəs” yarana bilər ki, hansıki onu sizin sayta gətirəcək və alışa sövq edəcəkdir. Bu mikro momenti yaşayan müştərini tuta bilmək üçün kommersiya təklifi olan reklam mesajları tələb olunur. “İndi al!”, “Yalnız bugün!”, “Bu promo kodla gələnlərə 20% endirim” kimi mesajlar müştərini hərəkətə gətirəcək və ondan tələb olunan addımı atmağa məcbur edəcəkdir.

4. “Mən almaq istəyirəm” mikro moment

Gəldik çatdıq ən son və ən həll edici məqama. Əvvəlki mikro momentlər müştərini bu mikro momentə gətirmək üçün idi. “Mən almaq istəyirəm” mikro momenti yaşayan müştəri artıq məhsula olan ehtiyacını dərk edib və bu ehtiyacı qarşılamaq üçün addım atmağa hazırdır. Alışdan onu saxlayan ilk baxışdan əhəmiyyətsiz hesab etdiyimiz xırda psixoloji qorxular, əminsizlik, narahatçılıqdır. “Bəlkə almayım?”, “Sonra alsam dünya dağılmaz ki”, “Verəcəyim pula dəyərmi?” kimi düşüncələr cibindən pulu çıxarmağa, “Al” düyməsini basmağa mane olacaqdır. Bu mikro momenti yaşayan müştərini “itələmək” üçün marketinq nə etməlidir? Bu psixoloji qorxuları, narahatçılığı ortadan qaldıracaq mesaj yönəlməlidir: “Bu mal indi dəbdədir”, “Hamı bunu geyinir” (hamı birdən səhv edə bilməz axı), “Əhməd aldı və peşman deyil”, “İndi alsan üstündə hədiyyə də verəcəyik”. İlk baxışdan bu ifadələr sadə söz kimi görsənə bilər, amma onlar alış prosesini tamamlamaq üçün çox vacibdir..

Bu 4 mikro moment müştəri ilə ünsiyyətdə çox vacib rol oynayır. Əgər real həyatda təcrübəli satıcı ilk dəfə gördüyü müıştərini çözüb psixoloji portretini çizə bilirsə, internetdə, Facebook səhifəsində bunu bir post paylaşımından bilmək çox çətindir. Buna baxmayaraq digital marketinq sahib olduğu mükəmməl alətlər vasitəsi ilə, internetdə hamının buraxdığı izə əsasən tələb olunan məlumatı əldə edə bilir. Unutmayın, marketinqdə uğura aparan yol müştərini tanımaqdandan keçir. Müştərinin gündəlik nə yeyib, nə içdiyini, nə düşündüyü, nələr etmək istədiyini bilin. Müştərini öz yaxınınız kimi tanıdıqdan sonra onu hər mikro moment anında yaxalayıb, düzgün mesajla alış qıfının aşağısına doğru apara biləcəksiz.

Paylaş:

One comment on “Mikro moment nədir?”

  1. Editor says:

    Bu yazını bəyəndisinizsə “Müştərinin 10 istəyi” yazısını da oxumağı tövsiyə edirəm. Bizə dəyər verib yazırları oxuduğunuz üçün təşəkkür edirik.

Comments are closed.

error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az