Sosial şəbəkələrdə məhsul tanıtımı üçün 10 strategiya

İnternet yeni məhsulların bazara tanıdılması yollarını tamamilə dəyişib. Əvvəl, klassik marketinqdə yeni məhsulu daha çox adama tanıtmaq üçün geniş miqyaslı TV, radio və açıq hava reklamlarından istifadə olunurdu. İndi isə internet 2.0, o cümlədən sosial şəbəkələr brendlərə düzgün strategiya ilə məhsulun öz auditoriyasına birbaşa çıxış imkanları verib. Daha az büdcə ilə siz, öz məhsulunuzu alış ehtimalı daha çox olan potensial müştərilərə göstərib daddıra bilərsiz. Amma, internetdəki ifrat məlumat çoxluğu arasında öz mesajınızı necə fərqləndirmək, nazlı internet istifadəçisinə necə bəyəndirmək, tənbəl müştərini necə hərəkətə gətirmək olar?

sosial media 10 strategiya

Bunun üçün ilk öncə hədəf auditoriyanı, yəni potensial müştəri kütləsini mümkün qədər dəqiqliyi ilə fərqləndirmək, onların nəyi bəyənib-bəyənmədiyini öyrənmək, istək və ehtiyaclarını araşdırmaq lazımdır. Hansı sosial şəbəkədən necə və nə vaxt istifadə edirlər? Nəyə daha çox etibar edir, nədən çəkinirlər? Müxtəlif nəsillər fərqli kommunikasiya kanallarına etibar edir: yaşlılar TV-yə, orta nəsil internet saytlara, yeniyetmə nəsil isə istifadəçi rəylərinə. Potensial müştərilərin alışa bu qədər diqqətli yanaşması, alışdan öncə müxtəlif kanallar vasitəsi ilə məlumat toplaması brendlərin işini müəyyən dərəcədə çətinləşdirir. Çünki onlar bütün bu kanallarda təmsil olunmalı, öz brendinin müsbət imicini hər yerdə qoruyub saxlamalıdır.

Hazırda Facebook, TV-dən sonra ikinci vacib kommunikasiya kanalıdır. Yeni məhsulu tanıtmaq, satış təkliflərini müştəriyə çatdırmaq üçün Facebook, digər sosial şəbəkələr ilə müqayisədə daha çox istifadə olunur. Marketerlər hər bir sosial şəbəkənin özəlliyini nəzərə almalı, bu cür kampaniyalarda hər bir üçün daha effektiv kreativ mesajlardan və bu mesajların yayılma alətlərindən düzgün istifadə etməlidirlər. HBR jurnalında marketerlərə tövsiyə kimi, sosial şəbəkələrdə yeni məhsulun tanıtımının 10 mümkün strategiya olaraq aşağıdakılar qeyd olunur:

1. Sosial şəbəkələri əsas deyil, yardımçı kanal olaraq istifadə edin.

Taco Bell, fastfood restoranı, yeni məhsulunu tanıtmaq üçün hiylədən istifadə etmişdi. Bu məhsul barədə məlumatı gizli saxlayaraq, sosial şəbəkələrdə şaye buraxmışdı ki, New Yorkun mərkəzindəki gül mağazasında “Mavi buket” gizli açar sözünü deyənə yeni tako verilir. Beləliklə Taco Bell, müəyyən dərədəcə yeni məhsulu ətrafında tizer havası yarada bildi. Amma əsas tanıtım TV kanalların vasitəsi ilə gerçəkləşdi. Sosial şəbəkələrdə şayelərin yayılma özəlliyi ustalıqla istifadə olundu.

2. Sosial şəbəkələri prezentasiyanı daha ünvanı və daha şəxsi etmək üçün istifadə edin.

Sosial şəbəkələr auditoriyanı yüksək dərəcədə seqmentləşdirməyə imkan verir. Sizin məhsul müəyyən bir xüsusiyyətə malikdirsə siz, bu xüsusiyyətinə daha çox diqqət göstərəcək hədəf auditoriyanı təyin edib, fərdiləşmiş mesajlar yayımla bilərsiz.

3. Sosial şəbəkələri brendinizə qarşı simpatiya və emosional bağ yaratmaq üçün istifadə edin.

sosial media twinkie

Hostess Cakes şirkəti 2012-ci ildə müflis olduqdan sonra, Amerika üzrə olduqça populyar olan Twinkie adlı keksi da istehsaldan çıxdı. Bir müddət sonra şirkət özünə gəldi və Twinkie keksini “Ən çox arzulanan qayıdış” adı ilə təkrar bazara çıxartdı. Şirkət kekslə bağlı insanların xoş xatirələrindən istifadə edərək böyük orqanik paylaşımlara nail oldu: Twitter-də 350 mln-dan çox qeyd, Facebookda 500 mindən çox izləyici əldə etdi.

4. Hədəf auditoriyanın hansı sosial şəbəkədən necə istifadə etdiyini nəzərə alın.

Pop kraliçası Madonna “Living for Love” adlı yeni albomu ilə yeniyetmələrin qəlbinə girmək istəyirdi. Radio və MTV-yə girmək yerinə o, yeniyetmələrin daha çox istifadə etdiyi Snapchat messengerini seçdi.

5. Sosial şəbəkələrdə məqsədli müsabiqələr keçirin.

Heç kimə gizli deyil ki, uduşlu müsabiqələr brendə yeni izləyicilər qazandırır və mövcud izləyicilərin diqqətini çəkir. Xüsusən yeni məhsullar üçün bu strategiya olduqça əlverişlidir, çünki izləyicilər məhsulunuz haqqında etibar etdiyi rəy sahiblərinin dilindən öyrənir. Sosial şəbəkələrdəki müsabiqələr brendə qarşı loyallığı artırmaq və brendinizi reklam edəcək izləyiciləri mükafatlandırmaq məqsədləri ilə keçirilməlidir. Sizin loyal auditoriyanız da yeni məhsulunuzu ilk və pulsuz aldıqlarına görə özünü mükafatlandırılmış hesab edir.

6. Rəy sahiblərindən düzgün istifadə edin.

Swiffer Sweep & Trap

P&G şirkəti Swiffer Sweep & Trap adlı yeni məhsulunu bazara təqdim edəndə məhsulun xüsusiyyətləri izah etməkdə çətinlik çəkdiyinə şahid oldu. Məhsulun praktiki tədbiqini nümayiş etdirmək üçün P&G, New Yorkda gənc ana olan bloqqerlər üçün tədbir təşkil etdi. Tədbirdə ana və uşaqlar oynayıb əyləndilər, hər yeri dağıtdılar. Daha sonra şirkət nümayəndələri yeni məhsul ilə hər yerini təmizlədilər. Tədbirə dəvət olunan analar öz bloqlarında tədbirdən şəkilləri və məhsula olan heyranlıqlarını paylaşdırlar.

7. Həştəqlərdən istifadə etməyi unutmayın.

Həştəqlər müəyyən bir mövzunu fərqləndirmək və izləmək üçün olduqça effektivdir. Yeni məhsulu bazara təqdim edəndə bu cür həştəqlə siz müştəri rəylərini öyrənə bilərsiz. Wendy restoranları yeni burqerini təqdim edəndə #PretzelLoveSongs həştəqindən istifadə etdi və hamını bu həştəqlə paylaşımlar etməyə çağırdı. Şirkət bütün paylaşımları diqqətlə izləyirdi, ən maraqlılarını isə mükafatlandırırdı.

8. Korporativ imici yaxşılaşdırmağı da unutayın.

Belə bir yanlış təsəvvür var ki, sosial şəbəkələr ancaq kütləvi istehlak malları üçündür. Amma ABŞ-nın ən nəhəng B2B şirkətlərindən olan General Electric belə düşünmürdü. Şirkətin Instagram səhifəsində bütün məhsullar və xidmət haqqında maraqlı videolar paylaşılır. Bununla General Electric hamıya şirkətin əsrlik tarixi və korporativ mədəniyyəti barədə maraqlı məlumat verir. Fond Birjasında səhmləri satılan şirkət üçün bu, olduqça effektiv bir digital PR addımıdır.

9. Sosial şəbəkələrin vasitəsi ilə istehlakçıların bəyənəcəyi məhsulu yaradın.

lays wasabi

Hər bir şirkətin əsas məqsədi müştərinin bəyənəcəyi və sevə-sevə istifadə edəcəyi məhsul istehsal etməkdir. Sosial şəbəkələr vasitəsi ilə şirkət, müştərinin ilk baxışdan bəyənəcəyi məhsulu istehsal edə bilər. Necə? Lay’s çipslərinin etdiyi kimi. Lay’s izləyicilərinə müraciət edərək yeni çipslər üçün ən sevdikləri dadı təklif etməyə çağırdı. Qalib olaraq seçilən Yaponiyanın məşhur vasabi dadı tezliklə rəflərdəki yerini aldı. Şirkət həm yeni məhsulunun reklamını etdi, həm də əksəriyyətin bəyənəcəyi dadları müəyyən etdi.

10. Sosial mediadan tam gücünə istifadə etmək üçün bir addım öndə olun.

İnternet texnologiyaları sürətlə inkişaf edir. Sosial şəbəkələrin imkanları gündən-günə artır. Kəskin rəqabət şəraitində qalib çıxmaq üçün ən son nailiyyətlərdən və imkanlardan vaxtında xəbərdar olmaq və müvafiq tədbirlər artmaq lazımdır. Yeni çıxmış mobil tədbiq hədəf auditoriya arasında populyarlıq qazanırsa, vaxt itirmədən ora girmək, izləyicilərin yanında olmaq lazımdır.

Paylaş: