Marketinq nədir?

“Marketinq nədir?” sualına ən sadə və dəqiq cavab “döyüş sənətidir” desək yanılmarıq. Marketinq, şirkətlərin müştərilər uğrunda apardığı döyüşdə nümayiş etdirdiyi bilik, bacarıq və fənd toplusudur. Marketinq, məhsul və xidmətinizin müştərilər üçün vacib və əvəzolunmaz olduğuna inandırmaq bacarığıdır. Müştərilər uğurunda döyüşdə rəqiblərə qarşı işlədəcək fəndiniz, üstün olduğunuz bacarığınız yoxdursa bu döyüşdə məğlub olmağa məhkumsuz.

Necəki döyüşçü məşq etməklə, döyüşməklə özünün peşəkarlığını artırır, marketinq də şirkətlər üçün bir yatırım, bir investisiyadır. Marketinqə düzgün xərclənən hər bir qəpik nəticədə şirkətə uğur, mənfəət və təcrübə qazandırır. Uğursuz bir marketinq fəaliyyəti belə düzgün yolu, düzgün hədəfləri müəyyən etməyə kömək edir.

ATL və BTL Məhəmməd Əli

Bazar bir cəngərlikdir, bu cəngərlikdə sağ qalıb böyümək üçün döyüşməyi bacarmaq lazımdır. Cəngərliyi, yəni bazarın hər bir küncünü, bucağını tanımaq, ovlanan müştərinin vərdiş və davranışlarını bilmək bazar araşdırması tələb edir. Bazarı, müştərisini əlinin içi kimi tanıyan ovçular, yəni marketerlər onu ovlamaq üçün daha az vaxt və güllə sərf edir.

Hər bir müştərini izləməyin, onu əldə etməyin bir strategiyası olmalıdır. Dovşanla ceyran, balıqla quş eyni cür ovlanmır. Biri üçün uğurlu olan digəri üçün mənasız ola bilər. Marketinqin strategiyasına uyğun plan quraraq ovçu pusquya yata, ya da aktiv ova çıxır, ovu tələyə salmağa, onu özünə çəkməyə çalışır.

Şirkət marketinqi eyni zamanda yenilik və innovasiyaları sürətli mənimsəmə və tədbiq etmə sənətidir. Yaxşı ovçu daima yeni fəndləri sınaqdan keçirir, ovu yeni üsullarla tovlamağa səy göstərir. Digər ovçular ondan öyrəndiklərini tədbiq edənə qədər o, bir addım irəlidə olmağa çalışır.

Bugünün ən güclü brend dəyərinə sahib şirkətlərin uğur sirri məhz güclü marketinq sənətinə yeyələnmiş olmalarıdır. Hər kəs onlara sansey kimi baxır, onlara qibtə edir, onların sahib olmadığı gücü və bacarıqlara onlara aid edir, bir əl işarəsi ilə onların ovucuna düşür.

Marketinqin elmi tərifini də qeyd etmək yerinə düşər: Amerika Marketinq Assosiyasının rəsmi tərifinə görə marketinq – müştəri, partnyor, və bütövlüklə cəmiyyət üçün dəyərə sahib təklifin yaradılması, kommunikasiya olunması, çatdırılması və dəyişdirilməsi fəaliyyəti, prosesi və institutlar məcmusudur.

Marketinqin atası Kotlerə görə isə marketinqin tərifi – mənfəət qazanmaqla hədəf kütlənin ehtiyaclarını ödəməyə yönəlmiş dəyərin araşdırılması, yaradılması və ötürülməsi elmi və sənətidir.

Marketinqdə əsas olan dəyərdir. Şirkətlər mal satmış kimi görsənsə də əslində dəyər satırlar. Bəs niyə biz mala dəyər deyirik? Malın dəyərdən əsas fərqi odur ki, mal müştərinin hər hansı bir ehtiyacını ödədiyi halda dəyərə çevrilir. Bu dəyəri müştəriyə göstərmək, dəyərli olduğunu izah etmək və inandırmaq, ən əsası isə sata bilmək üçün marketinq lazımdır. Amma bu işdə mənfəətı də unutmaq olmaz – dəyərin satış prosesindən qazanc qalmasa marketinqlə heç məşğul olmağa dəyməz.

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az