Kopiraytinq reklam mətninin oxuyucunu arzulanan əməl atmağa vadar edəcək tərzdə yazılmasıdır. Reklam sahəsində kopiraytinq ilə məşğul olan şəxsə kopirayter deyilir – bizim dildə mətn yazarı da istifadə olunur.

Kopiraytinq reklamda niyə vacibdir? Çünki adi elan mətnini satan reklama çevirməyə qadirdir. Misal üçün: “Uşaq ayaqqabısı satılır” elanını Ernest Hemingway sadəcə 1 söz əlavə etməklə möhtəşəm reklam mətninə çevirmişdir: “Uşaq ayaqqabısı satılır, geyinilməmiş“.

Kopiraytinq bir sənətdir, durmadan təkminləşdirə biləcəyin bir bacarıqdır. Bu işdə sənə faydalı olacaq 17 tövsiyəni qaçırma.

1. Əlindən pozan əksik olmasın

Image

Məşhur yazıcı Mark Twain-in gözəl bir sözü var: “Uzun məktub üçün üzür istəyirəm, daha qısa yazmağa vaxtım olmadı. Kopiraytinq də fikrin qısa və öz ifadəsini tələb edir.

2. Səmimi ol

Image

Kopiraytinq səmimi olmağı sevir. “Daha yaxşı”, “daha sürətli” kimi sözlər isə səmimi deyil, müştərinin gözündə yalan kimi görünür. Məhsul nədirsə onu yaz.

3. Müştəriyə verdiyin faydaya fokuslan

Image

“İlk mənəm”, “ən böyük mənəm” kimi ifadələr diqqət çəkə bilər, amma məhsulu müştəriyə sevdirməz. Müştəriyə verdiyin birbaşa fayda nədirsə ondan danış, ondan yaz. Mükəmməl “1.000 mahnı cibində” şüarında olduğu kimi.

4. Passiv olma, aktiv ol

Image

Kopiraytinq passiv, mücərrəd ifadələrdən nifrət edir. Aktiv, konkret ifadələr isə müştərinin diqqətini çəkir, ondan nə tələb olunduğunu açıq şəkildə ortaya qoyur. Nike brendinin “Just do it!” şüarı kimi istəsən hərəkətə gətirəcək.

5. Brendin də bir şəxsiyyəti olduğu unutma

Image

İnternet dövründə brend ilə üzbəüz kommunikasiya minimuma enib. Artıq satıcını görmədən məhsulu (xidməti) birbaşa saytdan alırıq. Amma bu o demək deyil ki, brend də üzsüz olmalıdır. Əksinə, brend kommunikasiyası elə qurulmalıdır ki, fiziki ünsiyyət əksikliyini tamamlasın. Unutma ki, insanlar insanlardan alır.

6. Konflikt maraq yaradır

Image

Mətndə müştəriyə yaltaqlanmaq heç bir fayda verməyəcək. Hamı bilir ki, bu reklamdır. Ona görə də ilk baxında müştərini təəccübləndirmək, qıcıqlandırmaq, hər hansı bir emosiya yaratmaq lazımdır. Yoxsa sənin kontent milyonlarla bənzər kontentlər arasında itib batacaq.

7. Danışdığın kimi yaz

Image

Üzbəüz ünsiyyət necədirsə reklam mətni də o cür olmalıdır. Sən deyə xitab et, mövcud problemlərdən danış, real insanları nümunə göstər, əməl bildirən sözlərdən istifadə et. Qarşındakının insan olduğunu unutma.

8. İnsanları oxumağa dəvət edəcək tərzdə yaz

Image

İnternet dövrünün insanı tənbəldir, diqqət əksikliyi sindoruma sahibdir. Qızıl balıq kimi qarşına çıxanı maksimum 2 saniyə sonra unudur. Ona görə mətni elə yaz ki, “1001 gecə” nağlındakı kimi axıcı olsun, oxuyucunu oxumağa davam etməyə məcbur etsin.

9. Müştərinin eşitmək istədiyini söylə

Image

Müştərinin dilinə yad olan sözlərdən çəkin. Onun daha üstün versiyasını göstərib ona doğru istiqamətləndir. Gizli arzusu nədirsə, önünə qoy.

10. Ara başlıqları unutma

Image

İnsanlar ilk baxışdan mətni oxumur, skan edir. Bu səbəbdən də ara başlıqlar, paraqraflar çox vacibdir. Skan nəticəsində oxuyucu qərar verir ki, bu yazıya ümumiyyətlə vaxt ayırmağa dəyərmi? Ara başlıqlar, açar sözlər onu cəlb edəcək, mətni sona qədər oxutduracaq.

11. Cümlədəki xəbərə fokuslan

Image

Oxuycunu cümlədəki sifətlər ilə bişirmə. Ondan nə tələb olunursa onu xəbər formasında ondan tələb et. Əmr et. Müştərinin nə qədər itaətə yatqın olduğu səni təəccübləndirəcək.

12. Hekayə danış

Image

Uşaqlıqdan bizə nağıl danışıblar. Məktəbdə bizə hekayələr oxutdurublar. Məhz mətndəki maraqlı süjet oxuyucunu cəlb edir. Ona brendin hekayəsini danış.

13. İfrata getmək lazımdır

Image

Mətndə ifrara getməkdən, məsələni şişirtməkdən çəkinmə. “Uşaqlığın son gecəsi” filmindəki kimi – “yıxılıb ölürlər” yaz.

14. Vergül sənin düşmənindir

Uzun cümlələrdən qaç. Vergülə ehtiyac yaranırsa cümləni sonlandır. Qısa və öz yaz. Necə deyərlər KİSS.

15. Məntiq ardıcıllığını qoru

Reklam mətni məntiqli ardıcılığa sahib olmalıdır. Məntiq olmayan hər şey beyni yorur. Beyni yoran mətni isə heç kim oxumaq istəmir.

16. İlk cümlən vacibdir

Image

Başlıqdan sonra gələn ilk cümlə çox vacibdir. Çünki beyn onu görüb qərar verəcək ki, bu mətni oxusam başlıqdakı sualın cavabını tapacammı?

17. Mıs-mıs deməkdənsə Mustafa de

Image

Kopiraytinqdə birbaşa mətləbə keçmək lazımdır. Satdığın mal müştəridə hansı fərqi yaradacaq onu çatdırmaq lazımdır.

Bura qədər gəldinsə demək ki bu yazını da kopiraytinqin gözəl bir nümunəsi hesab etmək olar. Razısansa paylaş. Gözləyirəm. 😊

Mənbə