İndi hamı onlayndır. Hər brendin Facebookda səhifəsi, ya da İnstagramda, TikTokda hesabı var. Bu qədər səhifə arasında öz səsini müştəriyə necə duyumaq olar? Bunun üçün brendlərin köməyinə kontent marketinq gəlir. Bu yazıda kontent marketinqin əhəmiyyəti və hədəf auditoriya ilə ünsiyyətdə kontentin istifadə qaydaları barədə danışacam.
Kontent marketinqi nədir?
Kontent marketinq qısaca kontentin yaradılması və yayılması prosesidir. Kontent barədə yazımda insanların marağına səbəb olacaq, bilmək və öyrənmək istədikləri informasiyanın kontent olduğunu qeyd etmişdim. Kontent marketinqin məqsədini də göstərmişdim: insanı, ondan tələb olunan məxsusi, brendə xeyir gətirəcək əməli atmağa vadar etmək. Bunun üçün ilk öncə kontent marketinq potensial müştərinin diqqətini çəkməli, onu maraqlandırmalıdır. Bu maraq nəticəsində izləyicilər sizin kontentlə ünsiyyətə girir: bəyənir, şərh edir, videodursa izləyir, dostları ilə paylaşır. Ünsiyyət davam etdikçə sizin brendi daha yaxından tanıyır, məhsullarla tanış olur: bəyəndikçə də brendə qarşı etibar yaranır və potensial müştəri məhsulu almaq barədə düşünməyə başlayır.
İnternet olmayan dövrdə TV, radio və çap reklamlarında brend ilə müştəri arasında iki tərəfli ünsiyyət mümkünsüz idi. Bir istisna kimi, insanların krosvordları doldurub poçtla geri göndərmələrini, ya da canlı TV və radio yayımlarına zəng etməyi saymıram. Reklam mesajı bir tərəfli şəkildə, brenddən müştəriyə ötürülürdü. Müştəri bunu istəsə də, istəməsə də. Amma indiki dövrdə insanlar nə ilə necə ünsiyyət quracağını özləri qərar verir: kimi sosial mediada izləyir, kimi SMS almağı, kim də email almağı tərcih edir. Müştəri ilə brend arasında ünsiyyət kanalları çoxaldıqca fərqli və daha unikal kontentə ehtiyac yaranır. Bu kontentin necə olacağını müəyyən etmək üçün isə kontent marketinq köməyimizə gəlir..
Kontent marketinq izləyicini yaxından tanımaqdan başlayır. Sirr deyil ki, sosial şəbəkə insanı reallıqdakı insandan kəskin şəkildə fərqlənə bilər. Bunun üçün izləyicini mümkün qədər yaxından tanımaq, onların hiss və duyğularını bilmək, planlarını və xəyallarını öyrənmək lazımdır. Bu məlumata sahib olduqdan sonra onlarla daha səmimi ünsiyyət qurmaq mümkün olacaq.
Kontent marketinq 3 əsas məqsədinə nail olanda uğurlu olur:
1. Auditoriyanın sual və sorğularının cavablandırılması
Sosial şəbəkələrin üstün cəhətlərindən biri auditoriya ilə birbaşa ünsiyyət kanalı rolunda çıxış etməsidir. Əgər əvvəl müştəri brend ilə zəng ya da məktub əlaqə saxlayıb, və ya servis mərkəzinə getməklə öz dərdini söylə bilirdisə, indi Facebook səhifəsinə yazmaqla, ya da messencerdə ismarıc göndərməklə bir çox problemini həll edə, maraqlandığı informasiyanı ala bilər.
2. Auditoriyaya faydalı məlumatın çatdırılması
Kontent izləyicilər üçün ilk növbədə faydalı olmalıdır. Gündəlik paylaşım xətrinə nə gəldi paylaşmaqla brend heç nə qazanmayacaq. Əksinə aidiyyatsız kontent olsa brend imici zədələnə bilər. Üstəlik sosial şəbəkələr də izləyicilərin diqqətini çəkməyən bu cür paylaşımları edən brend hesablarını cəzalandırır, orqanik çatma əmsallarını azaldır, bir növü gizli ban edir (shadow ban). Faydalı məlumat isə həm izləyicilərin diqqətini çəkəcək, postla ünsiyyət (bəyənmə, şərh, paylaşım) yaradacaq, brendə qarşı müsbət imic və etibar əmələ gətirəcək.
3. Auditoriyanın marağının saxlanılması
Auditoriyanın marağının saxlanılması da vacib şərtdir. Bir izləyici sizin hər hansı bir faydalı postunuzu bəyənib paylaşa bilər. Amma daha yaxşı olar ki, sizin səhifənizi də izləməyə razı olsun. Bunun üçün kontent marketinq fəaliyyətiniz davamlı və əsaslı olmalıdır. Nəzərə alın ki, sosial şəbəkələr istifadəçinin qarşısında çıxan paylaşımlarda dostlara daha çox yer ayırır, brend səhifələrin paylaşım nisbətini azaldır. Hazırda bu nisbət 15% civarındadır, yəni 6 paylaşımdan biri. Həmin o 1 payşımdan biri olmaq üçün siz, əlinizdən gələni edib onun marağını saxlamağa çalışmalısınız.
Sonda kontent marketinq strategiyasını hazırlayarkən rəhbər tutulacaq qızıl qaydaları bir də sayaq:
1. Auditoriyanızı öyrənməyə, araşdırmağa, tanımağa vaxt ayırın. Maraq və istəklərini öyrənin, arzu və ehtiyacları ilə tanış olun.
2. Müxtəlif cür kontenti, bu kontentin çatdırıma formatlarını, vaxtlarını və üsullarını sınaqdan keçirin
3. Müvafiq kontenti paylaşmaq üçün ideal vaxt, məkan və kanalları seçin
4. Düzgün auditoriya ilə ünsiyyət qurduğunuzdan əmin olun.
5. Auditoriya ilə öz dilində, daha təbii, daha səmimi danışmağa üstünlük verin.
6. Kontentinizi mümkün qədər unikal, maraqlı və əyləncəli edin. Oxumağa sövq edən başlıqlar, diqqət çəkən şəkillərdən istifadə edin.
7. Kontentin marketinqin əsas məqsədinin satış olduğunu da unutmayın. Kontent tədricən potensial müştərini satışa sövq etməli, brendə qarşı loyallığı artırmalıdır.
Bu qaydaların əks olunacağı kontent marketinq strategiyası ilə siz, potensial hədəf auditoriyasını maksimallaşdıracaq və onlayn gücünüzü artıracaqsınız.