KISS prinsipi nədir? Yox, öpüş demək deyil: ingilis dilində Keep It Simple, Stupid sözlərinin baş hərflərindən əmələ gələn bir qısatmalıdır. Mənasını: “mümkün qədər sadə, axmaqların belə başa düşəcəyi şəkildə et” kimi tərcümə etmək olar. Biznesdə və marketinqdə KISS prinsipini tətbiq etmək niyə vacibdir? Bu yazıda cavabını bir yerdə öyrənəcəyik.

kiss seals

KISS yanaşmasının ilk dəfə 1960-cı ildə, ABŞ-ın hərbi donanmasında istifadə olunduğu qeyd olunur. Hərbi donanmanın hər bir sahəsində bu prinsipi tətbiq etməklə generallar ordu birliklərinin effektivliyini inanılmaz dərəcədə qaldıra bildilər. Təsadüfi deyil ki, hazırda ABŞ hərbi donanması və suiti dəstələri dünyanın ən bacarıqlı ordu birliyi hesab olunur. Ordudan sonra bu prinsip biznesdə də tətbq olunmağa başladı. Biznesdə KISS prinsipinin ən gözəl tətbiq olunduğu şirkət heç şübhəsiz Apple-dır. Steve Jobs-un rəhbərlik yanaşması bu sözündə  özünü çox gözəl biruzə verir: “Gəlin bunu çox sadə edək, olduqca sadə olsun (Let’s make it simple. Really simple)”. KISS yanaşmasını iPhone məhsuluna tətbiq edərək Apple smartfon bazarında əsl inqlab etdi: o vaxta qədər smartfonlar az qala kompüter klaviaturasına sahib idi (Blackberry görənlər bilər) – iPhone isə 1 düyməsi ilə daha artığına qadir idi.

Müştərilər tənbəldir desək çox da yanılmarıq, amma əslində onlar rahatlıq axtarışındadır. Rahatlığı da sadə həllər, üstün bilik və bacarıq tələb etməyən məhsullar ilə əldə etmək mümkündür. İstifadədə çətin və gəliz məhsullar müştəriləri sözün əsl mənasında qorxudur, alacağına peşman olacağı hissi yaradır – bu vəziyyətdə onlar vərdiş etdikləri, daha öncə sınadıqları və istifadəsini bildikləri məhsulları almağa meyl edirlər. Bazara yeni inqlabi məhsul təqdim edərkən müştərilərin bu psixologiyasını mütləq nəzərə almaq lazımdır: nəyisə bazardakı məhsullara oxşatmaq, norma kimi qəbul olunan standartlardan istifadə etmək, təlimat videolarını öncədən yayımlamaq bu halda çox vacibdir.

KISS prininsipi təkçə məhsul hazırlanması mərhələsi üçün aktual deyil – marketinqin hər bir sahəsində tətbiq oluna bilər. Əsas da məhsulun mövqeləndirilməsi və kreativin hazırlanmasında. Məhsulun mövqeləndirilməsi müştəriyə maksimum dərəcədə aydın olmalıdır. AZAL-ın “Sizin üçün yaradılmışıq” sözü generik olduğu qədər müştəridə “Hə, nolsun?” sualı yaradır. Ən uğurlu mövqeləndirmə hesab olunan Nike-ın “Just do it” (Sadəcə et) isə müştəriyə olduqca sadə və aydın mesaj verir ki, yerindən durub idman etmək lazımdır. Kreativdə də eyni qayda ilə – reklamda əsas məqsədin aşkarlanmasını müştəridən gözləmək, özü fikirləşib tapsın yanaşması yanlışdır. Əsas etibarı ilə müştəri reklama həvəssiz, diqqətsiz baxır – bu halda reklam mesajı həm orijinal, həm də sadə olmalıdır ki, müştərinin diqqətini çəksin və yadında qalsın. Dizaynda da həmçinin, ifrat şəkildə dolu imiclər, qatmaqarışıq şəkillər, bir neçə mesaj daşıyan loqotiplər müştəridə çaşqınlıq və hardasa nifrət yaradacaqdır. Amma internet saytın minimalistik üslubu, hər bölmənin öz yerində olub rahat tapılması, intuitiv naviqasiya və sadə menyu istifadəçiyə ləzzət edəcək və saytdan istifadəni artıracaqdır.

kiss uşaq

Eynşteyinin ən çox sevdiyim sözlərindən biridir: “Bildiyini 6 yaşlı uşağa başa sala bilmirsənsə, demək özün də başa düşməmisən”. KISS prinsipini çox gözəl izah edir əslində. Marketinq etdiyin məhsul, hazırladığın reklam mesajı uşaqlar tərəfindən maraqlı və əyləncəli hesab olunursa, uşaqlar da ondan baş çıxardırsa uğurlu olacağı mütləqdir.