Bloqum daha çox marketinq mövzusuna aiddir, əsas auditoriyam da marketinqi öyrənən və marketinqə yeni qədəm qoyan tələbələrdir. 20 illik karyera təcrübəsinə sahib olan bir peşəkar kimi oxuyucuların marağını nəzərə alıb fərqli bir mövzuda faydalı olmağa çalışacam. HR mütəxəssisi dostlarım məni bağışlasın, amma oxuyucularım ilə karyera pilləkanında faydalı olacağına inandığım 10 tövsiyəmi bölüşmək istəyirəm.
1. İş elanında olan tələblər havadır
İş axtarmaq üçün jobsearch.az saytına daxil olub elanlar ilə tanış olursuz. İşin təsvirindən çox namizədlərə tələblər var, eləmi? İşin özü, işə götürən şirkəti çox bəyənsəniz də tələbləri görüb qorxursuz. Amma bir şeyi unudursuz. Bu elanı yazanlar kimdir? Öncədən üzr istəyirəm ifadəmə görə, amma HR mütəxəssisləridir, hansılarınki elandakı işdən əksər hallarda məlumatı yoxdur. Məhlə qızlarının qeyrətini qoruyan qədeşlər tək şirkətə kadr seçəndə absurd tələblər qoyurlar. Əksər hallarda da digər elanlardan kopyalayıb yazırlar (yaxşı ki, şirkətin adını dəyişməyə ağılları çatır). Buna görə də elandakı tələblər sizi qorxutmamalıdır – əgər həqiqətən də işin öhdəsindən gələ biləcəyinizə inanırsınızsa inadkar olun. HR filtrindən keçə bilmirsinizsə birbaşa qərar verən şəxslərin diqqətini çəkməyə çalışın. Orijinal və yaradıcı olun. Zəmanə bu cür insaların zəmanəsidir. Bircə istisna həkimlərdir – bu halda başınızdan yuxarı tullanmasanız yaxşıdır.
2. Özünə inan, amma özündən heç vaxt razı qalma
ABŞ-da ən uğurlu etnik qruplar hansıdır? Yəhudilər və hindistanlılar. Yəhudilər Amerika əhalisinin cəmi 2% olsalar da Nobel mükafatçılarının 1/3 təşkil edirlər. Milyarderləri, hakimləri, aktyorları hələ demirəm. ABŞ-ın aparıcı şirkətlərinin CEO-ları hindistanlılardır. Hindistanlılar ortalama amerikalıdan 2 dəfə daha çox qazanırlar. İran, livan və çin mənşəli amerikalılar da ortalamadan yüksək qazanır. Bunun səbəbləri nədir?
a) üstün olma istəyi – əziyyət çəkən valideynlər öz övladlarına mübariz və zəhmətkeş olmağı, övladlarına özünə inanmağı və yüksək hədəflər qoymağı təlqin ediblər;
b) özündən heç vaxt razı olmama hissi – qonşunun uşağı səndən daha ağıllıdır, daha çalışqandır yanaşması övladda özündən daimi narazı qalmaq hissi yaradıb. Bu hiss onları valideynlərin rəğbətini qazanmaq üçün daha çox çalışmağa vadar edib;
c) səbrli olmaq – rahata öyrəşmiş, istədiyini həmin anda alan uşaq səbrsiz olur, Bu etnik qrupların uşaqları isə məhrumiyyət içində yaşayıb səbrli olmağı, arzuları üçün çalışmağı öyrəniblər.
Bu 3 cəhəti özünüzdə cəmləməkdə karyeranızda daha böyük uğurlar qazana bilərsən.
3. Böyük düşün
Niyə böyük düşünmək vacibdir? Çünki küçük düşünənlər heç vaxt böyük uğur qazana bilməz, istədiklərinə sahib olub dayanacaqlar. Böyük düşünənlərin, qarşısına böyük məqsədlər qoyanların əlbəttə hamısı uğur qazanmayacaq. Amma şahmatda piyada olmaq necədirsə karyerasını yeni başlayan gənc də vəzir ( vəya istədiyi digər fiqur) olmaq potensialına sahibdir. Bunun üçün dönmədən, geri addım atmadan 8ci xanaya doğru, məqsədyönlü şəkildə addımlamalıdır.
4. Karyera seçəndə yüksək maaşa və prestijə aldanma
Bir çox gənc ilk işlərində yüksək maaş və tanınmış şirkətdə çalışmaq arzusundadır. Sanki bu cür vəzifələr onların karyera üzrə irəlləməsini asanlaşdıracaq. Əslində isə bu cür şirkətlərin gənclərə mənfi təsir göstərən 2 cəhəti var: a) üst vəzifəyə keçmək üçün rəqabət daha güclüdür və acımasızdır; b) iş bölgüsü o qədər dəqiqdir ki, bilik və bacarığını artırmaq imkanları yox səviyyəsindədir. İstisnalar yox deyil, amma əksər hallarda kiçik və orta ölçülü, xaotik idarə olunan şirkətlərdə gənclər qısa zaman ərzində daha çox bilik və bacarıq əldə edə bilər. Özünü doğruldub daha yüksək vəzifəyə asanlıqla irəlləyər. Əsas odur ki, ilk işini seçərkən sevdiyin və həvəslə məşğul olacağın vəzifəni seç. Qalan hər şey özü gələcək.
5. Şirkəti yox, müdiri seç
3 qırmızı diplomun ola bilər, amma onların sənə qazandırdığı bilik real təcrübəni əvəz edə bilməz. Bilik sənə üstünlük qazanıdır, amma bu üstünlüyünü nümayiş etdirəcək şəraitin olmasa batacaqsan. Bu şəraiti isə birbaşa müdirin yaradır. Ona görə də gənclərə ən çox verilən tövsiyə: “şirkəti yox, müdiri seçin”. İşə qəbul olmaq istədiyin şirkəti araşdır, orda işləyən tanış tap. Qəbul olmaq istədiyin şöbənin müdirin kimliyi ilə maraqlan, keçmiş-indiki işçilərini sorğu-sual et. Əgər öyrətmə xasiyyəti olan bir adamdırsa, bilik, bacarıq və təcrübəsi zəngindirsə heç düşünmədən təklifi qəbul elə. Daha prestijli bir şirkətdə eqoist, uğurlarını qısqanan bir müdirdən sənə heç bir xeyir gəlməyəcək.
Yaxşı müdir nəinki sənə düzgün bilik və bacarıqlar öyrədəcək, həmçinin gələcək karyeranda faydalı olacaq insanlarla tanış edəcək, yeni işlərə yönləndirməkdə dəstək olacaq. Ən əsası isə səni edəcəyiniz kobud səhvlərdən qoruyacaq.
6. İşə qəbul üçün tələblər hər yeni işdə dəyişir
İlk işdə səndən klassik gözləntilər olacaq: xarici dil, kompüter bacarıqları, punktual olmaq, işə məsuliyyətlə yanaşmaq və s.. Amma ikinci, üçüncü işində artıq bu biliklər yetərsiz qalacaq – əvvəlki şirkətdə qazandığın təcrübə daha vacib olacaq. Misal üçün təqdimatların hazırlanması, press-reliz yazmaq bacarığı, kollektivə uyğunlaşmaq və liderlik qabiliyyətləri kimi. İlk işində mümkün qədər maksimum bilik və bacarıq əldə etməyə çalış – səndən tələb olunmayan işləri də öyrən. Öz təcrübəmdən deyim – 2ci işimdə katibə faks göndərə bilmirdi. Mən isə birinci işimdə vəzifəm olmasa da faks göndərməyi öyrənmişdim. Şirkətdə katibəyə faks göndərməyə öyrətməyim imicimə nə qədər müsbət təsir etdiyini qeyd etməyə ehtiyac yoxdur.
7. Əsl təhsil ali məktəbdən sonra başlayır
Ali təhsil sənə nə öyrətdisə özü bilər, amma həqiqət odur ki, yeni işdə tələb olunan bilik və bacarıqlar üçün əlavə oxumağa ehtiyacın olacaq. Kurslar, seminarlar, aidiyyatı kitablar, onlayn dərslər – bütün bunlar gənc mütəxəssis həyatının ayrılmaz hissəsinə çevrilir. Ali təhsildən fərqli olan vacib cəhət odur ki, burda sən oxuduğunu iş görə-görə daha yaxşı öyrənirsən. Əldə etdiyin biliyi heç vaxt yetərli hesab etmə. Oxu, öyrən, bax, analiz et və işində tətbiq elə.
8. Öyrəndiklərini ətrafındakılara öyrət
Bir işi yaxşı bacarırsansa onu ətrafında ehtiyacı olanlara da öyrət. Səndən yardım istəyən yaxşı yoldaşlara kömək etməyə çalış. Kollektivdə “öz uşağımızdır” olmağa çalış. İnsanlar sənə etibar etsinlər, sənə ehtiyacı olduqlarını anlasınlar. Bloq yaz, Linkedində peşəkar kontent paylaş, öz imicini yarat və inkişaf etdir. İnsanlarla ünsiyyət qurmağın sənə qarşı etibar yaradacaq, daha çox adama xitab etməyin, çox adamı tanımağın bacarıqlı işçi obrazı formalaşdıracaq. Yardım etdiyin insanlar sabah daha yaxşı bir işə keçib səni də özü ilə apara bilər, daha yaxşı işə səni tövsiyə edə bilər. Müasir cəmiyyətdə bilik və bacarıqlardan daha çox yaxşı əlaqələr vacibdir – bu əlaqələri qurmaq üçün isə insanlara əvəzsiz kömək etmək lazımdır.
9. Yaxşı və ya pis iş yoxdur
Yaxşı və ya pis iş yoxdur – öyrənib bacarıqlarını artırdığın iş var, bir də inkişafda geri qaldığın iş var. 40 yaşında insanlar ən çox nəyə peşman olur, bilirsən? Heç bir şey qazanmadıqları şirkətlərdə keçirdiyi illərə. Sabit işdə bir neçə il işləmək yaxşıdır, amma əvvəlki qədər vacib deyil. İş müsahibəsində HR menecer səndən: “Bu cavan yaşında niyə bu qədər iş yeri dəyişmisən?” soruşanda rahat şəkildə “İnkişaf etmədiyim şirkətə fayda verə biləcəyimə inanmıram, Nə onların, nə özümün vaxtını almaq istəmirəm” de. Hər günün səni daha yaxşı sən etməsinə çalış. Məqsədin insan psixologiyasını daha yaxşı tanımaqdırsa get 3 ay taksi sürücüsü işlə. İşdən qorxma, gördüyün işdən maksimal fayda əldə etməyə çalış. İş özü yaxşı və ya pis olmur, onu yaxşı və ya pis edən sən özünsən.
10. Hər zaman bir arxa qapı var
Bir gənci gözləyən ən böyük düşmən ümidsizlikdir. Ümidsiz gənc işləmək, oxumaq, öyrənmək, inkişaf etmək istəmir. Onun gözündə qabağa gedənlər ancaq “girənlər” və “daydayı” olanlardır. Ümidsiz gənc gözündəki tiri görmür. Azca zəhmət çəkib rus dilini öyrənsə, ingilis dilini yaxşılaşdırsa, Excel-də gəşəng qrafiklər düzəltməyə bacarsa müdirin gözünə girəcəyinə inanmır. Karyera kadrların bazarıdır – bu bazarda özünü sata bilmək üçün əsas marketinq prinsiplərinə riayət etmək lazımdır – brend olmaq, rəqiblərdən fərqlənmək və müştərinin könlünü qazanmaq üçün əzmlə çalışmaq kimi. Karyera bir binadırsa, mütləq və mütləq bir arxa qapısı var. Əsas girişdən pulun, qohumun, tanışın olmadığına görə buraxmasalar, arxa qapını axtar. Qarşında bir məqsəd olsun. Həmin məqsədə aparacaq qapı özü səni tapacaq.