İstifadəçinin yaratdığı kontent nədir?

istifadəçinin yaratdığı kontent dedikdə əmtəəni alan, istifadə edən müştərinin yaratdığı və onlayn yaydığı məhsul və istehsalçı şirkət haqqında fikirləri nəzərdə tutulur. Bu ideyalar əsas etibarı ilə yazı formatında olsa da musiqi, şəkil və ya video şəklində də hazırlanıb yayıla bilər.

istifadəçinin yaratdığı kontent 3 əsas cəhətə sahibdir:

1. Kontent, istehsalçı və marketinqi ilə məşğul olan şirkət tərəfindən deyil, istifadəçisi tərəfindən hazırlanır;

2. Mahiyyət etibarı ilə kreativdir və yeniliyə sahibdir;

3. Onlayn yayılır və hamıya açıqdır.

Tarixən əksər şirkətlər öz məhsullarını ehtiyatla promouşn ediblər. Bunun əsas səbəbi bu promouşnun kifayət qədər bahalı olması idi. Məsələn, ABŞ-da milli TV kanalında 30 san. çarxın ancaq bir yayımı 100 000$ başa gəlir. Video çarxın istehsal xərcləri də bundan heç də geri qalmırdı. Amma, digital alətlərin inkişafı, həmçinin sərfəli qiymətə kamerların, montaj proqramlarının yayılması, YouTube, Facebook və Twitter kimi yayım kanalların populyarlaşması ilə vəziyyət kəskin dəyişdi. Kontentin yaradılması və yayılması ucuzlaşdı, yayımı isə daha da sadələşdi. Nəticə olaraq, şirkətlər bu alətlərdən istifadə edərək promouşn xərclərini kəskin şəkildə azaltmaq imkanı əldə etdilər. Hətda bəzi şirkətlər, hazırladıqları video reklamları TV kanallara verməyib ancaq YouTube-da yaymaqla kifayətlənirlər.

Promouşn xərclərini azaltmaqla yanaşı digital alətlər müştərilərə promouşn materialların yaradılmasında və yayılmasında daha aktiv rol oynamağa imkan verdi. Məsələn, Facebookda hər 60 saniyədə 293 000 status yazılır, 136 000 şəkil paylaşılır, 510 şərh yazılır. Güman edilir ki, bunların təxminən 20% hər hansı bir dərəcədə brend ilə bağlıdır: restoranda çek-in, məhsul şəkli, xidmətin dəyərləndirilməsi və s. Bir sözlə deyə bilərik ki, digital alətlər promouşnun cərəyan etdiyi müstəvini daha da demokratikləşdirə biliblər. istifadəçinin yaratdığı kontent əsasında duran ideya da məhz budur.

istifadəçinin yaratdığı kontent üçün bir neçə misal ilə sizi tanış edək. Bu misalların hamısı şirkətlərin İYK-i aktiv təşviq etdiyi kontent olsa da əksər hallarda bu şirkətlərin iradəsindən kənar baş verir: məsələn, turistlər www.hotels.com saytında qaldıqları mehmanxanaya qiymət verib, rəy yazanda.

İlk misalımız istifadəçinin yaratdığı kontent üçün ən gözəl misal sayılan GoPro kameralarıdır. Bu kameralar kifayət qədər kompakt, dözümlü, istifadədə asan və oxşar xassəli kameralar ilə müqayisədə ucuzdur. Bu kameralar ekstrim idman həvəskarları: dağ velosipedçiləri, sörferlər və paraşutla tullananlar tərəfindən əyləncə zamanı aktiv istifadə olunur. GoPro özəlliklə bu idman növləri ilə məşğul olanlar arasında müsabiqə keçirib onları maraqlı videolar çəkməyə təşviq edir. Bu müsabiqələrə göndərilən videolar sosial şəbəkələrdə yayılaraq çox böyük marağa səbəb olur, eyni zamanda da potensial müştərilərə bu kameraların qazandıracağı dəyəri də əyani şəkildə göstərmiş və inandırmış olur.

İkinci bir misal Warby Parker şirkətidir. Bu şirkət eynək istehsal edir, satışını özü həyata keçirsə də pərakəndə mağaza sayısı çox azdır. Warby Parker biznesini onlayn üzərindən həyata keçirir və əsas xidməti “evdə yoxla” adlanır: bu xidməti sifariş edən şəxsə poçt ilə 5 fərqli eynək göndərilir. Müştəri 5 gün ərzində bu eynəklərdən istifadə edib daha sonra isə bəyənmədiklərini geri göndərə bilərlər. Warby Parker aktiv şəkildə müştərilərini eynəklə şəkil çəkdirməyə və #warbyparkerhometryon xeşteqi ilə sosial şəbəkələrdə paylaşmağa təşviq edir. Həqiqətən də bir çox insan bunu edir və dostlarından sçeim etməkdə kömək istəyir. Bununla da, şirkətin eynəkləri pulsuz promouşn olunur.

Üçüncü misal T-Mobile şirkətidir. ABŞ-ın telekomunikasiya bazarında 3 şirkət: T-Mobile, AT&T və Verizon operatorları arasında çox güclü rəqabət var. 2014-cü ilin fevral ayında T-Mobile “Boşanma məktubu” (Breakup Letter) adlı digital kampaniyaya start verdi. Bu kampaniya digər operatorların istifadəçilərini öz operatorundan “boşanaraq” T-Mobile seçməyə təşviq edirdi. Bunun üçün onlar öz opeartoruna “boşanma məktubu” yazıb sosial şəbəkələrdə dərc etmək lazım idi. Bu kampaniya böyük mağaza səbəb oldu və 80 mindən çox müştəri qazandırdı.

İstifadəçinin yaratdığı kontent

İstifadəçinin yaratdığı kontent mahiyyət etibarı ilə reklam kimi qəbul olunmur və birbaşa satış mesajı daşımır. Buna baxmarayaq bu kontentin əsas məqsədi yenə də əmtəəni almağa inandırmaq, onları təşviq etməkdir.

İstifadəçinin yaratdığı kontent ancaq digital yayılsa da platformasına görə fərqlənə bilər: Facebook, YouTube, Twitter və İnstagram ilə yanaşı müxtəlif bloqlarda, forumlarda, mini-saytlarda da bu koneti paylaşmaq mümkündür. Yayıldığı platformadan asılı olaraq bu kontent bloq post, post, tvit, video, foto ola bilər. Məzmun baxımından isə tövsiyə, razılıq, təşəkkür, məhsulun dəyərləndirilməsi (product review), məhsul ilə ilk tanışlıq (unboxing) və s. Bunların arasında ən effektiv kontent kimi məhsulun dəyərləndirilməsini qeyd edə bilərik – xüsusən video olaraq təqdim olunan dəyərləndirmələr məhsul ilə maraqlanan alıcılar üçün çox gözəl informasiya mənbəyidir. Təsadüfi deyil ki, bu cür kontent elektrik avadanlıqları, mobil telefonlar, kompüter oyunları üçün daha çox yayılıb. Alış barədə düşünən insanlar bu cür videoları, yazıları dəyərləndirib tərəddüdsüz yekun qərarını verə bilirlər.

Bəs insanları bu cür kontenti yaratmağa vadar edən nədir? İlk və başlıca səbəb sosial tanınma ehtiyacıdır. Bu həmin o ehtiyac, tələbatdır ki, insanları sosial şəbəkələrdə nəsə paylaşmağa məcbur edir. Bəli, məhz məcbur edir. İnsanlar şuuraltı səviyyəsində nahar etdiyi restoranda çek-in etməyi, yeməyin şəklini instagramda paylaşmağı, gündəmdəki mövzu barədə öz fikrini tvit atmağı, hətda canlı yayıma çıxıb nəsə danışmağı bir daxili ehtiyac hiss edirlər. Məqsəd insanların gözünə girmək, onların nəzərində öz sosial statusunu qaldırmaq, tanınmağı artırmaqdır. Şirkətlər də insanların bu daxili motivasiyasından istifadə edərək müxtəlif müsabiqələr təşkil edir və insanları daha keyfiyyətli kontent yaratmağa təşviq edir. istifadəçinin yaratdığı kontent çoz ucuz başa gəlməklə yanaşı digər müştərilərin nəzərində reklam kontentindən daha inandırıcı olur, satışlara müsbət təsir göstərir. İYK-in sosial şəbəkələrdə yayımı isə öz növbəsində internet səhifəyə, sosial media hesablarına diqqəti artırır, digər orijinal kontenti də reklam etməyə şərait yaradır.

istifadəçinin yaratdığı kontent artıq Azərbaycanda da populyarlaşır. Ən məşhur nümunələrindən biri 2014-cü ildə Head&Shoulders brendinin keçirdiyi “Başımı qaşı” video müsabiqəsi olmuşdu. Bu müsabiqə şərtlərinə görə iştirakçılar öz videosunda populyar müğənni Röyanı onların başımı Head&Shoulders ilə yumağa inandırmalı idi.

Digər bir nümunəvi kampaniya: “Bir qazanla 1000 qazan!” 2016-cı ildə kərə yağı brendi olan Westoldun dəstəyi ilə Mətbəx.TV tərəfindən həyata keçirilmişdi.İştirakçılar sözü gedən kərə yağı ilə video resept hazırlayıb sayta yükləməli idi. Nəticədə Westgold kərə yağı ilə hazırlanan yüzlərlə video resept istifadəçilər tərəfindən hazırlanıb paylaşılmışdı.

İnternetin və sosial medianın inkişafı reklamı, reklam alətlərini və kanallarına yeni şəkil qazandırmaqdadır. İnformasiya əsrində kontent bir nömrəli reklam dəyərinə çevrilir. Kontent kraldır, və bu kralı özünə xidmət etdirməyə bacaran şirkətlər marketinqdə uğur qazanacaqlar.

Paylaş: