99% insan gördüyü işi sona çatdırmağa çətinlik çəkir. Niyə belə olur, səbəbləri nədir və işi sona çatdıra bilmək üçün nələr etmək lazımdır? Bu yazıda öyrənəcəksiz.

İşi sona çatdırmayıb yarım yolda qalmağımızın 4 əsas səbəbi var:

1. İşi vaxtında görməyə çatdırmırıq

Bizi ruhdan salan ən böyük səbəb “gördüyüm işi vaxtında görə bilməyəcəm” düşüncəsidir. Xüsusən ilk başda, işə asta-asta başlayanda tənbəllik bizi elə qorxuya salır ki… Ya da sona az qalmış iş birdən-birə elə böyüyür ki, gecə-gündüz işləsək də işi bitirmək üçün vaxtın yetərsiz olacağına inanmağa başlayırıq.

2. İşə marağımız azalır

İnsan beyni tənbəldir – bir işə çox və uzun müddət ərzində fokuslanmaq istəmir. Daima yeni, fərqli məşğuliyyətlər axtarır. 5 dəqiqə fasilə verib İnstagrama girirsən 3 saatın necə uçub getdiyindən xəbərin olmur. Kiçik bir problem yaranan da maraq və həvəs birdən-birə ortadan qeyb olur. Yeni işin əziyyətini çəkməmişik deyə bizə gördüyümüz işdən daha maraqı görsənir.

işi sona çatdırmaq qadın

3. İşə ciddi yanaşmırıq

İşi görmək üçün ciddi olmaq şərtdir – işi görəndə ancaq işə fokuslanmalı, lağ-lağı və əyləncəni unutmalısan. İşin iş, əyləncənin isə öz vaxtı var. Frilans işçilər evdə ev paltarında işləyəndə yetərli qədər ciddi ola bilmir deyə hardasa gördüyü işdə səhlənkarlıq edə bilir. Və ya işlə bağlı həmkarlarla görüşdə ortaya zarafatlar atıb söhbəti qarışdırmaq heç də işin görülməsinə kömək etmir.

4. Büdcəni aşırıq

Hər bir işin bir büdcəsi var. Bir işi görmək üçün ayrılan büdcədən çox xərcləyəndə insanda bütün həvəs itə bilər. “Bəyin oğurlanması” filimdəki səhnəni xatırlayın: filmin çəkilişinə xərclənən büdcəni yada salanda həm rejissor, həm də prodüser ruhdan düşür. bütün layihələrdə elədir: büdcəni aşdıq deyə onsuz da işimizi saxlayacaqlar düşüncəsi ilə işi görməyə bütün həvəsimizi itiririk.

Bu 4 maneəni aşmaq üçün 6 üsuldan istifadə etmək olar:

1. Qarşınıza daha böyük məqsəd qoyun

Kiçik məqsəd səni hardasa tənbəlləşdirə bilər, “bu işi görməyə nə var ki, axşam edərəm, sabah görərəm” düşüncəsi işi görməyə mane olur. Böyük məqsəd olanda insan özü-özünü motivasiya etməli olur, məsələnin ciddiliyini anlayıb işinə davam edir. Başqalarının bizdən asılı olduğunu anlayanda özünü məcbur edə bilirsən, bu səbəbdən də məqsəd qoyarkən sevdiklərinizi də işin içinə qatın: məqsədinizi onlarla paylaşın, nəticəsində onların da faydalanacağını tez-tez xatırlayın. Misal üçün: İngilis dilini hamı bilir deyə yox, xaricdə magist oxumaq üçün öyrənin. Daha çox pul qazanmaq üçün yox, ailənizə dəstək olmaq, tətilə aparmaq üçün öz işinizin peşəkarı olun.

2. Sizin məqsədə nail olan insanlarla ünsiyyət qurun

Kanadada təhsil almaq istəyirsinizsə orda oxuyan insanlarla ünsiyət qurun. Həmin insanların uğur və həyat hekayələri ilə tanış olun. Onların etdikləri səhvləri öyrənib təkrar etməməyə çalışın. Qarşılaşdığınız maneələri daha asan yol ilə aşmağın üsullarını öyrənin. Həmin insanları özünüzə rəhbər, müəllim seçin. Məşhur sözdə deyildiyi kimi: “Tez getmək istəyirsənsə tək get, uzağa getmək istəyirsənsə dostunla yola çıx”.

3. Artım düşüncəsinə sahib olun

Artım düşüncəsi uğur qazanan bütün insanların ortaq cəhətidir. Nədir bu artım düşüncəsi? Hər bir maneəni artım üçün bu fürsət kimi görüb onu güclənmək üçün istifadə etmək. İşdə problem çıxırsa bu problemi həll edib işin effektivliyini artıra bilərəm. Tənqiddən qaçmayıb zəif olduğun yerləri aşkara çıxardacam. Başqasının uğurunu görəndə ruhdan düşməyib daha çox motivasiya alacam kimi.

işi sona çatdırmaq inkişaf

4. İşi vaxta görə planlaşdırın

Görülməli işlər siyahısı artıq işləmir. Görəcəyiniz işləri vaxta görə planlamalısız. SMART sistemində olduğu kimi, zamana görə sıralanan işlər insanda məqsədə doğru fokuslanma yaradır. İş sayı çox olsa da insanı usandırmır. Üstəlik görəcəyiniz işləri vaxta görə sıralayanda hansı işlərin daha vacib, hansının isə gözləyə biləcəyini görəcəksiz.

5. Başqalarını öyrədin

Ən yaxşı öyrənmək üsulu öyrəndiyinizi başqalarına öyrətməkdir. Təcrübə göstərir ki, öyrəndiyinizin

5% yadda qalır – dərsə sadəcə qulaq asanda;

10% yadda qalır – öyrəndiyiniz barədə əlavə məlumat oxuyanda;

20% yadda qalır – öyrənmə zamanı audio və video kontentdən istifadə olunsa;

30% yadda qalır – əgər öyrəndiyiniz əyani şəkildə nümayiş olunursa;

50% yadda qalır – öyrəndiyiniz qrupda müzakirə olunsa;

75% yadda qalır – öyrəndiyinizi təcrübədə tətbiq edəndə;

90% yadda qalır – öyrəndiyinizi başqalarına öyrədəndə.

Albert Eynşteynin məşhur deyimini xatırlayın: “Əgər bildiyini az yaşı uşağa başa sala bilmirsənsə, deməli onu tam dərk etməmisən”.

6. İşin görülməməsinə görə cəzanı bəlli edin

İşi sona qədər çatdırmayıb yarı yolda dayandıq. Nəticədə bizi hansı cəza və ya itki gözləyir? Heç bir fərq olmasa həmin işi görməyə sizdə heç bir həvəs və maraq olmayacaq. Boksçuların treynerlərini xatırlayın: boksçu ondan tələb olunanı edə bilməyəndə cəza alır, həmin idman fəndini dəfələrlə təkrar etməli olur. Amma hər bir işdə cəzanın olması da şərt deyil – mükafat da qoymaq olar. Dieta saxlayanların özünü intizama öyrəşdirdiyi kimi: arzuladığım Bounty şokoladını yemək üçün 1 saat velosiped sürməliyəm.

Hər hansı bir işinizi sona çatdırmaqda çətinlik çəkirsinizsə bu 6 üsulu sınaqdan keçirin. Ən əsası isə qarşınıza qoyduğunuz məqsədi heç vaxt unutmayın, davamlı şəkildə bu məqsədə nail olacağınız anı təsəvvür edin və məqsədinizə doğru səy göstərməyə davam edin.