Growth Hacking sözü hardasa rastımıza çıxan, amma tam olaraq nə olduğunu bilmədiyimiz yeni ifadələrdəndir. Growth Hacking nədir, hansı məqsədlərə xidmət edir və Growth Hacker olmaq üçün nələri bacarmaq lazımdır suallarına cavab verəcək bloq yazısı ilə qarşınızdayıq.
Growth Hacking termin olaraq ilk dəfə 2010-cu ildə məşhur marketer və biznesmen Sean Ellis tərəfindən işlənmişdir. O, konsultant olaraq yeni yaranan startaplara qısa müddətdə böyüməyin yollarını tapmaqda köməklik göstərirdi. Ən uğurlu layihələrindən biri DropBox oldu – Seanın təklifi ilə “Dostunu gətir 500MB hədiyyə qazan” kampaniyası həyata keçirildi. Böyük reklam büdcələri olmadan bu aksiya sayəsində Dropbox istifadəçi sayı cəmi 7 ay içində 3 mln qədər artdı. Digər internet startapları da oxşar artım yaşadılar, misal üçün Facebook. Bəs bu cür artım necə və nəyin sayəsində gerçəkləşdi?
Growth Hacking sözünün hərfi tərcüməsi “artımı sındırmaq”, “artıma səbəb olacaq əməllər etməkdir”. Growth Hacking ilə məşğul olan şəxsin əsas məqsədi qısa müddət ərzində müştəri sayını artırmaqla şirkətin sürətli inkişafına nail olmaqdır. Ənənəvi iqtisadiyyatdakı “orqanik” artımdan fərqli olaraq growth hacker-lər “kritik hədd” dediyimiz məqsədə mümkün qədər qısa müddətdə nail olmağa çalışır. Kritik hədd nədir? Biznesin davamlı və ayaq üstə qalması üçün tələb olunan dövriyyə və ya müştəri sayı. Və ya bazarda ciddi oyunçu olduğunu nümayiş etdirmək üçün yetərli olan bazar payı. Growth hacker-lər buna necə nail? Onların sahib olduğu gizli silahlar nədir?
Growth Hacking Silikon Vadisi startaplarının istifadə etdiyi sehirli çubuq kimi gəlməsin sizə. Əslində growth hackerin digital marketerin sahib olduğu alətlərdən fərqli bir silahı yoxdur. Hər ikisi eyni digital marketinq üsullarından, kanallarından və fəndlərindən istifadə edir, hardasa eyni KPİ-lar əldə etməyə çalışırlar. Aralarındakı əsas fərq miqyasdadır: digital marketer daha çox ünsiyyətə (engagement), brend tanınmasına, satışlara fokus edir. Growth hackerin isə sadəcə bir məqsədi var: qısa zamanda böyük artım. Buna nail olmaq üçün onda hansı bacarıqlar olmalıdır?
Growth hacking yolu
Growth hackerin SEO-dan, SMM-dən, kontent menecmentdən yaxşı başı çıxır, onlar ən uyğun hədəf auditoriyasını seçməyi və effektiv reklam kampaniyaları keçirməyi, ən əsası isə bütün bu fəaliyyətləri düzgün analiz etməyi bacarırlar. Growth hackerin ən gözdə olan vacib cəhəti hər bir xırda elementi belə a/b testdən keçirməsi, durmadan konversiya faizlərini yaxşılaşdırmağa çalışmasıdır. Onların iş prinsipini bu sözlərlər ifadə etmək olar: “Fail Early, Fail Fast, Fail Often, Fail Cheap” – “Erkən uğursuz ol, Tez uğursuz ol, Tez-tez uğursuz ol, Ucuz uğursuzluq yaşa”. Əgər gördükləri hər hansı marketinq və ya reklam işi istədiyiniz (gözlədiyiniz) nəticəni vermirsə həmin işi dayandırıb, daha səmərəli olana keçmək lazımdır.
Growth Hacking internetin yeni reallığının təsiri nəticəsində yaranıb. Bu reallıq nədir? Digital marketinq alətləri o qədər sürətli inkişaf edir ki, əksər sahibkarlar və hətta marketerlər onları sınaqdan keçirib tətbiq etməyə çatdırmır. Marketer sahibkarın “Hansı reklam aləti, kanalı, üsulu daha effektivdir?” sualına birmənalı cavab verə bilmir, çünki hamısını test etməyə nə vaxtı, nə də ki imkanı olub. Bu vəziyyətdə marketerin köməyinə Growth Hacking yanaşması gəlir:
- Müəyyən bir marketinq alətinə bağlanmamaq, hər bir yeni və fərqli aləti sınaqdan keçirmək;
- İnternet analitikasısız Growth Hacking olmur. Əsas məqsədiniz artımdır və artım ancaq saytda (mobil tətbiqdə) baş verir. Bu səbəbdən də hər bir digital marketer veb-analitikanı mükəmməl şəkildə oxumağı bacarmalıdır;
- Avtomatlaşdırın, nəyi bacarırsızsa avtomatlaşdırın. Gördüyünüz işin effektivliyini ancaq avtomatlaşdırma ilə artırmaq mümkündür.
Sona yaxın yazımızın əsas sualına gəldik: “Necə?” Growth Hacking metodikasına öz işimə necə tətbiq edə bilərəm? Aşağıdakı 3 marketinq alətdən ən az birində uğur qazana bilsəniz artım xəyallarınızı gerçəkdirə bilərsiz:
1. Məhsul (product) marketinqi
Artıma ən qısa zamanda və ən az əmək sərf edərək nail olmaq üçün məhsulunuz ideal, mükəmməl, hamının arzuladığı unikallığa sahib olmalıdır. Və ya tam mükəmməl olmasa da yeni bazar yaradaraq hər kəsdə onu almaq istəyi oyatmalıdır. Amma belə məhsul yaratmaq azdır, onu davamlı şəkildə yeniləyib, müştəri maraqlarına ən yüksək şəkildə cavab verəcək halda saxlamaq lazımdır. Rəqiblər sizə çatmağa çalışacaqlar, sizdən tələb olunan onlardan azca tez qaçmağı bacarmaqdır.
2. Kontent marketinq
Hər kəsin məhsulu mükəmməl olmaya bilər, amma dahi və misilsiz kontent hesabına siz brend yaradıb məhsulunuzu arzuolunan edə bilərsiz. Kontent məhsul ətrafında yaratdığınız brend hekayəsidir. Nə haqqında, necə və kimə danışacağınız ancaq sizdən asılıdır.
3. Reklam
Kim deyirsə reklam ölüb səhv deyir. Şəkil dəyişdirib, bəli. Əvvəlki qədər bezdirici və banal səslənmir. Daha təbii, daha faydalı, daha əyləncəlidir. Aşağıdakı videonu izləyin, videodakı oyuncağın qısa müddət ərzində nə qədər populyar olduğunu təsəvvür edə bilərsiz.
Hər digital marketerin arzusu böyüyüb Growth Hacker olmaqdır desəm yəgin ki yanılmaram. Amma həqiqət odur ki, mükəmməl və universal Growth Hacker olmaq mümkün deyil. Xoşbəxtlik kimi: ona nail olmaq mümkün deyil, sadəcə yolunda usanmadan irəliləmək lazımdır.