Şirkətin fəaliyyət sahəsi sabit deyil – vaxtdan, qazancdan və şəraitdən asılı olaraq dəyişə bilər. Niyə? Çünki hər bir şirkətin əsas məqsədi sahiblərinə qazanc gətirməkdir. Bunun üçün də şirkətlər tez-tez öz fəaliyyətlərini analiz edərək hansı sahələrdə daha üstün olduqlarını, rəqabətdə daha çox uğur qazandığını və hansı sahənin mənfəət baxımından daha əlverişli olduğunu nəzərdən keçirir. Bu analiz nəticəsində şirkətin gələcək fəaliyyəti ilə bağlı strateji və taktiki qərarlar verilə bilər. Məsələn, şirkət 3 fərqli məhsul satır: diş pastası, sabun və şampun. Şampun və sabun brendləri öz seqmentlərində kifayət qədər güclüdür və bazar lideridir. Diş pastası brendi isə bütün marketinq səylərinə baxmayaraq lider ola bilmir. Marketinq qanunlarına əsasən öz bazar seqmentində lider ola bilməyəndə nə etmək lazımdır? Sualın mümkün cavablarını aşağıda şərh bölməsində paylaşın.

Analiz nəticəsində həm də məlum ola bilər ki, şirkət məhsulun satdığı coğrafiyanı genişləndirə, yeni müştərilərə çıxa ya da yeni məhsul seqmentlərinə daxil ola bilər. Bütün bu strateji və taktiki dəyişiklikləri qrafik şəkildə göstərmək üçün maraqlı bir üsulu diqqətinizə təqdim edirik.

3D koordinat sistemindən istifadə etməklə şirkətin fəaliyyət sahəsini qrafik olaraq necə göstərmək olar?

Bunun üçün 3 koordinat oxu təyin olunur:

1. Məhsulun (xidmətin) satılacağı coğrafiyanı göstərən ox;

2. Məhsulun (xidmətin) kimə satılacağını göstərən ox;

3. Hansı (növ, cür) məhsulun satılacağı ox.

Faliyyət sahəsi 1

Bu oxlarda şirkətin fəaliyyət sahəsinə uyğun məlumatlar əks olunur:

Faliyyət sahəsi 2

Bu şəkildə çox rahat olaraq biz, şirkətin istehsal etdiyi xammalın şirkətin fəaliyyətini göstərdiyi şəhərdə hüquqi şəxslərə satıldığını göstərdik.

Fəaliyyət sahəsi 3

Bu şəkildə isə biz, şirkətin istehsal etdiyi hazır məhsulun ölkə miqyasında fiziki şəxslərə satıldığını göstərdik. Hazırladığımız prezentasiyalarda bu 3D koordinat sistemindən istifadə etməklə şirkət fəaliyyətinin müxtəlif satış strategiyasını, gələcək satış planlarını göstərə bilərik.