Davamlı rəqabət üstünlüyü nədir və nə üçün lazımdır? Bu üstünlüyü necə əldə etmək və qorumaq olar? Biznesin inkişafı üçün davamlı rəqabət üstünlüyü niyə vacibdir? Öz biznesiniz varsa, bu bloq yazısı əsl sizin üçündür.
Davamlı rəqabət üstünlüyü nədir?
Tərifini vermək üçün bu ifadənin ibarət olduğu sözləri ayrıca nəzərdən keçirək:
Davamlı – bir anlıq, bir ilik deyil, uzun müddət davam edən. Real biznesin kriminaldan və ya məmur biznesindən əsas fərqi davamlı ola bilməsidir. Cinayətin gec-tez üstü açılır, məmur vəzifəsindən gedir, amma biznes davamlı şəkildə sahibinə pul qazandıra bilər. (buna görə də kriminal avtoritetlər qanuni biznesə keçməyə can atırlar)
Rəqabət – biznesdə rəqiblər asan və rahat yolla pul qazanmağa imkan vermir. Rəqiblər sizi zəiflətmək, müştərinizi qaçırtmaq üçün əllərindən gələni edirlər. Biznesdə uğur qazanmaq üçün rəqiblərdən güclü olmaq lazımdır (fiziki olaraq güclü, futbolda udmaq kimi deyil).
Üstünlük – Rəqabətdə güclü olmaq, rəqibdən daha üstün, yəni rəqiblərdən daha cəld, daha ağıllı, daha bacarıqlı olmaq deməkdir. Bu üstünlük birbaşa işin keyfiyyətinə təsir etməlidir (dəbdəbəli ofis, ən bahalı ofis mebeli kimi deyil).
Davamlı rəqabət üstünlüyü biznesin uzun müddət ərzində rəqabətqabiliyyətliliyini qoruyacaq amillərdir.
Davamlı rəqabət üstünlüyünü təmin edən amillər hansılardır?
1. Kapital qoyuluşu
Bir çox biznes sahəsinə daxil olmaq üçün iri miqyaslı kapital qoyuluşu tələb olunur: neft hasilatı və sənayesi kimi. Bu sahəyə ilk daxil olan və həmin iri kapitalı investiya edən şirkətin uzun müddət ərzində qoruyacağı rəqabət üstünülüyü var. Rəqiblər onun bazarına girməyə ancaq o vaxt risk edər ki, bazar bir oyuncu üçün çox böyük olsun.
2. Texnologiya
Elmi ixtiralar, texnoloji kəşflər, patenləşdirilmiş elmi nailiyyətlər patent müddəti və ya alternativi kəşf olunana qədər sahibinə güclü rəqabət üstünülüyü verə bilər. Bura həmçinin, şirkətin iş effektivliyini azaldan və xərclərini aşağı salan müxtəlif proqramlar da daxildir: Amazonun anbarları idarə etmə mükəmməl sistemi kimi.
3. Məhsulun mayası
Satışda rəqiblərə qalib gəlməyin ən yoxlanılmış yolu qiymət üstünlüyüdür. Məhsulun maya xərci nə qədər aşağı olarsa, şirkət öz qiymətini bir o qədər aşağı saxlaya, istədiyi vaxt rəqibləri qiymətlə vura bilər. Aşağı qiymət eyni zamanda yüksək mənfəət deməkdir. Yüksək mənfəət də rəqabətdə güclü qalmağın əsas şərtidir.
4. Bacarlıqlı işçi heyəti
Kadrlar hər şeyi həll edir. Xüsusən kiçik və orta biznesdə, hardakı rəhbər və aparıcı mütəxəssislər şirkətin inkişafına birbaşa təsir edən qərarları təkbaşına verməli olurlar. Rəhbər də bir işçidir – Stiv Cobs olmasaydı, Apple olmazdı. İlk baxışda restoranın gəlirinə təsir gücü olmayan qarderob işçisi belə, xidmət səviyyəsinə və deməli restoranın gəlirinə təsir etmək gücünə sahibdir.
5. Şirkətin korporativ mədəniyyəti
İşçilərin dahi olması bəzən yetərsiz qalır – bu dahiliyin işə yaraması üçün şirkətin düzgün korporativ mədəniyyəti olmalıdır. Mədəniyyət çox geniş məfhumdur: bizim misalda da hər cür uyğun mənada işlənə bilər. Şirkətin işçilərinin bir-birilə yardımlaşması, müştərilərə göstərilən qayğı və diqqət, innovasiyaların daxildən təşviq olunması, bayramlarda imkansızlara yardım kampaniyaları, şirkət dəyərlərinə sədaqət – bu siyahını siz də uzada bilərsiz. Çox bəyəndiyim bir söz var: “İşçilər pis işdən getmir, onlar pis menecerdən ayrılırlar”. Maaşı daha az olsa, sırf şirkətdəki səmiyyətə görə orda qalanlar az deyil. Bunun əksi də keçərlidir: şirkətdə bu cür mühit yoxdursa, hamı bir-birinin torbasını tikirsə həmin şirkət qısa zamanda rəqabət üstünlüyünü itirəcəkdir.
6. Yerləşmə (fəaliyyət məskəni)
Bu üstünlük özünü 2 cür biruzə verir:
a) mikro səviyyədə – mağaza və ya bərbərin strateji yerdə yerləşməsi: metro çıxışları, insan axımı çox olan yerdə, rəqib market şəbəkəsinin girməsi üçün kiçik olan qəsəbədə və ya bir neçə məhlənin ortasında.
b) makro səviyyədə – şirkətin azad iqtisadi zonada, startapların inkubatorunda, texnoloji şirkətin Silikon vadisində yerləşməsi kimi. Bu cür məkanlar şirkətə sürətli inkişaf üçün dayaq nöqtəsi və dəstək verir.
Bu cür rəqabət üstünlüyü ölkələr üçün də keçərlidir. Məsələn, SSRİ dağılanda beynəlxalq şirkətlər öz istehsallarını bu ölkələrə keçirməyə tələsmirdilər. 15 ölkə arasında ən güclü üstünlüyə sahib olan ölkələr Özbəkistan və Ukrayna idi. Ukrayna yüksək peşəkarlığa malik kadrları və Avropa-Rusiya bazarına çıxışları ilə cəlbedici idi. Özbəkistan da güclü iqtisadi potensial (neft-qaz və kənd təsərrüfatı), həm də bütün Orta Asiya bazarına çıxışı ilə xarici investorları cəlb edirdi.
7. Kəskin fərqlənmə və fokus
Rəqiblərdən vacib bir cəhətdə kəskin fərqlənmə və müəyyən vacib bir nöqtəyə fokuslanma da bir müddətdən sonra rəqabət üstünlüyünə gətirib çıxara bilər. Brendin mövqeləndirilməsi ilə bağlı olan bu üstünlüyü biz, ən təhlükəsiz maşın hesab olunan Volvo misalında şahid olmuşuq. Ya da ləkələri aparmaq nömrə bir olaraq bilinən Vanish kimi.
Uğur qazanmaq istəyən hər bir biznesin davamlı rəqabət üstünlüyü olmalıdır. Bu üstünlük ona uzunmüddət ərzində bazarda qalmağa, malını yaxşı qiymətə satmağa və inkişaf üçün yetərli qədər mənfəət qazanmağa imkan verəcəkdir. Rəqabət üstünlüyünün nə qədər müddət qalacağı isə şirkətin özündən, nə qədər marketer olmasından asılıdır.