İnternet. Kimə baxırsan internetdədir. Həyatda olsa belə insan internetə qoşulub, fikri-zikri internetdədir. Səninlə söhbət etsə belə, səndən mal alanda belə axşam bəyəndiyi qızın paylaşdığı şəklə yazdığı şərhdədir. İnternetdə olan adama necə sataq? Onu malımızı almaq üçün necə yola gətirək. Bu maraqlı mövzüya bir bloq yazısı həsr etmək qərarına gəldim.
Ənənəvi reklamın 3 əsas cəhəti var:
1. Brendin və ya məhsulun tanınması ilə bağlı reklamlar daha çox informativ xarakter daşıyır;
2. İnformasiya bir tərəfli qaydada reklamverəndən potensial müştəriyə ötürülür;
3. Reklamı görən potensial müştəri həmin anda hər hansı bir əməl edə bilmir.
Bir istisna TV maqazin verilişləridir ki, burda göstərilən malı elə həmin an zəng edərək almaq olar.
İnternet reklamverənlərə bir çox imkanlar yaradır, o cümlədən reklama göstərdiyi marağı ölçmək həllərini. Brendin tanınması ilə yanaşı internet istifadəçilərini hər hansı bir əmələ çağırmaq, sövq etmək mümkündür. İnternet, müştərinin alış qıfının hansı səviyyəsində olduğunu nəzərə alaraq taktiki gedişlər etməyə kömək edir. Bunun üçün internet reklamında Əmələ Çağırış (call-to-action) alət və mexanizmlərindən geniş istifadə olunur.
Əmələ çağırış izləyicisini tələb olunan əməli yerinə yetirməyə sövq edən şəkil və ya mesajdır. Bu əməl çox fərqli ola bilər: daha ətraflı məlumat almaq üçün sayta keçid, tam videonun izlənilməsi, qeydiyyatdan keçmək, malı sifariş vermək, xəbərlərə abunə olmaq, email göndərmək, maraqlı bir kitab yükləmək və s. Əmələ çağırış reklam daşıyıcısının (məsələn bannerin) özündə olmaqla yanaşı istənilən digər bir yerdə də ola bilər: məktubda, videoda, emaildə, xəbərin içində və s.
Qəbul olunmuş bir meyardır ki, 100 internet istifadəçisindən ortalama ancaq 1 nəfər reklam bannerinə klik edir. Bəs bu göstəricini artırmaq üçün nə etmək lazımdır? İnsanları klik etməyə vadar edən amillər hansılardır?
1. Diqqət çəkən dizayn
Klik edəndən qabaq internet istifadəçisi ilk əvvəl sizin banneri görməlidir, onu səhifədə məzmun və digər reklamlar arasında fərqləndirməyi bacarmalıdır. İnternet istifadəçilərində “reklam korluğu” deyə bir “xəstəlik” var – beyin ifrat, lüzumsuz hesab etdiyi informasiyadan qorunmaq üçün monitorda, səhifədə reklam bannerləri olan yerləri görməzdən gəlir. Bir növü biz bannerinə baxırıq, amma görmürük. Gözlə baxırıq, beyinlə görmürük. Görmək üçün əmələ çağırış ən azından səhifə fonundan fərqlənməli və görünmək üçün minimum ölçülərdən (225px enində və 45 px hündürlüyündə) böyük olmalıdır.
2. İndi əməl etməyə sövq edən mətn
“İndi klik elə”, “İndi al”, “Ətraflı” deməklə olmur bu iş. Klik edəndən əvvəl insanın diqqətini çəkəcək bir ifadə olmalıdır ki, istədiyimiz əməli etməyə çağırsın. Burda əsas iş kreativin üzərinə düşür.
3. Müştəriyə veriləcək dəyərin açıq-aydın təsviri
İnsanlar dəqiq dərk etməlidir ki, klik edəndən sonra onları nə gözləyir. Videonun davamına mı baxacaqlar, kitab mı yükləyəcəklər, yoxsa yeni xəbərlərə abunə mi olacaqlar? İnsanlar ümumiyyətlə şübhəli hər şeydən qaçır, internet istifadəçisi isə bilmədiyindən çox çəkinir.
4. Məxsusi səhifə (xüsusi ayrılmış açılış səhifəsi)
İnsanlar, internet istifadəçisi özəlliklə, dəhşət dərəcədə səbrsizdirlər. Aldanmağı isə heç sevmirlər. Əgər onu cazibədar bir şəkil ilə aldadıb, klik etdikdən sonra aiddiyyatsız bir yerə gətirirsinizsə, belə müştəri qazanmağa ümid etməyin. Bir çox bannerlərdə klik etdikdən sonra hansı səhifəyə keçəcəyin əvvəlcədən bilir. Əgər klik etmək istəyən anlasa ki, bannerin açılış səhifəsi ilə heş bir bağlılığı yoxdur, heç şübhəsiz o, bu fikrindən daşınacaq, klik etsə belə ən qısa zamanda səhifəni bağlayacaqdır. Mütləq nəzarət edin ki, hər bir banner insanları vəd etdiyi yerə gətirsin.
Bu amillər reklam bannerinin, reklam daşıyıcısının klik olunma faizini artırmaqla yanaşı daha 2 məqsədə xidmət edir:
1. Reklam bannerinin indeksini artırır
Google Adwords platforması vasitəsi ilə yayımlanan banner bu tələblərə yüksək səviyyədə riayyət edirsə onun reklam indeksi rəqib bannerlərə nisbətdə artır, nəticədə sizin banner daha çox və daha ucuz qiymətə göstərilir.
2. Saytın indeksini artırır
Eyni qayda ilə reklamdan sizin sayta keçidlər çoxdursa Google sizin saytınızın kontentinin maraqlı olduğunu görür, saytınızın indeksini artırır və axtarış nəticələrində sizin sayt rəqiblərdən daha yuxarı mövqelərdə çıxır.
Reklamın qızıl qaydasını hər zaman xatırlayın: “Reklam yaxşıdır, amma yaxşı reklam daha yaxşıdır“.