Brendin inkişafı nəyə bağlıdır?

Brend canlı bir varlıqdır, idarəetməyə və inkişafa ehtiyacı var. Brendin inkişafı üçün tələb olunanlar nələrdir? sualı sizi də narahat edirsə bu yazı əsl sizin üçündür.

Brendin inkişafı 5 əsas amildən asılıdır:

1. Brend şirkətin biznes strategiyasına bağlı və ondan asılı olmalıdır.

Brendin inkişafı ilk növbədə şirkətin qarşısına qoyduğu məqsədlərə uyğun olmalıdır. Brend və şirkət bir-birindən ayrılmaz olduğu üçün hər ikisinin inkişafı bir-birindən asılıdır. Şirkəti brendə, brendi isə şirkətə qurban vermək olmaz. Brend özünü “yaşıl” kimi təqdim edirsə, şirkətin hər bir fəaliyyəti, ofisdə istifadə olunan kağızlara qədər hər şey “yaşıl” konseptinə uyğun olmalıdır.

2. Brendin imici müştərisinə uyğun olmalıdır. 

Brendin imici necədir? Müştərilər brendi necə qəbul edir, onun barəsində nə düşünür? Brend müştərilərinin dəyərlərini və gözləntilərini qarşılayırmı? İnsanlar ancaq özlərinə yaxın bildiyi, doğma hiss etdiyi brendin loyal müştərisinə çevrilir. Loyal müştəri qazanmaq üçün müştəri ilə dostlaşmaq şərtdir.

marketinq konsepti

3. Brend müştərisi ilə dostlaşmalıdır.

Brendin inkişafı üçün brendi müştərilərə sevdirmək olduqça vacibdir. Bunun üçün müştəriləri analiz etmək, seqmentləşdirmək, motivasiya və meyillərini öyrənmək, alış səbəblərini bilmək tələb olunur. Brendin daima tələbdə olması müştərilərinin qarşılanmayan tələblərinə cavab verməsinə birbaşa bağlıdır. Brend müştərisinin dərdinə, ehtiyacına dərman olmalıdır. Müştəri brend olmadan öz həyatını təsəvvür etməkdə çətinlik çəkməlidir.

4. Bazarın nəbzini tutmaq lazımdır.

Bazar trendləri barədə məlumatlı olmaq, brendə və müştərilərinə təsir göstərən (göstərəcək) amilləri araşdırmaq və öyrənmək lazımdır. Xüsusən kəskin rəqabət olan bazarlarda brendi daha çox təhlükə gözləyir. Gözlənilməyən təhlükələrə qarşı hazır olmaq üçün bazardan kəşfiyyat məlumatlarını toplamaq tələb olunur. Müştəri tərcihləri necə dəyişir? Elmi-texniki tərəqqi müştərilərin həyatına necə təsir göstərir? Bu məlumatlar brendin gələcəyi ilə bağlı qərar verərkən əvəzolunmaz mənbədir.

5. Rəqib brendlərin səylərini neytrallaşdırmaq vacibdir.

Rəqiblərin mövqeləndirilməsini, güclü və zəif tərəflərini, cari addımlarını və planlarından xəbərdar olmaq, bu məlumatlar əsasında brendin inkişafına yön vermək lazımdır. Bunu rəqabət qanunları tələb edir. Sən rəqibi zəif yerindən vurmasan, o bu fürsəti əldən verməyəcək. İlk zərbəni sən vur, rəqib şok olub daha çox səhv etsin. Müştərilər güclü brendləri bəyənir. Güclü brend rəqiblərinə aman vermir, rəqibin müştərilərini öz tərəfinə çəkmək üçün daha yaxşı, daha üstün olduğunu göstərmək üçün fürsət axtarır.

Brendin inkişafı brendi daha güclü edəcəkdir. Güclü brend loyal müştəri, davamlı satışlar, rəqiblərə qarşı güc deməkdir. güclü brendlər inkişafdan geri qalmır, inkişafı onlar yönləndirir.

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az