Reklam nəinki insan həyatının, həm də təbiətin ayrılmaz bir parçasıdır. Canlıların həyatları, sağ qalması və nəsil artırması belə reklamdan asılıdır. Gülün kəpənəyi cəlb etmək üçün özünü reklam etməsindən tutmuş Felix Baumgartner-in kosmosdan tullanmasına qədər reklamsız həyatımızı təsəvvür edə bilmərik.
Dünyanı bir bazar olaraq düşünün. Hər bazarda 2 cür insan var: alıcı və satıcı. Satıcının bazara gəlməkdə məqsədi əlindəki malı satmaq, alıcının isə məqsədi ehtiyacı olan malı tapmaqdır. Bazar da nə bazardır? Milyonlarla satıcı, milyonlarla da alıcı var. Bu cür it yiyəsini tanımadığı bir şəraitdə satıcı öz alıcısını necə tapacaq? Alıcı ona lazım olan malı kimdən almalı olduğunu hardan biləcək? Bu işdə onların köməyinə reklam gəlir.
Bəs reklamı elandan fərqləndirən, onun əhəmiyyətini göstərən cəhətlər hansılardır?
1. Mübadilə
Reklamın mahiyyətində mübadilə durur — satıcı öz malını satmaq, alıcı isə məqbul şərtlərlə almaq istəyir. Reklamı nə üçün edirik? Malımızı, xidmətimizi satmaq üçün. Həm satıcının, həm də alıcının bazara gəlməkdə məqsədi mübadilə etməkdir. Əgər hər hansı bir mesajın mahiyyətində mübadilə məqsədi durmursa bu mesajı reklamın mesajı adlandırmaq olmaz. Məsələn şeir, ya da mahnı. Onların məqsədi insanları əyləndirməkdir, bu səbəbdən də heç biri reklam hesab oluna bilməz.
2. Diqqət cəlb etmə
Satıcı öz malını satmaq üçün alıcının diqqətini cəlb etməlidir. Bazarda alıcı qismində gəzəndə sizin diqqətinizi nə çəkə bilər? Satıcının avazlı çağırışları? Piştaxtanın orijinal dizaynı? Mağazanın önündəki gözəl qızlar? Məhsulun fərqli dizaynı və ya düzülüşü? Rəqiblər arasından seçilmək üçün satıcı öz malını, öz mesajını, satış yerini fərqli və diqqət çəkən etməlidir. Diqqət çəkməyən reklam reklam deyildir. Reklam diqqət çəkməlidir ki, müştəridə maraq oyatsın, onun yadında qalsın, məhsulu almağa, dadına baxmağa həvəs yaratsın.
3. Qarşılıqlı fayda
Reklamın nəticəsində qarşılıqlı fayda meydana gəlməlidir. Alıcı ziyan çəkəcəksə reklam yalana çevrilir, satıcı ziyan çəkirsə mənasız pul itkisi olur.
Bəzi insanlar reklamı yalan məlumat kimi də qəbul edir. Amma reklam yalan deyil – məhsulda olan bir özəlliyin daha kreativ, daha diqqət çəkən, daha yadda qalacaq şəkildə təqdim olunmasıdır. Məsələn. bu reklam posteri nümunəsində olduğu kimi ketçupun acılığı yanğın söndürmə balonu təmsilində göstərilir.
Hamıya aydındır ki, burda məhsulun acılıq xassəsi şişirdilib, bunun məqsədi kreativ üsulla müştərilərin diqqətini çəkmək və brendi yadda qalan etməkdir.
Reklam vasitəsi ilə satıcı alıcıya məhsulu barədə məlumat çatdırır. Amma bu hələ tam deyil. Reklamın 7 əsas məqsədi də var:
1. Məhsul və ya xidmət barədə potensial alıcıları məlumatlandırmaq;
2. İnsanları məhz sizin məhsulun onların ehtiyacını ödəyəcəyinə inandırmaq;
3. Əmtəənizə qarşı həvəs yaratmaq, almağa, sınaqdan keçirməyə sövq etmək;
4. Şirkətinizin, brendinizin imicini yaxşılaşdırmaq;
5. Məhsul və ya xidmətiniz barədə müştəriyə xatırlatmaq;
6. Satış fəaliyyətinə dəstək olmaq;
7. Müştəriləri sizin satış nöqtənizə gətirmək.
Reklam həmçinin məzmununa görə də 3 yerə bölünür:
1. Kommersiya reklamı – burda əsas məqsəd malı satmaq, müştəri qazanmaqdır. İstənilən şirkətin əsas məqsədi sahiblərinə gəlir gətirməkdir. Bunun üçün onlar reklamı daha çox mübadilə məqsədi ilə istifadə edir.
2. Sosial reklamlar – burda əsas məqsəd insanları düzgün və faydalı olana istiqamətləndirməkdir. Məsələn ətraf mühitin qorunması, siqaret əleyhinə, müəllif hüquqlarının qorunmasına yönəlmiş reklamlar kimi.
3. Siyasi reklamlar – burda əsas məqsəd seçkilərdə səs toplamaqdır. İnsanlara vədlər verilərək seçici səsləri ilə mübadilə baş verir. Siyasətçilər daha çox diqqət çəkmək üçün əlindən gələni edir. Nəticədə isə demokratiya – başqa sözlə qarşılıqlı fayda baş verir: insanların seçdiyi namizəd insanların problemlərini həll etməklə məşğul olur (ən azından nəzəriyyədə belədir).
Reklamın hazırlanması artıq bir sənayedir. Reklamı düşünən kopirayterdən tutmuş, reklam agentliyi əməkdaşlarına, reklamı çap edən ustaya, reklamı yayımlanan Televiziya işçilərinə qədər hamı bu burulğanda dövr edir. Və əlbəttə ki bu sənayeni tənzimləyən müvafiq qanunlar qəbul olunur: reklam haqqında, rəqabət haqqında və s.
Reklam agentliyi nə üçün lazımdır?
Reklam agentliyi marketinq şöbəsinin işinə dəstək olmaq, əksikliklərini tamamlamaq, layihələrə dəyər qatmaq və effektivliyi artırmaq üçün lazımdır. Bu yazıda reklam agentliyi dedikdə mən, Azərbaycanda istifadə olunan mənasını nəzərdə tuturam. Bu mənada reklam agentliyi olaraq kreativ, media, dizayn agentliklərinindən tutmuş vizitka çap edən mətbəələrə qədər reklam sektorunun bütün şirkətlərini düşünə bilərsiz.
Bir anlıq reklamsız dünya təsəvvür edin. Telefonunuza reklam SMS-ləri gəlmir, Facebook ya da Instagram xəbər lentinizdə reklamlar görsənmir, sayta daxil olanda bütün səhifəni örtən reklam banneri çıxmır. YouTube-da ya da TV kanalda videoya, verilişə baxanda 5 dəqiqədən bir yayımlanan reklamlar sizi bezdirmir. Təsəvvür edə bildiniz? Hansı sərinləşdirici içkini içəcəyinizə necə qərar verəcəksiniz? Yeni məhsul görəndə almağa cəsarət edəcəksinizmi? 2 eyni görkəmdəki telefonlardan hansının daha yaxşı olacağını hardan biləcəksiniz? Qərarsızlıqdan əziyyət çəkən insan cəmiyyətində yaşamaqdan qorxmadınızki? Çox qalmadan real dünyaya qayıdın. Reklamlar artıq bitib, bloq yazılarını oxumağa davam edə bilərsiz.