Marketinq şöbəsi hər bir (biznes yönümlü) şirkətin olmazsa olmazıdır. Niyə biznes yönümlü sözünü mötərizəyə aldım? Çünki Azərbaycanda biznes yönümlü, yəni pul qazanmaq məqsədi olmayan bizneslər də az deyil. Onlar üçün marketinq menecmentin bir funksiyası deyil, ciblərinə girmək istəyən dəllaldır. Əslində marketinq şirkətin uğura və mənfəətə doğru bələdçisidir. Bu səbəbdən də “Marketinq şöbəsi lazımdırmı?” sualına cavab vermək sahibkar üçün elə də çətin olmamalıdır. Əsl sual “Şirkətə nə qədər marketinq lazımdır?” olmalıdır. Bu mövzüya bir neçə yazı həsr etməyə qərar verdim. İlk yazım Azərbaycanda marketinq şöbələrinin qurulma niyyətlərinə həsr olunub.
18 ilə yaxınlaşan marketinq təcrübəmdə hər çalışdığım şirkətdə marketinq bölməsini yaratmaq qismətim olub. Kiçik şirkət və ya holdinq olsun fərq etməz – hər dəfə şahid olmuşam ki, marketinq şöbəsi şirkət sahibinin iradəsi ilə qurulur, istəyi olmayanda da bağlanır. Bəs şirkət sahibinin iradəsi, rəhbərin niyyəti nədən asılıdır?
1. Hamıda var, məndə də olsun: gülməli görsənsə də reallıqda bu niyyət ilə yaranan marketinq şöbələri az deyil. Bu halda adətən az-çox marketinqdən anlayışı olan bir nəfər marketinq rəhbəri təyin olunur, o da marketinq işini qurmağa başlayır. Amma əksər hallarda rəhbərin dəstəyi olmadan bütün planlar kağız üzərində qalır, verdiyi təkliflər və ideyalar eşidilmir. Həmin adam da vaxtını keçirməyə razı olsa eyni qayda ilə, ancaq vizitkart çap etməklə məşğul olub işinə davam edir, ya da özünə yeni iş tapır. Rəhbər də ətrafındakı iş adamları dostlarını marketinqin heç bir işə yaramadığına inandırmağa çalışır.
2. Bazar inkişaf edir, marketinq bizə yol göstərsin: bəzi sahibkarlar və rəhbərlər bazarın artan potensialını görüb çarəni (düzgün olaraq) marketinqi gücləndirməkdə görür. Bu cür hal adətən satış və distribütor şirkətlərində baş verir: satış komandası dirənəndə, artıq sata bilməyəndə marketinq dəstəyi olmadığından gileylənməyə başlayır. Rəhbər də reklam agentlikləri ilə görüşüb hamısının makler olduğuna qərar verəndən sonra marketinq şöbəsi açmağa qərar verir. Bunun üçün satış təcrübəsi olan bir marketoloq dəvət olunur. Həmin marketoloq da agentliklərin köməyi olmadan, peşəkar dəstək almadan frilanserlər ilə nəsə eləməyə çalışır: treyd-marketinqi qurur, poster, buklet filan sifariş verir, saytı və sosial medianı işə salır və s. Marketoloqun işə məsuliyyətlə yanaşması az-çox öz bəhrəsini verir, satış da (lazım olanda) günah keçisi tapır. Marketoloq işdən gedəndən sonra da proses təzədən başlayır, şöbədə işi təhvil almağa adam olmadığına görə heç bir təcrübə ötürülməsi baş vermir.
3. Bazarda rəqabət qızışır: şirkətin hökm etdiyi bazara yeni, marketinqi güclü olan rəqib daxil olanda sahibkar marketinqə olan ehtiyacı dərk etməyə başlayır. Rəqib öz uğurlu marketinq kampaniyaları ilə bazar payı aldıqca, satışlar düşür, müştərilər qaçır. Bunları qaytarmaq, şirkəti dirçəltmək üçün inzibati üsullar işləməsə, 6 aydan bir satış müdiri dəyişmək işə yaramasa marketinq agentlikləri ilə əməkdaşlığa start verilir. Marketinq agentliyi ilə əməkdaşlıq şirkətdə marketinq işinin qurulmasına ehtiyacı üzə çıxarır. Rəhbər şirkət işçilərindən ən çox marketinq anlayışı olanı marketinqə məsul şəxs olaraq təyin edir. Bu format uğursuz olsa rəhbər marketinqdən məyus olub, əvvəlki pərakəndə marketinq iş qaydasına qayıdır:bayramdan bayrama, pul olanda nəsə reklam edir, bərk gedən verilişə sponsorluq edir tərzində işlərlə məşğul olur. Yox əgər, marketinq agentliyi şirkətə dəyər qazandırıb uğurlu iş görə bilsə sahibkar və ya rəhbər “axı o əjdahadan niyə bizdə yoxdur?” prinsipi ilə bu günə qədər agentliyin gördüyü işi daxildə görməyə qərar verir. Əsas səbəb kimi pulun kənara axmasının qarşısını almaq, qənaət etmək, öz köynəyim özümə yaxın olsun istəyi olsa da əslində səbəb uğurların başqasının adına yazılmasına qısqanmaqdır. Marketinq departamentinə nə qədər güclü mütəxəssislər cəlb olunsa da, bütün reklam prosesi şirkət daxilində qurulsa da bu uzun müddət davam edə bilmir. Azərbaycanda hələ elə bir şirkət yoxdur ki, sırf daxili marketinq hesabına uzun müddət uğur qazana bilsin.
Azərbaycan şirkətlərində qurulan marketinq şöbələri əsasən bu 3 niyyət ilə qurulur və davam edir. Bu niyyətlərə aid bir çox misallar göstərmək mümkündür. Siz də yəgin ki, bu niyyətlərlə qurulan marketinq şöbəsində işləmisiz. Amma, bütün dünyada olduğu kimi, Azərbaycanda da ən uğurlu marketinq keysləri şirkətin marketinq heyəti ilə peşəkar marketinq agentliyinin birgə komanda işi ilə yaranır. Bunu bacarmaq üçün şirkətin marketinq şöbəsi necə qurulmalıdır? Növbəti yazımızı gözləyin.