Marketinq şirkət üçün faydalıdır. Bəs cəmiyyət üçün necə? Marketinqi cəmiyyət üçün faydalı edən hansı xüsusiyyətləridir? Bu yazını marketinqin faydası, daha doğrusu cəmiyyətə faydasına həsr edirik.
Şirkət üçün faydasına əmin olan marketerlər marketinqə külli miqdarda büdcələr xərcləyir. Bu marketinq fəaliyyətlərinin əsas məqsədi brend tanıtımı və satışların stimullaşdırılmasıdır. Amma əsas məqsədlərlə yanaşı marketinqin yan təsirləri də var, hansılar ki cəmiyyətə fayda qazandırır. Gəlin bu 5 əsas fayda ilə daha yaxından tanış olaq:
Fayda 1: Müştərinin maarifləndirilməsi
Bəli, bəli – məlumatlandırma deyil, məhz marifləndirmə. Müştəriləri inandırmağa çalışarkən marketinq rasional faktlardan istifadə edir, hansı ki, eyni zamanda müştəriyə konkret fayda qazandıra bilər. Məsələn, diş məcunu reklamında dişləri gündə 2 dəfə fırçalanmasının faydası barədə bəhs olunur. Antibakterial sabunlar, süd, turizm xidməti – fərq etməz, faydalılıq marketinqi bizə sübut edir ki, istənilən mal barədə insanı maarifləndirmə ona satmaq, hətta demarketinq etmək də mümkündür. Bura həmçinin, daha praktiki informasiya da daxildir: mağazaların ünvanları, iş saatları, internet ünvanları, fərqli modellərin üstün və zəif cəhətləri barədə məlumatlandırma və s.
Fayda 2: Müştəri gözləntilərinin idarə olunması
Müştəri gözlətiləri müəyyən mənada bazarın formalaşmış tələbidir. Bir çox yeni məhsul, yeni həll bu cür tələbi qarşılamaq üçün yaranır, yaradılır. Cəmiyyət və texnologiyalar inkişaf etdikçə insanın hər bir xırda tələbatına uyğun məhsul hazırlanır. Fikizi əmtəə şəklində olmasa belə. Mobil tədbiqləri düşünün, gündə nə qədər su içdiyini, nə qədər gəzdiyini ölçən tədbiqlərdən tutmuş maşını harda park etdiyi göstərənlərə qədər hər cürü var. Bu baxımndan marketinq həm də innovasiyaları yaradır, yeniliklərin cəmiyyətə qısa zamanda çatdırılmasına, insanların istifadəsinə verilməsinə çalışır.
Fayda 3: İqtisadi inkişaf
Reklam olmasa insanlar daha az mal alar, düzdür? İlk baxışdan bu cür qənaət yaxşı görsənə bilər, amma bir əmması var. Aşağı satışlar iqtisadi böhrana gətirib çıxarır. İqtisadi inkişaf üçün isə iqtisadi fəallıq lazımdır. Hamı mal almalıdır ki, istehsalçılar yeni mallar istehsal eləsin, yeni iş yerləri açılsın, daha çox mənfəət olsun, vergi ödənilsin. İqtisadi artım istehlak səviyyəsindən asılıdır, hansını ki ancaq reklam və marketinq ilə qaldırmaq mümkündür. Təsadüfi deyil ki, marketinqə iqtisadiyatın lakmus kağızı deyirlər. Marketinq fəaliyyəti iqtisadi inkişaf gözləntiləri olan vaxtlarda daha çox qızışır. Marketinqin yaranma səbəbi olan rəqabət iqtisadi inkişafın da əsas şərtlərindən biridir.
Fayda 4: Cəmiyyəti yönləndirmə
Marketinqin işi insanlarladır. Müştəri seqmentlərini ayırmaq üçün marketerlər insanların hər cəhətini öyrənməyə çalışır: istək və arzularından alış qərarlarına təsir edən amillərə qədər. Bu səbəbdən də marketinq əslində sosioloji elm kimi də qəbul oluna bilər. Sosioloqlar, politoloqlar marketinqdən necə istifadə edə bilər? İctimai-siyasi prosesləri idarə etməyə gələndə marketinq alətləri onların köməyinə gəlir. Siyasi marketinqdə siyasətçilərin etdiyi kimi. Və ya cəmiyyəti narahat edən ekoloji və digər məsələlərə insanların diqqətini çəkmək, aktiv mövqe formalaşdırmağa kömək etmək üçün marketinq aktiv olaraq istifadə olunur.
KSM olaraq götürəndə də marketinq cəmiyyətə bir çox xeyirlər gətirə bilər. Şirkətlərin cəmiyyət qarşısında duyduğu məsuliyyət, eyni zamanda da cəmiyyətdəki fərdlərin şirkətlərdən umduğu üzərində qurulan PR işi də bu qəbildəndir. Bu səbəbdən də marketer, hər bir marketinq fəaliyyəti barədə düşünərkən insanı təkçə fərd olaraq deyil, cəmiyyətin bir parçası olaraq da nəzərə almalıdır. Marketinq insana birbaşa da təsir edə bilər, cəmiyyət vaitəsi ilə də. Təcrübə göstərir ki, çox vaxt marketinqin cəmiyyət vasitəsi ilə insanan təsiri daha effektivdir.