İslam səmavi dinlər arasında insanların və cəmiyyətin həyatını hərtərəfli tənzimləməklə fərqlənir. İslam cəmiyyətin bütün sahələrinə öz təsiri göstərdiyi kimi, marketinqdən də yan keçməyib. İslami marketinq termin olaraq yeni yaransa da, 14 əsrlik islamın prinsiplərinə əsaslanıb. Bu yazımızda islami marketinq anlayışı, praktiki tədbiq yolları və inkişaf potensialı barədə söhbət edəcəyik.
İslami marketinq, marketinqin hər bir qolu kimi, birbaşa bizneslə bağlıdır. Biznesi islam qaydaları ilə idarə edən müsəlmanlar islam prinsiplərini marketinqə də aid etməyə başladılar. Bu islami prinsipləri 3 ana qrupa bölə bilərik:
1. Reklam olunana qarşı qoyulan tələblər
İslamda bəzi əmtəələrin hər cür istehsalı, istehlakı və reklamı qadağındır: spirtli içkilər, tütün məmulatları, bank və sığorta xidmətləri və s.
2. Reklam olunma yoluna qarşı qoyulan tələblər
Reklam kommunikasiyalarında islamda qadağan olunan şəkillərdən və obrazlardan istifadə olunmaması.
3. Marketinq məqsədlərinə qarşı qoyulan tələblər
İslami biznesin əsas məqsədi bütün maraqlı tərəflərin (alıcı və satıcının) bu əqd nəticəsində mənfəətlə çıxmasıdır. Qarşı tərəfin ziyanda olması, qarşı tərəfi aldatmaq deməkdir. Marketinq mesajları da az da olsa yalandan uzaq olmalı, verilən vədlər yerinə yetirilməlidir.
Bu prinsipləri bildikdən sonra islami marketinqi termin olaraq aşağıdakı şəkildə ifadə edə bilərik:
“İslami marketinq – maraqlı tərəflərin ayrılıqda və bütövlüklə cəmiyyətin rifahının artırılmasına yönəlniş marketinq fəaliyyətlərinin Quran və Sünnədə əks olunduğu şəkildə hazırlanması və tədbiq olunmasıdır”
Dünyadakı müsəlmanların sayının 2050-ci ilə qədər indki 1,6 mld-dan 2,8 mld-a artacağı güman olunur. Müsəlmanların əksəriyyəti şərq ölkələrində yaşasa da, bir çox qərb ölkələrində müsəlman icması böyüməkdədir. Müsəlmanların 2/3-nin 30 yaşından aşağı yaşda olması Generation M adlandırılan yeni istehlakçı seqmentin yaranmasına gətirib çıxardıb. Generation M nümayəndələri islamı arxaik qanunlar toplusu olaraq deyil, müasir cəmiyyətin tələblərinə tam cavab verən din və hətta aktual sosial problemlərin həlli simasında görür. Yüzdə yüz bütün tələblərini (namaz qılmaq kimi) yerinə yetirməsələr belə, islamın əsas əxlaq dəyərlərini bilir və gündəlik həyatlarında tədbiq edirlər. Bu kreativ gənclər kifayət qədər müasir, cəmiyyətdə və sosial şəbəkələrdə aktivdirlər, müsəlman olduqları ilə fəxr edir və cəmiyyətə öz dəyərlərini təbliğ etməyə çalışırlar. Onlar istehlak etdikləri brendlərə qarşı həssasdırlar, halallığa fikir verir və brendlərdən də bunu gözləyirlər. Onlar üçün islam həyatlarının hər bir sahəsinə təsir edən əsas amildir. Bu səbəbdən də brendlər, həmin müştəriləri qazanmaq üçün islami marketinqi gecikdirmədən tədbiq etməyə başlamalıdır.
İslami marketinq praktikada necə tədbiq olunur?
İslami marketinq praktikada yeni-yeni tədbiq olunmağa başladığı üçün müəyyən ümumiləşdirmələr aparmaq çətindir. Yuxarıda qeyd etdiyimiz kimi, islami prinsiplər reklamın hazırlanma və müştəriyə çatdırılma yolunda özünü daha çox biruzə verir. Bundan başqa, İslami dəyərlərin təbliğində də islami marketinqi müşahidə etmək mümkündür. Gəlin elə bu 2 qrup şəklində real islami marketinq işləri ilə tanış olaq:
1. İslami prinsiplərin reklamın hazırlanmasına və çatdırılmasına təsiri
İslam ölkələrində qadın gözəllik müsabiqələri qadağandır. Qadın gözəllik brendləri bu halda nə etməlidir? İcazə verilənin daxilində hərəkət etməlidir. Olay brendinin Saudi Ərəbistanda keçirdiyi “Ərəbistanın ən gözəl gözləri” müsabiqəsi kimi.
Ramazan ayında, gündüz vaxtı oruc tutan insanları gıcıklandırmadan yeməyi necə reklam etmək olar? McDonald’s çarəni örtülü burger göstərməkdə tapdı.
İslam ölkələrində adqoymaya da diqqət edirlər. Məsələn, Givenchy brendinin qərbdə “Mələk və ya Şeytan” adlı ətri İslam ölkələri üçün “Mələk və ya Tanımadığın qadın” olaraq buraxılıb. Geyimi də uyğunlaşdırmağı unutmayıblar.
2. İslami dəyərlərin təbliğində islami marketinqin rolu
Halallıq əsas islami dəyərlərdən biridir. İslam ölkələrində bir qayda olaraq əksər qidalar halal olsa da, Avropada və şəriət qanunlarının dövlət səviyyəsində tədbiq olunmadığı ölkələrdə halal qidaları fərqləndirməyə ehtiyac var. Aşağıdakı posterdə Fransada bir ət brendinin özünü halal qida brendi olaraq mövqeləndirdiyinə və bununla qürür duyduğuna şahid ola bilərik.
Digər vacib islami dəyərlərdən biri də Ramazan orucudur. Ramazan ayında müsəlmanlar sadəcə gün çıxandan gün batana qədər ac qalmır, imkansızlara yardım etməyi də unutmur. Azərbaycanda ilk dəfə PeopleBrand reklam agentliyinin hazırladığı, Ramazan dəyərləriniolduqca gözəl üslubda təbliğ edən Westgold kərə yağının videosunu diqqətinizə təqdim edirik.
Müsəlman alıcılarına öz malını satmaq üçün bir sıra brendlər islamda xüsusi dəyəri olan əşyalardan istifadə edirlər. Mələsən, Məhəmməd Peyğəmbərin (a.s.) dişləri təmizləmək üçün istifadə etdiyi və bütün müsəlmanlara da tapşırdığı misvak mövzusu Colgate tərəfindən yeni məhsulun hazırlanmasında istifadə olunmuşdu.
İslami marketinqin inkişaf potensialı olduqça böyükdür. Daha əvvəl də qeyd etdiyimiz kimi, bu müsəlmanların say olaraq artımına bağlı olsa da, yeganə səbəb deyil. Müsəlmanlar yaşadığı qeyri-müsəlman ölkələrində daha çox təşkilatlandıqca, ictimai həyata daha çox təsir göstərməyə, reklam və marketinq kommunikasiyalarını şərtləndirməyə nail olacaqlar. Reklam agentlikləri artıq bunu dərk etməyə başlayır. Tanınmış reklam agentliklərindən olan Ogilvy islami marketinq xidmətlərini daha asan göstərmək üçün Ogilvy Noor adlı agentlik təsis edib. Bu cür tendensiyaya əminliklə deməyə əsas verir ki, islami prinsiplərin marketinqə daxil olması marketinqə yalnız xeyir qazandıracaqdır.