Marketinq menecer şirkətdə marketinq işinə cavabdeh şəxsdir. Şirkətin təşkilati strukturundan asılı olaraq marketinq menecerin səlahiyyətləri və məsuliyyəti dəyişə bilər. Kəskin rəqabətli bazarda marketinq menecer şirkətin aparıcı mütəxəssisi və idarəçisi, zəif rəqabət şəraitində isə şirkətdə heç marketinq meneceri olmaya da bilər. Şirkətin marketinq ənənələri də marketinq menecerin roluna ciddi təsir göstərir. Beləki, marketinqi zəif olan şirkətin, brendin marketinq meneceri də zəif olur, işinə, məsləhətinə, ekspert rəyinə ehtiyac görülmür. Brend gücü olan şirkətlərdə isə marketinq menecer ilə yanaşı brend menecer də olur. Brend menecer marketinq menecer kimidir, sadəcə daha çox öz brendinə fokus olur, brend dəyərini qorumaq və inkişaf etdirməkdən məsuldur. Marketinq menecerin əsas vəzifəsi isə şirkətdə marketinq işinin düzgün təşkili, marketinq proseslərinin effektiv idarə olunması və şirkətin mənfəət səviyyəsinin yüksəldilməsidir.

pis menecer komanda

Marketinq işi və marketinq prosesləri kifayət qədər geniş və əhatəlidir. Kiçik şirkətlərdə bütün marketinq işini bir marketinq menecer icra edə bilərsə, böyük şirkətlərdə bu işi marketinq şöbələri aparır. Hətta bəzi işləri, daha yüksək effektivlik əldə olunması üçün, müvafiq reklam agentliklərinə tapşırırlar. Məsələn, kreativ ideyanın hazırlanmasını kreativ agentliyinə, bazar araşdırma işini araşdırma agentliyinə sifariş vermək kimi.

Olduğu biznesdən asılı olaraq dəyişsə də, marketinq menecerin əsas vəzifələri 5 qrupda toplana bilər:

1. Araşdırma və məlumat toplama

Marketinq menecer şirkət üçün dəyərli məlumat mənbəyidir. Bazarda baş verən dəyişikliklər, yeni trendlər və tendensiyalar; bazar iştirakçıların kimliyi, yenilikləri və potensial təhükələri; müştərinin kimliyi və davranış psixologiyası; elmi-texniki tərəqqi; məhsul ilə bağlı yeniliklər və imkanlar; marketinq sahəsində yeniliklər və fürsətlər; partnyorlar ilə inkişaf yolları kimi məlumatlar şirkətin cari və strateji fəaliyyəti üçün əvəzolunmazdır. Marketinq menecerin işi bu məlumatı gündəlik olaraq toplamaq və şirkətdə qərarvermə prosesində müzakirəyə çıxartmaqdır.

2. Marketinq strategiyasının hazırlanması və icra olunması

Marketinq strategiya və marketinq plan marketinq fəaliyyətinin təməl daşlarıdır. Marketinq menecerin ilk və ən vacib işi məhz bunların hazırlanmasıdır. Marketinq planı olmayan özünə marketinq menecer deyə bilməz. Niyə? Çünki marketinq inanılmaz dərəcədə planlama və düzgün icra işidir. Marketinq menecerin əsas vəzifəsi şirkətin və brendin inkişafının marketinq strategiyasını ortaya qoymaq və bu hədəflərə nail olmaq üçün marketinq plan hazırlamaqdır. Sizin SMART hədəfinizin yaxın 3 ildə Bakının IELTS bazarının 35% ələ keçirib ildə 500 tələbə hazırlamaqdırmı? Bunun üçün sizə bazarı ələ keçirmə strategiyası və bu addımların əks olunacağı marketinq plan lazımdır.

3. Brendin inkişafı

Şirkətin varı-dövləti sahib olduğu brenddir. Brend sağılan inəkdir, qızıl yumurta gətirən toyuqdur. Brendə “yaxşı baxmaq” lazımdır ki, onu uzun müddət ərzində hər gün sağa biləsən. Bunun üçün brendi müştərilərə daha çox sevdirmək, onsuz həyatı təssəvvür edə bilməyəcəyi bir mühit yaratmaq lazımdır. Müştərilər sizin brend ilə nəfəs almalı, qiyməti qaldırsanız belə, heç düşünmədən sizin brend məhsulu almağa can atmalıdır. Deyirsiz bu mümkün deyil? Əlinizdəki telefon iPhone-dursa, təbrik edirəm – siz həmin insanlardansız.

4. Müştərilər ilə münasibətin düzgün qurulması

Müştəri haqqında bu bloqda çox danışmışıq. Müştəri qazanmağın yolları, müştərinin istəkləri, hətta hər müştərinin haqqlı olmaması barədə yazılarımız olub. Fakt odur ki, müştəri sizin biznesinin var olma səbəbidir. Müştəri öz manatı ilə sizin varlığınıza səs verir. Müştəri ilə münasibətin düzgün qurulması onun loyal müştəriyə çevrilməsi üçün olduqça vacibdir. Müştərini qazanmaq asandır – amma unutmayın ki, rəqib brendlərin də sizin müştəridə gözü var. İnsan unutqan varlıqdır, bir dəfə gözü başqa məhsula aldansa, sizin brend unudulmağa doğru ilk addımını atacaq. Bu səbəbdən müştərini itirməmək üçün işinizi düzgün qurun.

5. Marketinq miksin effektiv idarə olunması

Marketinq miks barədə yazımızda qeyd etmişdik ki, marketinq miks marketinq strategiyasının davamı, onun həyata keçirilmə proqramıdır. Marketinq miksinin bütün tərkib elementləri (4 olsun, 7 olsun fərq etməz) inteqrə olunmuş şəkildə həyata keçirilməlidir. Yalnız bu halda biz marketinq işində yüksək effektivlik əldə etmiş olarıq.

Göründüyü kimi marketinq menecer “elə-belə” adam deyil. Hamıya lazım olan adamdır. Müştərinin könlüyünü almağa bacaran, şirkət işçilərini hədəflərə doğru həvəsləyən, brendin və məhsulların qayğısına qalan adamdan kim inciyər, dostluq çağrılışdan kim imtina edərki? Siz də etməyin, yoxunuzdursa, gedin özünüzə yaxşı bir marketinq menecer tapın.