6W marketinqin təməl sualları kimi

Özünüzü marketer və ya marketoloq hesab edirsizsə marketinqin təməl 6 sualına cavab verməyi bacarmalısınız. İngilis dilində bu sualların hamısı W hərfi ilə başladığına görə onları 6W sualı da adlandırırlar. Bu suallar hansıdır və marketinqdəki əhəmiyyəti nədən ibarətdir? Bu bloq yazısında cavabını alacaqsız.

6W sualları hansılardır?

6w sual

What? – Nə?

Marketinq olunan əmtəə və ya xidmət nədir? Hansı özəllikləri və rəqiblərindən üstün cəhətləri var? Bu mala tələbat nə qədərdir, necə dəyişir və nəyə əsaslanır? Malı davamlı satmaq üçün hansı yenilənməni və təkminləşdirməni etmək lazımdır? Oxşarını buraxmaq nə qədər asandır, patent hüququ ilə qorunurmu? Brend dəyəri varmı? Brend olaraq nə qədər güclüdür? Mal çeşidi nə qədər genişdir, müştəri ehtiyaclarını nə qədər təmin edə bilir? Mal ilə müştəri nə qədər razıdır, müştəri məmnuniyyəti nə səviyyədədir?

Who? – Kim?

Potensial müştəri auditoriyası kimlərdir? Neçə bariz müştəri seqmentini ayıra bilərik? Onların fərqli və oxşar cəhətləri nədir? İdeal müştəri portretimiz varmı? Demoqrafik və psixoqrafik xüsusiyyətləri hansılardır? Alıcı vərdişləri nədir? Alışa sövq edən amillər hansıdır? Malımızdan gözləntisi nədir?  Zamanla necə dəyişir və gələcəkdə kimlərin bizim müştərimiz olmasını istəyirik?

6w persona

Why? – Niyə?

Müştəri niyə məhz bizim malı almalıdır? Bizim malın unikal satış təklifi nədir? Niyə bizim malı yox, rəqibinkini alır? Alış səbəbləri nədir? Bu səbəblər bizim üçün nə qədər unikaldır? Niyə bəzi reklam mesajları işləyir, digərləri işləmir?

Which? – Hansı?

Məhsulda və ya təqdimatında hansı dəyişiklik olsa daha çox alacaqdır? Daha çox ala bilərmi və bunun üçün nə etmək lazımdır? Bizim malı almasına mane olan nədir? Hansı məşhur bizim malı reklam etsə daha çox sata biləcəyik?

When? – Nə zaman?

Bizim malı nə zaman alır, nə zaman almır? Malın reklamını nə vaxt görsə alar? Alış üçün reklamı neçə dəfə görsə kifayət edəcəkdir? Hansı vaxtlarda sosial şəbəkədən istifadə edir? Nə vaxt TV baxır, radioya qulaq asır, ailəsi ilə vaxt keçirdir?

Where? – Harda?

Malımız ilə toqquşduğu məqamlar nə zamandır? Bu məqamlarda müştəri nə işlə məşğuldur? Öz vaxtını harda və necə keçirir? Hansı anlarda emosional və rasional olaraq reklam məlumatlarına açıqdır? Həmin an necə reklam etsək müştərini alış qıfından aşağı düşürdə bilərik?

Haqlısız, belə baxanda 6 sualdan daha çox oldu. Amma alt suallara ayırmağımız bizə 6W sualını daha yaxşı anlamağa kömək etdi. Odur ki, marketer olaraq marketinqi ilə məşğul olduğunuz əmtəəni qarşınıza qoyub bir düşünün. Məhsulunuz və ya xidmətiniz ilə bağlı 6W suallarına cavablarızı bir kağıza yazın. Yazdığınız cavabların üzərindən bir də keçin. Düzgünlüyünə tam əmin olduqdan sonra marketinq strategiyanızı və marketinq planını bir daha nəzərdən keçirin. Nəyin uyğun, nəyin uyğun olmadığını müəyyən edin. Hər hansı biri yoxdursa, bu suallar əsasında çatışmayanı hazırlaya bilərsiz. Vaxtaşırı bu sualları gün işığına çıxardıb təkrar cavablandırmağı da unutmayın.

Paylaş: