6 papaq üsulu barədə eşitmisiz? Bu üsulu Edward De Bono-nun müəllifi olduğu “Six Thinking Hats” (1985) ktabından öyrəndim. 6 papaq üsulu vasitəsilə düşünmək tələb edən istənilən problemin daha effektiv həllini tapmaq mümkündür. Bu yazıda 6 papaq üsulunun marketinq problemlərinin həllində istifadə yolunu bir yerdə görəcəyik.
İnsan düşünən varlıqdır. Heyvanlar instinktlərə görə hərəkət edirlərsə, insanlar (əsasən) öz addımlarını düşünərək atır. Düşünmə prosesində isə beyin bir çox işi birdən görməyə çalışır. Məntiqi bağlar qurur. Bəzən elə olur ki, düşünməyin nəticəsində yeni ideyalar da yarana bilər. İnsanın düşünmə prosesini optimallaşdırmaq, problemə daha kreativ çözüm tapmaq üçün 6 papaq üsulu köməyimizə gəlir.
6 papaq üsulu düşünmək prosesini 6 mərhələyə bölür. Papaq sözü burda məcazi məna daşıyır və eyni anda 1 papaq geyinməyin mümkünlüyünü ifadə edir. Yəni papağı başımıza qoyub ancaq bu papağın nəzərdə tutduğu bir işə fokuslanırıq.Papaqların rəngbərəng olması isə mərhələləri fərqləndirmək üçündür. Bəhs bu 6 rəngli papaqlar hansılardır?
Ağ papaq
Bu papağı geyinib mövcud informasiyanı, faktları və məlumatları toplayaraq bir yerə yığırıq. Düşünmə prosesində tələb olunacaq bütün informasiya bu mərhələdə araşdırılır və sistemləşdirilir. Bu mərhələdə 3 suala cavab verilir:
1. Hansı məlumata sahibik?
2. Hansı məlumat çatışmır?
3. Tələb olunan informasiyanı necə əldə edirik?
Sarı papaq
Bu papaq optimizmi bildirir və gələcəyə baxır. Bu mərhələdə əvvəl toplanan informasiya gələcəkdəki mümkün istifadəsi baxımından dəyərləndirir. Əsas 2 suala cavab axtarılır:
1. Hər bir məlumatın faydası nədir?
2. Bu məlumatı faydalı edəcək səbəb hansıdır?
Qara papaq
Bu papaq hakim papağıdır. Bu mərhələdə əlimizdəki informasiya analiz olunur, mümkün təhlükələr ortaya çıxarılır. Papaqlar arasında ən vacib və faydalısıdır, amma ifrat istifadəsi heç də məsləhət deyil. Əsas suallar isə bunlardır:
1. Bu məlumat doğrudurmu?
2. Bu məlumat bizə nə qədər lazımdır?
3. Bu məlumatdan istifadə edə biləcəyikmi?
4. Bizi hansı təhlükə və problemlər gözləyə bilər?
Qırmızı papaq
Bu papaq hiss, emosiya, həyacan və intuisiyanı bildirir. Qırmızı papağı taxıb siz məsələyə aid bütün hiss və emosiyalarınızı ifadə edə bilərsiz: bəyəndiyiniz və bəyənmədiyinizi, qorxu və niftərinizi, ümid və sevginizi. Əsas odur ki, bu mərhələdə məntiq və qaydalar bizi məhdudlaşdırmasın və şərtləndirməsin.
Yaşıl papaq
Yaşıll papaq kreativ düşüncəni: yeni ideyaların yaradılması, alternativlərin, yeni həllərin və ixtiraların düşünülməsini ifadə edir. Bu mərhələdə görüşü iştirakçıları ağıllarına gələn hər bir fikri ortaya atır, məsələyə fərqli baxmağa çalışır, alternativləri araşdırır, ən dəli ideyalarını səsləndirir.
Mavi papaq
Mavi papaqla düşünmə prosesini idarə etmək mümkündür. 6 papaq üsulunun düzgün tədbiq olunması məhz bu papaqdan asılıdır. Mavi papaq aşağıdakı suallara cavab verir:
1. Düşüncə prosesinin harasındayıq?
2. Bundan sonra nə etməliyik?
3. İndiyə qədər əldə etdiklərimiz nəyə yarayır?
6 papaq üsulunun ən çox bəyənilən tərəfi isə komandanın bir məqamda ancaq bir məqsədə fokuslanmasıdır. Məsələn, çıxış edən adam qırmızı papaq taxıbsa, ona qulaq asanlar qara papaq taxıb çıxışa müdaxilə edə, qırmızı papaqlının emosiyalarını tənqid edə bilməzlər. Ya da yaşıl papaqlı yeni ideya verirsə ağ papaqlı əvvəl deyilməyən bir informasiyanı ortaya atıb ideyanı baltalamalıdır.
Gəlin bir marketinq problemi üzərindən 6 papaq üsulunun praktiki tədbiqini görək:
Deyək ki, şirkətin stok problemi var. Mal yığılıb qalıb anbarda, satış rəqəmləri plandan çox aşağıdır. Şirkətin müdiri məsul şəxsləri yığaraq bu problemi müzakirə edib, həlli yolunu araşdırmaq istəyir. Müzakirənin 6 papaq üsulu ilə keçirilməsinə qərar verilir. Görüş Mavi papaqla başlayır: marketinq müdiri problemi səsləndirir, müzakirənin məqsədini ortaya qoyur və görüşün keçiriləcəyi mərhələləri qeyd edir. Daha sonra maliyyə müdiri Ağ papağı geyinir və mövcud informasiyanı təqdim edir: cari stok nə qədərdir, son 6 ayın satış rəqəmləri nə gündədir və s. Ehtiyac olsa digər menecerlər də ağ papaq taxıb onlarda olan məlumatları ortaya qoyur. Bütün məlumat təqdim olunandan sonra şirkətin müdiri Qırmızı papağı taxıb öz rəyini emosional şəkildə izah edir, günahkar bildiyi şəxslərin adlarını çəkir, səhvlərini göstərir. Təqsirləndirilən şəxslər, cəsarət tapsalar Qırmızı papaqla müdirin cavabını verə bilərlər. Daha sonra söz alan Sarı papaqlı satış müdiri hamını sakitləşdirir, vaxtında tədbirlər atılsa, Novruz bayramına qədər hazırlıq görülərsə stoku əridə biləcəklərini bəyan edir. Fürsətdən istifadə edən marketinq müdiri Yaşıl papağı geyinib Novruz kampaniyası keçirib satışları stimullaşdırmağı təklif edir. Digər görüş iştirakçıları da öz ideya və təkliflərini səsləndirirlər. Ən sonda Qara papaqlı müdir səsləndirilən ideyaları qeyd edir, uyğun olanları dəyərləndirməyə çıxarır.Hər kəs öz fikrini bildirir, daha çox bəyənilən və effektiv hesab olunan ideyanın həyata keçirilməsi qərarı alınır.
Gördüyünüz kimi 6 papaq üsulunun üstün cəhətləri çoxdur:
– məhsuldar əməkdaşlıq yaradır;
– problemlərin həllini sistemləşdirir;
– paralel düşünmə sayəsində qruplara daha yaxşı ideyalar yaratmağa kömək edir;
– görüşləri daha yığcam və daha məhsuldar keçirməyə imkan verir;
– daha sərbəst və obyektiv düşünməyə şərait yaradır;
– məsələləri, problemləri hərtəfəli dəyərləndirmək asanlaşır və s.
Bu yazını oxuyub “Biz bu üsulu bilmədən də istifadə edirik” deyirsinizsə nə mutlu sizə. Yox, əgər oxuyub bəyəndinizsə elə ilk fürsətdə öz şirkətinizdə tədbiq etməyə başlayın. Bir də deyim ki, 6 papaq üsulu şəxsi problemlərin həllində də kömək edə bilər. Əsas odur ki, eyni anda 2 papaq taxmağa cəhd etməyin.