2018-ci il Facebook trendləri

Sosial media üzrə ixtisaslaşan 2 məşhur şirkət: Buffer və BuzzSumo 2018-ci ildə maraqlı bir araşdırma həyata keçirdilər. Bu araşdırma zamanı 20.000 ən populyar Facebook səhifəsinin il ərzində paylaşdığı 43 mln-dan çox post analiz olundu. Araşdırmadan çıxan nəticələr sizə də maraqlı olar deyə tərcümə edib paylaşmaq istədim.

Dərs №1: Top səhifələr ortalamadan daha çox paylaşır.

facebook mktg.az

Digital marketerlərin ən çox mübahisə etdiyi mövzü hansıdır? “Az paylaşım daha çox ünsiyyət (engagement) gətirir yoxsa daha çox paylaşım?” Bir çox səhifə gündəlik paylaşım sayını azaldandan sonra əhatə və ünsiyyətin artımını müşahidə edir. Bəzi səhifələrdə isə əksinə: paylaşım hesabı ünsiyyət az olsa da toplamda daha çox əhatəyə nail olur. Bu araşdırma göstərdi ki, cəmi 1 il ərzində gündəlik paylaşım sayı 72.000-dən 90.000-ə qədər artıb. Cari ilin 2-ci rübündə top səhifələr ortalama hesabla ayda 135 paylaşım edir ki, bu da günə 4 paylaşım deməkdir.

Dərs №2: Səhifənin ümumi ünsiyyət göstəriciləri azalır

Qrafikdən də gördüyünüz kimi, 18 ay ərzində ünsiyyət göstəriciləri 65% qədər düşüb. Ortalama bir paylaşıma dövrün əvvəlində 4.490 reaksiya gəlirdisə, dövrün sonunda bu göstərici 1.582 təşkil etdi. Səhifələr bəlkə də bunun fərqində deyil, amma daha çox kontent daha çox rəqabət deməkdir. İstifadəçinin xəbər lentində görsənmək üçün yarışda kəmiyyət yox, daha çox keyfiyyət önə çıxır.

Dərs №3: Bu düşüş bütün kontent növləri üzrədir

Araşdırmanın ən maraqlı məqamı hansı kontent növünün daha çox ünsiyyətə səbəb olmasıdır. 18 aylıq fərqlərə baxsaq şəkillərin ortalamada hələ də ən böyük ünsiyyətə səbəb olduğunu görərik. Amma, şəkillər ~3 dəfə azalsa da, video ~2 dəfə azalıb. 

Dərs №4: Gündə 5 dəfə paylaşım edənlər daha çox qazanır

Daha öncə qeyd etdiyim “Gündə nə qədər paylaşmaq daha effektivdir?” sualına cavab tapmaq üçün qrafikə nəzər yetirin. Göründüyü kimi, gündə 1 dəfə paylaşım edəndə ortalamda daha çox ünsiyyət qazanmaq olur. Amma, daha effektiv olmaq üçün gündə 5 paylaşıma qədər getməyin yeri var. Gündə 10 dəfədən çox paylaşım edəndə isə ünsiyyət göstəriciləri kəskin şəkildə aşağı düşür.

Bu qrafikdən də gördüyünüz kimi, ən çox düşüş gündə 10 dəfədən çox paylaşanlarda olub. 

Dərs №5: Bütün səhifə kateqoriyaları üzrə ünsiyyət aşağı düşüb

Bu qrafikdə 18 ay ərzində səhifə kateqoriyaları üzrə müşahidə olunan enmə faizlərini görə bilərsiz. Ən böyük ünsiyyət itkisini artist, film və xəbər səhifələri yaşayıb. Pərakəndə, geyim və video oyun səhifələrində isə nisbətlər az olsa da yenə də 50% səviyyələrindədir.

Ünsiyyət göstəricilərində bu cür enmənin səbəbləri nədir?

İlk baxışda biznes səhifələri üçün mənzərə çox acınacaqlı olsa da, necə deyərlər ümid sonda ölür. Bu cür araşdırmalardan nəticə çıxarıb digital marketinq strategiyalarına yön verənlər hər bir halda uğur qazanmağa şans qazanacaq.

Səbəb №1: Artan rəqabət

Hazırda Facebook-da 80 mln çox biznes səhifəsi var. Tədqiqatçılar təxmin edir ki, dünya üzrə kiçik biznesin təxminən 40%-nin Facebookda səhifəsi mövcüddur. Bütün bu səhifələrin paylaşdığı kontent artır, istifadəçi sayı və istifadəçilərin bu kontenti görə bildiyi yerlər isə artmayanda rəqabət güclənir. 

Səbəb №2: Kontentin keyfiyyətinə tələbkarlıq artır

İstifadəçi diqqətini cəlb etmək uğrunda rəqabət kontentin keyfiyyətinə də öz təsirini göstərib. Facebook istifadəçiləri hazırda daha keyfiyyətli kontentə öyrənib – artıq adi şəkilləri və bəsit videoları bəyənmirlər. Bu da öz növbəsində adi paylaşımlara daha az reaksiyanın gəlməyinə səbəb olur.

Səbəb №3: Facebook alqoritmi durmadan dəyişir

Biznes səhifələri orqanik əhatəni artıq “yuxuda görür” – bu göstərici hazırda 1-2% səviyyələrindədir. Biznes səhifələr iştirakçı diqqəti üçün sadəcə bir-biri ilə deyil, dostların paylaşımları ilə də rəqabət etməli olur. Bu səbəbdən yuxarı şəkildə gördüyünüz amilləri səhifələr də nəzərə almalıdır.

Nə qədər desək də Facebook pulsuz sosial şəbəkədir və qazancı məhz reklamdan çıxır. Biznesin davamlı olması üçün də Facebook ideal tarazlığı saxlamağı bacarmalıdır: insanları bezdirmədən reklam göstərib pul qazanmaq. 

Bəs bütün bunları nəzərə alıb Facebook marketinq strategiyamızı necə təkminləşdirə bilərik?

Tövsiyə №1: Hər bir post üçün ROİ (yatırım gəlirliliyini) hesablayın

Hər bir paylaşımınızı gəlirə, müştəri qazanmaq vasitəsinə çevirin. Araşdırma nəticələrində gördük ki, paylaşımın keyfiyyəti paylaşım sayından daha vacibdir (gəlirə çevrilmək baxımından). Facebook alqoritmini nəzərə alın, izləyicilərinizin öz dostları ilə paylaşacağı, şərh yazıb bəyənəcəyi kontent hazırlayın. İzləyiciləriniz ilə ünsiyyət qurun, onları reaksiya verməyə təşviq edin və rəy bildirdiklərinə görə təşəkkür edin. İnsanlar Facebook və digər sosial şəbəkələrdə əyləncəli vaxt keçirmək, faydalı və maraqlı kontenti görmək üçün vaxt keçirirlər. Onlara istədiklərini verin.

Tövsiyə №2: İnsanlara paylaşacaqları kontent verin

İzləyicilərin ən çox maraq göstərdiyi kontentin məzmunu

Uğurlu kontent izləyicilərinizin dostları ilə paylaşdığı kontentdir. İzləyicilərinizin, potensial müştərilərinizin maraq göstərdiyi kontenti araşdırın və həmin sahə üzrə onların gözündə mütəxəssis olun. Qoy onlar bu arzusunda olduğu kontent üçün məhz sizə gəlsinlər, sizin paylaşımınızı faydalı və dəyərli bilib öz dostları ilə paylaşınlar. Yadda saxlayın ki, bəyənmək də, şərh yazmaq da postu paylaşmaq kimidir, çünki Facebook alqoritmi dostunuzun şərh yazmağını sizə maraqlı olar deyə qarşınıza çıxaracaqdır.

Tövsiyə №3: Kontentinizi mobilə uyğunlaşdırın

Sirr deyil ki, istifadəçilərin böyük əksəriyyəti (~95%) Facebooka mobildən daxil olur. Hazırladığınız kontent də bu reallığı nəzərə almalıdır. Misal üçün getdikçə populyarlıq qazanan vertikal videolar. Bəli, insanlar artıq telefonu çevirməyə də tənbəllik çəkir (bu bir zarafatdır əlbəttə ki). Vertikal video hazırda bir yenilikdir və sorğular göstərir ki, 79% izləyici vertikal videoları daha əyləncəli sayır, 65% isə bu cür kontent paylaşan şirkətləri daha innovativ hesab edir. 

mktg.az facebook

Mobil istifadənin gətirdiyi ən vacib məhdudiyyətlər biri də istifadəçilərin kontentə sərf etmək istədiyi vaxtdır. Uzun-uzadı video paylaşmağı, sonu görünməyən mətnlər  yazmağı unudun. İnsanlar oxumağı sevmir. Nöqtə. Danışmayın, göstərin.

facebook mktg.az

Yazını bəyəndinizsə dostlarınızla paylaşmağı da unutmayın.

Paylaş: