Marketinq prosesi müştərilər ilə ünsiyyət qurmaqda, onların davranış və rəftarının dəyişdirilməsində əsas rol oynayır. İnteqrə olunmuş marketinq kommunikasiyaları kampaniyasının uğuru marketinq prosesindən asılıdır və bu səbəbdən də marketinq prosesini hər tərəfli öyrənmək lazımdır.
Marketinq prosesi – mərhələ 1: Dəyərin araşdırılması
Marketinq prosesinin birinci mərhələsi bazarın analizindən və dərin anlaşılmasından başlayır. Bu mərhələdə potensial müştərilər, rəqiblər, tərəfdaşlar analiz olunur. Hədəf auditoriya, əmtəənin mövqeləndirilməsi, ölkədəki sosial-iqtisadi vəziyyətin mümkün təsirləri müəyyən olunur. Bu amillər bütün marketinq prosesinə təsir edir deyə, onları mümkün qədər dəqiq öyrənmək lazımdır.
Marketinq prosesi – mərhələ 2: Dəyərin yaradılması
Bazarın təfsilatlı analizini apardıqdan sonra müştərilərimizə ötürəcəyimiz brend dəyəri ortaya qoyulur. Bu dəyərin hədəf auditoriyaya nə qədər münasib olması, onlar tərəfindən qavranılma asanlığı və istənilən hərəkərə sövq etmə dərəcəsi marketinq kampaniyasının uğurunun əsasını təşkil edəcəkdir.
Əlbətdə ki, bu dəyəri hamıya eyni dərəcədə bəyəndirmək mümkün deyil. İnsanlar marketinq dəyərini, kreativ ideyanı bəyənə, ona biganə qala ya da nifrət belə edə bilər. Bu səbəbdən də marketinq prosesində hədəf auditoriyanı düzgün seqmentləşdirmək tələb olunur. Üstəlik, əksər hallarda marketinq resurslarımız məhduddur və marketinq fəaliyyətinin effektivliyini artırmaq üçün bu resursları ən çox əks-təsir alacağımız insanlara yönləndirmək lazımdır. Seqmentləşdirmə nəticəsində biz, əmtəəmizin mövqeləndirilməsini asanlıqla qura bilərik.
Mövqeləndirmə marketinq dəyərinin düzgün müştəriyə çatdırılması və onlar tərəfindən asanlıqla qavranılması prosesidir. Məsələn bu çarxda Rolex saatlarının müştərisinin seqmentləşdirilməsini və brendin mövqeləndirilməsi açıq şəkildə görmək mümkündür:
Müştərinin seqmentləşdirilməsi və brendin mövqeləndirilməsi olmasa sizin əmtəəniz digərlərindən fərqlənməyəcək, müştəri üçün sizin əmtəəni seçməyə heç bir səbəb olmayacaq.
Marketinq prosesi – mərhələ 3: Dəyərin ötürülməsi
Marketinq prosesinin beşinci mərhələsi marketinq fəaliyyətləri planın hazırlanması və icra edilməsidir. Marketinq plan yaratdığımız dəyərin müştəriyə ötürülməsi üçün lazımdır və birinci mərhələdə apardığımız marketinq analizinə arxalanaraq hazırlanır. Marketinq planı 4P-nin hər bir elementini ehtiva edir, onların qarşılıqlı əlaqələrini tənzimləyir.
Marketinq plan yaratdığımız dəyəri düzgün müştəriyə, düzgün qiymətləndirilmiş əmtəə şəklində, düzgün kommunikasiya edilərək ən effektiv kanallar vasitəsi ilə çatdırılması prosesidir.
Marketinq prosesinin hər 3 mərhələsində: dəyərin araşdırılması, dəyərin yaradılması və dəyərin ötürülməsində marketer əsas məqsədləri unutmamalıdır: müştəri ilə güclü bağ yaratmaq və satışları maksimallaşdırmaq. Çünki, marketerin ən yaxşı dostu loyal müştəri, işinin ən parlaq göstəricisi isə inanılmaz satış rəqəmləridir.